Küveyt Təhsil Nazirliyi ölkədə həyata keçirilən təhsil islahatlarının 60 faizinin artıq başa çatdığını açıqlayıb. İslahatlar əsasən tədris proqramlarının müasirləşdirilməsi, müəllimlərin peşəkar hazırlığının artırılması və təhsildə rəqəmsallaşma prosesinin sürətləndirilməsi istiqamətində aparılır.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan bu layihə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun şəkildə planlaşdırılıb. Rəqabətə davamlı insan kapitalının formalaşdırılması və ictimai iqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlər arasında göstərilir.
Rəsmi açıqlamada bildirilib ki, müəllimlərin müasir təlim metodikalarına yiyələnməsi üçün xüsusi təlim proqramları keçirilir. Həmçinin məktəblərdə texnoloji infrastruktur gücləndirilir, dərs vəsaitləri yenilənir və rəqəmsal alətlər tədrisin ayrılmaz hissəsinə çevrilir.
Mütəxəssislər bu islahatların ölkədə təhsilin keyfiyyətinə və gənc nəslin qlobal əmək bazarına inteqrasiyasına ciddi təsir göstərəcəyini hesab edir. Layihənin növbəti mərhələsində kurikulumun qiymətləndirilməsi və təlim nəticələrinin monitorinqi mexanizmlərinin yaradılması nəzərdə tutulur.