AzEdu.az Təhsil Portalı yeni silsilə araşdırmasına start verib.
Belə ki, layihə çərçivəsində ölkənin təhsil gündəmində aktiv şəkildə çıxış edən təhsil ekspertlərinin orta, ali və ümumilikdə təhsil sahəsindəki fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumat təqdim olunacaq.
Araşdırmamızın əsas məqsədi “təhsil eksperti” adını qazanan şəxslərin bu mərhələyə gələnədək keçdikləri yol, əldə etdikləri uğurlar və göstərdikləri zəhməti geniş auditoriyaya çatdırmaqdır.
Araşdırmamıza ilk olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov ilə başladıq.
Ekspert öz fəaliyyətini oxucularımıza belə təqdim edib:
"Təhsil sahəsində fəaliyyətimi yalnız peşəkar öhdəlik kimi deyil, eyni zamanda ictimai və milli məsuliyyət olaraq qəbul etmişəm. Bu yol bir gündə, bir imtahanda və ya bir məqalə ilə başlanmır. Təhsil eksperti kimi tanınmaq, əslində, illərlə davam edən oxuma, təhlil etmə, müşahidə aparma, təcrübə qazanma və ən əsası, bu sahəyə içdən bağlılıq tələb edir. Hər bir fikrin, tənqid və təklifin arxasında təkcə şəxsi baxış deyil, həm də elmi əsas, təhlil bacarığı və nəticə çıxarma qabiliyyəti dayanmalıdır.
Orta və ali təhsil sahəsində fəaliyyətim akademik, praktiki və analitik komponentlərin kəsişməsində formalaşıb. ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru olaraq, təhsilin müxtəlif pillələrində struktur problemlərin diaqnozu, siyasətlərin effektivliyinin qiymətləndirilməsi və ictimaiyyətə əsaslandırılmış maarifləndirmə təqdim etmək mənim üçün prioritet sahələrdəndir. Eyni zamanda pedaqoji fəaliyyətim- müəllimlik təcrübəm, ali məktəblərdə təlim və tədris prosesində iştirakı, real sinif və müəllim-məzun davranışlarını analiz etmək üçün zəngin imkan yaradıb.
“Education Policy and Practice” (Ball, 1998), “The Globalization and Education Policy” (Spring, 2009), “Finnish Lessons” (Sahlberg, 2011) kimi əsərlər mənim təhlil yanaşmama mühüm təsir göstərib. Təhsil siyasətinin yalnız normativ sənədlərlə deyil, sosial davranışlarla, mədəni kodlarla və ictimai gözləntilərlə vəhdətdə nəzərdən keçirilməsi, mənim də ekspert mövqeyimdə əsas prinsip olub. Dünya təcrübəsində təhsil ekspertləri yalnız akademik biliklərə sahib olan şəxslər deyil, eyni zamanda sahənin sosial nəbzini tutan, prosesin iştirakçısı kimi mübarizə aparan və eyni zamanda siyasət formalaşdırıcılarla da təmasda olan şəxslərdir. Məsələn, OECD və UNESCO-nun tövsiyələrində ekspertlik fəaliyyətinin yalnız bilik deyil, həm də “tətbiq və transformasiya bacarığı” olduğu vurğulanır.
Təhsil eksperti anlayışı mənim üçün sadəcə media üzərindən fikir bildirmək deyil. Bu, bir məsuliyyətdir. Ekspert, sadəcə problemləri göstərməməli, eyni zamanda alternativlər təqdim etməlidir. O, statistikaları anlamağı, onları düzgün şərh etməyi və ictimaiyyətə sadə, anlaşılan dildə təqdim etməyi bacarmalıdır. Məsələn, Azərbaycanda məktəbəqədər təhsilin əhatəliliyi 38.2% olduğu halda, Estoniyada bu göstərici 95% təşkil edir. Bu fərq sadəcə rəqəm deyil, o, gələcəkdə şagirdin məktəbə hazırlığına, sinifə uyğunlaşmasına və uzunmüddətli akademik nəticələrinə təsir edir. Ekspertin vəzifəsi bu statistik fərqin izahını vermək, səbəb-nəticə əlaqələrini göstərmək və dəyişiklik üçün yollar təklif etməkdir.
Bununla yanaşı, “təhsil eksperti” olmaq üçün davamlı öyrənmək, beynəlxalq konfranslarda iştirak etmək, elmi məqalələr yazmaq, yerli və beynəlxalq təhsil tendensiyalarını izləmək zəruridir. Mənim üçün ekspertlik həm də dialoq mədəniyyətidir müəllimlərlə, valideynlərlə, tələbələrlə və siyasətçilərlə eyni masada oturub danışmaq və ortaq nəticə əldə etmək.
Fəaliyyətim ərzində təhsil islahatları ilə bağlı onlarla analitik təhlil, təklif paketi, media çıxışı və ictimai dinləmədə iştirak etmişəm. Sertifikatlaşdırma, kurikulum islahatı, universitetlərdə təhsilin keyfiyyəti, PISA nəticələri, ATİS sistemində problemlər və digər sahələr üzrə hazırladığım təhlillər bu gün həm siyasətçilər, həm də ictimaiyyət üçün istinad mənbəyidir. Bütün bunların təməlində isə bir prinsip dayanır: təhsil, yalnız gələcək üçün deyil, bu günün dəyəridir. Və bu dəyərin qorunması yalnız müəllimlərin, valideynlərin yox, cəmiyyətin bütün üzvlərinin, xüsusilə də təhsil ekspertlərinin borcudur.
Aşağıda gördüyünüz kimi, bu yol asan olmayıb, amma hər addımda məqsədim ölkə təhsilinə və elminə töhfə vermək olub:
Təhsilim:
– Bakalavr: Bakı Dövlət Universiteti – Tarix ixtisası;
– Magistratura:
* Azərbaycan Dövlət Pedaqoji Universiteti – Türk Dünyası Tarixi;
* ADA Universiteti – Təhsilin İdarəolunması;
– Doktorantura:
* Bakı Dövlət Universiteti – Vətən Tarixi;
* AMEA Tarix və Etnologiya İnstitutu – Vətən Tarixi;
Elmi fəaliyyətim:
– Dissertasiya mövzum: Azərbaycan-Ermənistan münasibətlərində Zəngəzur məsələsi (1918–1929-cu illər);
– 14 beynəlxalq elmi jurnalda, 8 yerli elmi jurnalda çap olunmuş məqalə;
– 4 beynəlxalq və respublika səviyyəli elmi konfransda iştirak;
– 2009-cu ildə “Konstitusiya” adlı kitabın müəllifi;
– 2017–2023-cü illərdə orta məktəblər üçün Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müəlliflərindən biri;
Əmək fəaliyyətim:
– 2004–2008: “Zirvə” kursu – Direktor müavini, tarix müəllimi;
– 2008: “Hədəf” kursu – Tarix müəllimi;
– 2009–2015: Səbail rayonu 51 saylı orta məktəb - Tarix müəllimi;
– 2011–2015: Bakı Dövlət Universiteti -Tarix müəllimi;
– 2014–2018: “İrəli” hazırlıq kursu - Direktor, tarix müəllimi;
– 2016–2024: Təhsil Araşdırmaları Mərkəzinin direktoru;
– 2019–2021: Qərbi Kaspi Universiteti - Tarix müəllimi;
– 2019–2023: “Kamal” kursu - Direktor, tarix müəllimi;
– 2024–hal-hazırda: ADPU - Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru.
Son olaraq ekspert fikirlərini bu sözlər ilə bitirib: AzEdu.az portalının bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Təhsil sahəsində çalışan insanların fəaliyyətini görünən etmək, onların zəhmətini cəmiyyətə tanıtmaq təkcə təşəkkür deyil, həm də nümunə formalaşdırmaq deməkdir. Təhsilin inkişafı üçün çalışan hər bir səs, hər bir fikir və hər bir əməli addım dəyərli və vacibdir. Əgər bu səs cəmiyyətə daha doğru, daha sistemli və elmi əsaslı şəkildə çatdırılarsa, təhsil sistemində real dəyişikliklər baş verə bilər. Mən bu prosesin bir parçası olmaqdan qürur duyuram.
Ölkənin təhsil sistemində keyfiyyətin yüksəldilməsi, tarix elminin inkişafı və ictimai maarifləndirmə istiqamətində çalışmaqdan şərəf duyuram. Dəstəyiniz hər zaman güc verir!