Xəbər verdiyimiz kimi, ilk dəfə Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunacaq. Bir çoxları bu xəbərə reaksiyalarında bildirdi ki, “artıq süni intellekt bütün sahələri, hətta insan beynini belə əvəz edəcək”.
Bəs görəsən, həqiqətən də dilçilik sahəsində süni intellekt insanı əvəz edə bilərmi?
Dilçi alim, Dövlət Dil Komissiyasının AMEA-nın Orfoqrafiya Komissiyasının üzvü Adil Babayev AzEdu.az-a açıqlamasında bildirib ki, insan beynini əvəz edən ikinci bir vasitə yoxdur:
“XXI əsr süni intellekt, kompüter əsridir. Amma məsələ lüğətlərin hazırlanmasında süni intellektdən istifadəyə gəlincə, bizdə hazırda orfoqrafiya lüğəti var. Yenidən süni intellekt vasitəsilə lüğət hazırlamaq bir qədər ucuz başa gəlsə də, o qədər böyük fərqlilik yaratmayacaq. İnsan beynini əvəz edən ikinci bir vasitə yoxdur.
Hazırda bütün türk dövlətləri üçün ortaq orfoqrafiya lüğəti hazırlamaq mümkün deyil. Çünki o lüğətdə bütün türk xalqlarının dili əsaslanmalıdır. Bir Qıpçaq alimi deyirdi ki, ümumtürk dili yaransa, onun 99%-ni Azərbaycan dili təşkil edər. Azərbaycan dili nəinki türk dilləri arasında birincidir, hətta o, rus dilindən də 100 dəfə öndədir. Bizim dilimiz iltisaqi dildir, onu şəkilçilərlə dəyişə bilirik, amma rus dilini şəkilçi ilə kökdən dəyişmək olmur. Biz “Mən gəlməliymişəm” dediyimiz halda, ruslar bu cümləni 5 sözlə - “Okazıvayetsya ya doljen bıl prixadite” kimi qururlar. Azərbaycan dili gözəl dildir, heç bir əlavə sözlər istifadə etmədən sadə cümlələr qurmaq mümkündür, amma dilimizə sahib çıxmalıyıq. Ümumtürk dilini yaratmaq üçün türk xalqları ilə praktika, qarşılıqlı iqtisadi, mədəni və mənəvi əlaqələr qurmaq lazımdır.
Televiziyadakı aparıcılar türk qardaşlarımızın dilinə uyğunlaşmağa çalışaraq, özlərini təqdim edərkən sadəcə ad və soyadı olduğu kimi deyirlər, xəbərlik şəkilçisini istifadə etmirlər. Ancaq Azərbaycan dilində mənsubiyyət şəkilçiləri var. Aparıcılar “filankəsov filankəs(əm)” və yaxud “gəlmişəm” yerinə “gəlmişəmdir” deyirlər. Nəzərə almalıyıq ki, türklərlə dil cəhətindən fərqlənirimiz var. Biz onların, onlar da bizim yaxşı cəhətlərimizi götürməlidirlər.
Məsələn, dəmiryolu sözündə dəmir də yol da, türk sözləridir. Amma türk qardaşlarımız “tren” deyirlər. Biz dəmiryolu sözü dura-dura “tren” sözünü özümüzünküləşdirə bilmərik. Amma bizim ərizə dediyimizə onlar “dilekçe” deyirlər. Baxsaq ki, bu söz ərizədən daha yaxşıdır. Bu baxımdan bir-birimizin ən yaxşı tərəflərini istifadə etməliyik.
Azərbaycan dilində istifadə etdiyimiz sözlərin bir çoxu da alınmadır. Məsələn, “Respublika ali təhsil nazirinin müavini təsdiqlədi ki, qəbul imtahanlarının nəticələrini Dövlət İmtahan Mərkəzi təsdiqləyir”. Bu cümlədə bir dənə də Azərbaycan sözü yoxdur, hamısı ərəb-fars sözləridir. Amma türklər 1930-cu ildə islahat keçirdilər, məktəb əvəzinə “okul”, şagird yerinə “öğrenci”, müəllim yerinə “öğretmen” sözünü götürdülər. Dil millətin tək nişanıdır. Biz ümumtürk dili yaratmaq istəyiriksə, “Turan” qurmalıyıq.
Məndə 10 türk dilinin qarşılıqlı lüğəti var. O lüğət 1000 səhifədən çoxdur. İndi təsəvvür edin, bütün türk dillərindən ibarət lüğət yaransa, neçə səhifə olar...Bir nəfər danışmaq üçün deyəcək ki, “Gözləyin, açım lüğətə baxım, görüm filan xalq çörəyə nə deyir?”. İndi kitab oxuyan demək olar ki, çox azdır, nəinki lüğət".
Dilçi alim müasir televiziyaların vəziyyətindən də danışıb:
Müasir televiziyamızda, radiomuzda bir dənə də mənalı xalq musiqisi çalınmır, səsləndirilən mahnıların hamısı oynamaq üçündür. İndiki musiqilərdə məna, ahəng yoxdur, ancaq ritm var. Ritm tez unudulur, amma ahəng xalqın genetik yaddaşına yazılır. Bu gün televiziyalarda alimlər, tədqiqatçılar yox, müğənnilər var".