Xəbər verdiyimiz kimi, Azərbaycanlı alpinist və müəllim Vəfacan Musayeva dünyanın ən hündür zirvəsi olan Everesti (8848 m), ardınca planetin 4-cü yüksək zirvəsi sayılan Lhotzeni fəth edib.
AzEdu.az xəbər verir ki, alpinist Vəfa Musayeva “İctimai Radio”ya müsahibəsində söyləyib ki, hər bir təhsilverən özünün olduğu işlə yanaşı, başqa işlə də məşğul olmalıdır:
"Təhsil işçisi olaraq mən fikirləşirəm ki, hər hansı bir fənni tədris edərkən ancaq o çərçivədə qalırıq. Düşünürük ki, yalnız bunu etməklə biz tələbələrimizə, şagirdlərimizə kifayət edəcəyik. Hər bir təhsilverən özünün olduğu işlə yanaşı, başqa işlə də məşğul olmalıdır. Mənim bu səfərim bir universitet, akademiyadır. Bunu hansı kitabdan öyrənmək olar?
Heç kəsin yaşamadığı təcrübəni yaşayan insan özündən nümunə verir. Bu sizə elə bir toxunuş edə bilər ki, həyatınızın çağırışını tapa, missiyasını yerinə yetirə, yeni kəşflər edə bilərsiniz. Orijinal ideyaların yaranması üçün insanın onları meydana çıxarmaq bacarığı olmalıdır. Bir universitet oxumaq, diplom əldə etməklə bitmir. Müəllim özü-özünü kəşf etməli, inkişaf etdirməlidir ki, onun auditoriyası da istədiyinə çata bilsin".
Zeynəb Rzayeva