Əfqanıstanın Kabil və ətraf ərazilərində məktəblərin infrastruktur baxımından geridə qalması, müəllim çatışmazlığı və uzunmüddətli silahlı konfliktlər ölkədə təhsil sistemini çətin vəziyyətə salıb. Nəticədə mədrəsələr bir çox bölgədə təhsilin əsas alternativinə çevrilib.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, son beş ildə bəzi mədrəsələrdə şagird sayı 35-dən 160-a qədər artıb. Ənənəvi Quran dərslərinə əlavə olaraq, bəzilərində riyaziyyat və ingilis dili kimi fənlər də tədris olunur. Lakin bu məktəblərdə tədrisin keyfiyyəti beynəlxalq standartlarla müqayisədə aşağı səviyyədə qalır.
Ən ciddi problemlərdən biri isə qızların təhsil hüququdur. Taliblərin hakimiyyəti dövründə qadın və qızların təhsilə çıxışı demək olar ki, tamamilə məhdudlaşdırılıb.
UNICEF və digər beynəlxalq qurumlar bu vəziyyəti “təhsildə humanitar böhran” kimi qiymətləndirir və təcili alternativ həll yollarının tapılmasına çağırış edir.