Azedu.az

Stereotiplərə qarşı: Kişi sənətini seçən qızlar...

Xəbərlər

28 Aprel 2025, 14:27
Stereotiplərə qarşı: Kişi sənətini seçən qızlar...

Tarixən cəmiyyət qadınları daha "zərif", "emosional" və "ünsiyyətcil" olaraq qəbul etdiyindən, onlar üçün müəllimlik, filologiya, jurnalistika, psixologiya kimi sahələr daha uyğun sayılıb. Ailədə və ya ətraf mühitdə humanitar sahələrdə çalışan qadınların olması gənc qızların da bu sahələri seçməsinə təsir edib. Qızlar da daha çox özlərini yaxın bildikləri humanitar ixtisaslara yönəlib,  həkim, müəllim peşəsinə yiyələniblər. Ancaq son dövrlər qızlar texniki peşələrə, əsasən oğlanların seçdiyi sahələrə böyük maraq göstərirlər. Bu gün informasiya texnologiyaları, proqram mühəndisliyi, kibertəhlükəsizlik, kosmik texnologiyalar kimi ixtisaslara üstünlük verən qızların sayı az deyil. Cəmiyyətdə qadınların istənilən sahədə uğur qazana biləcəyi anlayışı yayılmağa başlayıb. Artıq qızlar özlərini daha sərbəst şəkildə texniki peşələrdə görə bilirlər.

 

Qızların texniki peşələrə üstünlük verməsi, cəmiyyətin inkişafı və gender bərabərliyinin təmin olunması baxımından çox vacibdir. Bu sahələr - mühəndislik, proqramlaşdırma, texnologiya, robototexnika və s.-əvvəllər daha çox kişilərlə əlaqələndirilsə də, son illərdə qızların bu sahələrə marağı artmaqdadır.  Bu istiqamət üzrə təklif olunan ixtisasların çoxluğu, daha gəlirli və asan iş tapmaq imkanı qızların da diqqətini cəlb edir.

 

Bu gün Azərbaycana yaxşı mühəndislər lazımdır. Müasir memarlıqla qədim mədəniyyəti öz yaradıcılığında birləşdirən, fərqli düşüncə sahibi memarlar isə azlıq təşkil edir. Bir sözlə, böyük tikinti bumu yaşayan Bakıda yaxşı inşaat mütəxəssisini əl-əl gəzirlər və bu gün ölkədə mühəndis peşəsini seçən qızların sayı ildən-ilə artır.

 

Mühəndislik ixtisasını seçən Lalə İbrahimovanın dediyinə görə, o, mühəndis olmaq qərarını hələ 9-cu sinifdə oxuyarkən verib: "Mənim mən olacağım, özümü kəşf edə biləcəyim peşə mühəndislik idi. Mühəndislik üzrə təhsil pilləsinə gəldiyim müddət ərzində ölkəmizdə yaşayan bir çox qadının eşitdiklərini mən də təcrübə etdim. Valideynlər, müəllimlər, qonşular, qohumlar, onlardan gələn yüksək təzyiq və qəribə baxışlar məni ilk baxışdan qorxutsa da, arzumu reallaşdırmaq yolunda əngəl ola bilmədi. Qərarımdan tam əmin olduğum vaxt artıq valideynlərimlə danışmaq qərarına gəldim. Gərgin söhbət olacağını anlamışdım və valideynlərimi bu ixtisası həqiqətən istədiyimə inandırmalı idim. Düzgün vaxt seçib onlara yeni qərarımı açıqladım. Atam susmuşdu, anam isə "Fikrindən əminsən? Sən qızsan, axı gələcəkdə problemlərlə üzləşə bilərsən" kimi reaksiyalar verirdi. Söhbətin sonu pozitiv olmadı və mənə fikirləşmək üçün əlavə vaxt verildi. Ancaq mən fikirimdən dönmədim və bu ixtisası seçdim. Mühəndislik sənəti qadınların da dünyadan təcrid olunmayaraq yenilikləri anında öyrənmək, bir çox sahədə təcrübəli olmaq, kreativlik bacarıqlarını gücləndirmək üçün seçilmiş ən effektiv fürsətdir. Bu sahədə qadınlar heç də qarşı cinsdən geri qalmadıqlarını açıq şəkildə sübut edə bilərlər".

 

Pirotexniki vasitələrin texnologiyası üzrə təhsil alan Çinarə Quliyeva deyir ki, silahlar üzrə mühəndis olacaq. Bu ixtisası özü seçib və yüksək balla qəbul olub: "Silahları açıb-yığır, ixtisasımı dərindən öyrənməyə, oğlan tələbə yoldaşlarından geri qalmamağa çalışıram: "Bu sahədə işləyəcəyəm. Bu sənəti sevirəm. Uşaqlıqdan hərbi sahəyə meylim olub və bununla bağlı inşa müsabiqələrinə qatılırdım. Məktəbi qurtaran vaxtlarda öyrəndim ki, belə bir fakültə var".

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə əsasən, son illər ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı xeyli artıb: "Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq hər il qəbul imtahanlarından sonra gender aspektləri ilə bağlı təhlillər aparılır. Aparılan təhlillər göstərir ki, son illərdə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı xeyli artıb. Bu isə o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. "Qızlar sırf onlara aid ixtisasları - müəllimliyi, həkimliyi seçməlidir" fikri artıq aradan qalxıb. Bu gün iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımız var. Onlar sübut edirlər ki, peşə seçimi insanın cinsindən deyil, bacarıq və biliklərindən asılıdır”.

 

Müasir dövrdə cəmiyyətin inkişafı və tərəqqisi üçün ən vacib amillərdən biri gender bərabərliyinin təmin olunmasıdır. Bu baxımdan, qızların əvvəllər yalnız oğlanlarla əlaqələndirilən texniki və elmi ixtisaslara maraq göstərməsi çox müsbət və sevindirici haldır. Bu tendensiya həm fərdi inkişaf, həm də ümumi cəmiyyətin rifahı üçün böyük əhəmiyyət daşıyır.

 

İlk növbədə, bu hal gender stereotiplərinin aradan qaldırılmasına kömək edir. Uzun illər boyunca texnologiya, mühəndislik, informasiya texnologiyaları və digər bu kimi sahələr daha çox kişilərlə bağlanırdı. Lakin bu yanaşma artıq dəyişir və qadınlar da bu sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu, onların bacarıqlarını sərbəst şəkildə nümayiş etdirməsinə və cəmiyyətə töhfə verməsinə imkan yaradır.

 

İkincisi, qızların bu sahələrə daxil olması yeni ideyaların və yanaşmaların meydana çıxmasına səbəb olur. Müxtəlif baxış bucaqları və düşüncə tərzləri innovasiya və yaradıcılığı gücləndirir. Qızların iştirakı ilə komandalar daha balanslı və məhsuldar olur. Bu, həm təhsil, həm də əmək bazarında daha keyfiyyətli nəticələrin əldə olunmasına səbəb olur. Bundan əlavə, texniki və elmi ixtisaslar daha yüksək maaş və sabit karyera imkanları təqdim edir. Qızların bu sahələrə yönəlməsi onların iqtisadi müstəqilliyini təmin edir və gələcəkdə daha güclü qadın liderlərin yetişməsinə zəmin yaradır. Bu da öz növbəsində cəmiyyətin ümumi inkişafına təsir göstərir.

 

Nəticə etibarilə, qızların oğlanların seçdiyi ixtisaslara maraq göstərməsi sadəcə fərdi seçim deyil, eyni zamanda cəmiyyətin tərəqqisini təmin edən bir inkişafdır. Bu hal daha ədalətli, bərabər və inklüziv bir gələcəyin qurulmasında vacib rol oynayır. Bu səbəbdən də bu tendensiyanı dəstəkləmək və qızlara hər sahədə bərabər imkanlar yaratmaq cəmiyyətin hər bir üzvünün vəzifəsidir.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, indi elə bir sahə, ixtisas yoxdur ki, qızlar ona maraq göstərməsinlər: "İllər öncə universitetimizdə qızların sayı cəmi 10 faiz idisə, indi 30 faizdir. Bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Bunu nəzərə alaraq deyə bilərəm ki, artıq bəzi ixtisaslarımızı  təkcə "kişi ixtisasları" hesab etmək olmaz. Elə ixtisaslarımız var ki, orada təkcə oğlanlar yox, qızlar da təhsil alırlar. Zəmanə çox dəyişib və elə bir sahə yoxdur ki, qızlar ona maraq göstərməsin. Sovet dövründə universitetimizdə qızların sayı cəmi 15 faiz idisə, indi 30 faiz, bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Ona görə deyə bilərəm ki, artıq ixtisaslarımızı "kişi ixtisasları" hesab etmək doğru deyil. Qızların oğlan ixtisası sayılan sahələrə meyl göstərməsi bizi çox sevindirir. Fikrimcə, kişi ixtisası, qadın ixtisası deyilən anlayış yoxdur. İstənilən sahə üzrə peşəkar kadr həm oğlanlardan, həm də qızlardan yetişir. Qızların sayının artması universitetin xeyrinə ab-havanı dəyişib. Hətta bir qrupda qızların olması belə, oradakı mühitə təsirsiz ötüşməyib. Müşahidələrimiz və uzun illərin təcrübəsi göstərir ki, qızların təmsil olunduğu qrupda oğlanlar özünə qarşı daha diqqətli olurlar. Belə qruplarda oğlanlar daha tərbiyəli, daha nəzakətlidirlər.Universitetdə dərs deyən hər müəllim bunu təsdiq edə bilər. Qızların sayının artması hər cəhətdən müsbət prosesdir. Bu, sadəcə ab-havanın dəyişməsinə deyil, həm də təhsilin keyfiyyətinə təsir edir. Təsirin iki tərəfini vurğulamaq istərdim. İlk növbədə qızlar oğlanlara nisbətən daha çox oxuyur, daha səliqəli, daha məsuliyyətlidirlər, təhsilə daha həvəslidirlər. Bu da ilk növbədə universitetdə verilən təhsilin keyfiyyətində özünü göstərir. İkinci bir tərəfdən, bayaq qeyd etdiyim kimi, qızlarla birgə təhsil alan oğlanlar özünü daha yaxşı təqdim etməyə, daha ağıllı göstərməyə çalışdığından dərslərinə qarşı daha məsuliyyətli olurlar. Nəticədə onların da təhsil göstəriciləri yaxşılaşır və bu, təhsilin keyfiyyətində də özünü büruzə verir".

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, qızların "oğlan ixtisasları" adlandırılan sahələrə – məsələn, mühəndislik, informasiya texnologiyaları, avtomatika, aerokosmik, memarlıq kimi sahələrə – üstünlük verməsi son illərdə daha geniş yayılmağa başlayıb. Bu dəyişiklik bir çox müsbət amillərlə əlaqədardır: “Əvvəllər yalnız oğlanlara uyğun hesab olunan ixtisaslara artıq qızlar da cəsarətlə yönəlirlər. Gender bərabərliyi uğrunda aparılan maarifləndirmə bu dəyişikliyə təsir edir. Texnologiya, mühəndislik və digər texniki sahələrdə uğur qazanan qadınların artması qızlara ilham verir və göstərir ki, bu sahələrdə də uğur mümkündür. Oğlan ixtisasları adlandırılan sahələr çox zaman yüksək maaş, sabit iş və inkişaf imkanları təqdim edir. Qızlar da bu perspektivləri nəzərə alaraq seçimlərini bu istiqamətdə edirlər.  Müasir texnologiya və rəqəmsal dünya qızların marağını artırır və onları elm, texnologiya, mühəndislik, riyaziyyat sahələrinə cəlb edir.

 

Təhsil eksperti Nadir İsrafilova görə, qızların polis, hərbiçi və s.ixtisaslarını seçməsi son illərdə daha çox müşahidə olunan və çox müsbət qiymətləndirilən bir haldır. Bu sahələr əvvəllər daha çox kişilərlə əlaqələndirilsə də, qızların bu sahələrə yönəlməsi, onların cəmiyyətin inkişafında və sosial dəyişikliklərdə fəal iştirakını təmin edir: “Polis olmaq, cəmiyyətin təhlükəsizliyini təmin etmək və ədaləti qorumaq üçün vacib bir peşədir. Qızların polis olma istəyi, həm şəxsi inkişaf, həm də cəmiyyətə xidmət etmək arzusundan irəli gəlir. Polislik kimi mütəmadi olaraq fiziki və mental cəhətdən çətinliklər yarada bilən bir sahədə qızların fəaliyyəti, gender bərabərliyinin təmin olunmasına böyük töhfə verir. Həmçinin, bu sahəyə daxil olan qadınlar digər qızları da ruhlandırır və onlara müxtəlif peşələrdə fəaliyyət göstərmək üçün motivasiya verir. Hərb sahəsi, tarixi olaraq kişilərlə əlaqələndirilmiş bir peşə olsa da, qızların bu sahədə uğur qazanması artan bir tendensiyadır. Qızların hərbiçi olmaq istəyi, cəsarət, vətənpərvərlik və liderlik hissi ilə əlaqəlidir. Bu sahədə çalışan qadınlar həm milli təhlükəsizlik, həm də beynəlxalq səviyyədə barış və sülhün qorunmasına əhəmiyyətli töhfələr verirlər. Qızların hərbi xidmətə qoşulması həm cəmiyyətdəki gender stereotiplərinin dəyişməsinə səbəb olur, həm də qadınların da çətin və yüksək məsuliyyətli sahələrdə fəaliyyət göstərə biləcəyini sübut edir. Sadalanan ixtisasları seçən qızlar, cəmiyyətin inkişafında və bərabər imkanların yaradılmasında böyük rol oynayırlar. Onlar sübut edirlər ki, hər hansı bir sahədə uğur qazanmaq üçün cinsiyyətin heç bir rolu yoxdur - əsas olan maraq, bacarıq və əzmdir. Bu tendensiyanın davam etməsi, cəmiyyətin daha ədalətli və inklüziv olmasına xidmət edir və gələcək nəsillər üçün yaxşı bir nümunədir”.

 

Millət vəkili Məlahət İbrahimqızı deyir ki, bu gün ölkədə qadınlara istənilən ixtisası, peşəni seçmək imkanı yaradılıb. Əgər bir  xanım texniki ixtisasları seçirsə və özünü bu ixtisaslarda görürsə, gələcəkdə bu ixtisas üzrə işləyə biləcəksə niyə də olmasın? "İxtisasların, peşələrin fərdlərə görə ayrılmasının əleyhinəyəm. Bu peşə kişi peşəsidi, bu ixtisas sırf oğlanlar üçündür, qızların bu ixtisası seçməsi düzgün olmaz fikri ilə qətiyən razı deyiləm. Əsas bacarıqdır. Əgər xanım bir ixtisas seçirsə və onun öhdəsindən gələcəyinə, işi bacaracağına əmindirsə davam etsin. Ancaq bəzi peşələr var ki, neft buruqlarında, mədən sənayesində və tikintidə yalnız kişilər çalışmalıdırlar. Bu gün hüquq, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə çalışan qadınların sayı kifayət qədərdir. Onlar çalışqanlığı, bacarığı, uğurları ilə heç də kişilərdən geri qalmırlar. İstənilən peşə üzrə çalışmaq və bu sahədə uğur qazanmaq üçün insanda savad, bilik, bacarıq, iradə, qətiyyət, prinsipiallıq lazımdır. Bu gün xanımlarda sadalanan bu keyfiyyətlər var və bu səbəbdən də onlar istənilən ixtisası, peşəni rahatlıqla seçə bilərlər. Azərbaycan qadını həmişə öz zəhmətsevərliyi, intellekti, bacarığı ilə seçilib. Hazırda qadınlarımız həm ictimai-siyasi həyatında zərif çiyinlərinə düşən ağır yükün öhdəsindən bacarıqla, layiqincə gəlirlər. Fikrimcə, biz istənilən sahə üzrə nə qədər təhsilli, intellektli qadın yetişdirsək, bir o qədər sağlam cəmiyyət qura bilərik".

Nərmin Qarazadə

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox