Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır. Bu kontekstdə AzEdu.az Təhsil Portalı regional təhsil idarələri üzrə neçə müəllimin fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar hazırlayır.
İlk olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nəzdində fəalliyət göstərən rayonlar haqqında məlumat verəcəyik. Qeyd edək ki, bu regional təhsil idarəsinin tərkibində Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonu fəaliyyət göstərir.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Balakən rayonu üzrə 1413, Qax rayonu üzrə 1180, Qəbələ rayonu üzrə 2028, Oğuz rayonu üzrə 832, Şəki rayonu üzrə 3131, Zaqatala rayonu üzrə isə 2112 təhsilverən çalışır.
Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?
Balakən rayonunda 100,000 nəfər əhali yaşayır və hər 70 nəfərə 1 müəllim düşür. Qaxda isə 57,400 nəfər əhali üçün bu göstərici hər 48 nəfərə 1 müəllimdir. Qəbələdə 109,591 nəfərlik əhali arasında hər 54 nəfərə 1, Oğuzda 40,845 nəfərlik əhali üçün hər 49 nəfərə 1, Zaqatalada isə 124,850 nəfər üçün hər 59 nəfərə 1 müəllim nəzərdə tutulub.Son olaraq Şəkidə 184,200 nəfər əhali arasında hər 58 nəfərə 1 müəllim düşür.