2025–2026-cı tədris ilindən etibarən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlət məktəblərində süni intellekt (AI) fənni rəsmi olaraq kurikuluma daxil ediləcək.
AzEdu.az xəbər verir ki, BƏƏ Təhsil Nazirliyi bu addımı ölkənin süni intellekt və rəqəmsal transformasiya sahəsində qlobal liderliyə doğru irəliləməsi istiqamətində atılmış mühüm strateji təşəbbüs kimi qiymətləndirib. Yeni kurikulumun əsas məqsədi şagirdləri süni intellekt anlayışları ilə tanış etmək, bu sahədə düşünmə və tətbiqetmə bacarıqlarını inkişaf etdirməkdir.
Yeni fənn uşaq bağçasından başlayaraq məktəbin bütün pillələrində tədris olunacaq. Müvafiq yaş qruplarına uyğunlaşdırılmış şəkildə təqdim ediləcək dərslərdə uşaqlar interaktiv oyunlar və hekayələrlə AI anlayışlarını öyrənəcəklər. Yuxarı sinif şagirdləri isə süni intellekt sistemlərini dizayn etməyi, etik prinsipləri, alqoritmləri və real tətbiqləri araşdıracaqlar.
Təhsil naziri Sarah Əl Amiri bildirib ki, bu təşəbbüs gənclərin texnoloji savadlılığını artırmaqla yanaşı, onları gələcək karyeralarına daha hazırlıqlı edəcək:
"Bütün məktəb səviyyələrində süni intellektin tətbiqi texnoloji etikanı dərk edən və innovativ düşüncəyə sahib yeni nəsil yetişdirmək məqsədi daşıyır".
Yeni kurikulum ayrıca dərs saatları tələb etmədən mövcud məktəb cədvəlinə inteqrasiya olunacaq və "Hesablama, Yaradıcı Dizayn və İnnovasiya" fənni çərçivəsində tədris ediləcək. Təhsil Nazirliyi həmçinin müəllimlər üçün dərs planları, fəaliyyət modelləri və metodiki göstərişlər hazırlayacaq.
Qeyd edək ki, BƏƏ bu təşəbbüslə süni intellekti məktəb kurikulumuna rəsmi şəkildə daxil edən ilk ölkələrdən biridir.