AzEdu Təhsil Portalında Müəllimlərin Sertifikatlaşdırılması Prosesinin qaydaları, hazırkı durum və gələcəyə yönəlik addımlarla bağlı fikirlərimizi səsləndirmiş, bu istiqamətdə dünya təcrübəsində tətbiq olunan nümunələrə əsaslanaraq, müəyyən təkliflər irəli sürmüşdük.
Onlardan biri də sertifikasiya prosesinin 5 yox, 3 ildən bir keçirilməsi ilə bağlı subyektiv mülahizə idi.
Təəssüf ki, bir çox müəllim və təhsil işçisi mətnlə tam tanış olmamış, məsələnin əsl mahiyyəti, fikirlərin məqsəd-məramı ilə bütöv halda “ünsiyyət qurmamış” həmən tələsik reaksiya verdi. Böyük təhsil səhifələrində səsləndirilən rəylərin demək olar hamısında məsələnin ciddi arqumentlərlə təhlilinə deyil, aqressiya və istehza ilə tənqidinə daha çox rast gəlindi.
Halbuki məsələyə emosional deyil, rasional müstəvidə yanaşılsa idi, fikrin əslində, müəllimlərin leyhinə səsləndirildiyini asanlıqla görmək olardı.
Odur ki, sertifikasiyanın keçirilməsi müddəti ilə bağlı mülahizəni bir neçə punktda təhlil etməyə çalışaq:
Birinci səbəb- Əvvəlcə onu qeyd edək ki, sertifikasiyanın təşkili qaydalarına əsasən, proses hər 5 ildən təkrar olunur. İlk dəfə prosesə cəlb olunan müəllim 60 mümkün baldan 51 və daha üstün nəticə göstərdiyi halda əmək haqqısı 35% (31-51 bal aralığı üçün isə 10%) həcmində artır.
Mövcud qaydalar Nazirlər Kabinetinin 2020-ci il, 155 saylı “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən tənzimlənir. Həmin qaydalar isə yalnız sertifikatlaşdırılma prosesinin bütöv halda keçirildiyi 5 illik etapı (2021-2026) əhatə edir. Müsabiqə göstəricilərinə görə maaş artımı da sözsüz ki, əsas hüquqi mənbə olan adıçəkilən sənəddə əksini tapıb.
Onu da qeyd edək ki, müəllimlərin bir qismi növbəti etapda keçiriləcək sertifikatlaşdırılma prosesinin maaş artımı üçün deyil, indiki nəticələrin qorunması mexanizmi kimi qəbul edir. Məsələn, qısa desək, bu etapdakı sertifikasiyada (2021-2026) iştirak edərək 35%-lik artıma nail olan X adlı müəllim növbəti 5 illikdə yalnız bu nəticəni qorumaq üçün iştirak edəcək. Yəni, onun maaş artımında heç bir artımdan söhbət getməyəcək. Bu, isə kökündən yanlışdır. Çünki biz ən azından yuxarıda adıçəkilən Nazirlər Kabinetinin 2020-ci il 155 saylı qərarında bu barədə heç bir qeyd görmürük. Növbəti mərhələ üçün isə hansı dəyişikliklərin olacağı barəsində isə indidən qəti mülahizə yürüdə bilmərik. Amma hazırkı qaydalar yalnız və yalnız yüksək nəticələrin göstərildiyi təqdirdə artımın da mümkünlüyünü təsdiqləyir.
Sırf bu nüansı nəzərə alsaq, sertifikasiyanın keçirilməsi müddətinin 5 ildən 3 ilə endirilməsini müəllimin sosial rifahı üçün olduğunu görə bilərik. Öz biliyinə güvənən, sertifikasiyadan asanlıqla 51+ toplayan bir çox müəllim təəssüf ki, növbəti sertifikasiya artımları üçün daha 5 il gözləməlidirlər. Hətta bir çoxusunun dilindən bu təəssüfü də eşitmiş, yüksək səviyyədə hazır olduqları prosesin daha yaxın intervalda təşkili arzusunun şahidi olmuşuq. Bu qrupa aid olan təhsilverənlərin intellekti, bacarıqları imkan verir ki, məhz bu üstünlüklərinə görə hər dəfə sertifikasiya uğurundan sonra daha çox maaş artımına nail olsunlar. Bu səbəbdən də prosesin 5 ildən yox, 3 ildən bir təkrarlanması onların uğur göstəricilərini də ən azı 2 il tezləşdirə bilər.
Bu arada bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin məlum qərarında 3 dəfə ard-arda sertifikasiyadan uğurla keçən müəllimin yaş həddinin sonuna qədər bu prosesdən azad edilməsi nəzərdə tutulub. Yəni, onsuz da bundan sonra hər bir müəllim (bu etapda uğur qazananlar) yalnız 2 dəfə bu prosesdən keçib, bu şansı iki dəfə yaşamış olacaqlar…
İkinci səbəb – Qeyd edək ki, dünya təcrübəsində təhsilverənlərin peşəkarlıq səriştələri və peşə yararlığını qiymətləndirməkdən ötrü 5 il nisbətən uzun zaman kəsimidir. Çünki çağdaş dünya təhsilində yeni yanaşmalar, metod və təlim strategiyaları bir-birini tez-tez əvəz edir. Müəllimlərin onlara nə dərəcədə adaptasiya olunmaları, pedaqoji prosesin təşkili zamanı nə dərəcədə tətbiq etmək imkanları ildən-ilə dəyişir. Odur ki, dünya təcrübəsində təhsilverənlər arasında rəqabətliliyin daha da artırılması məqsədilə sertifikatlaşdırmanın 5 deyil, 3 ildən bir təşkili heç də pis olmazdı.
Bu addım qısaca desək, müəllimlərin “formada qalmaları” üçün çox vacibdir. Çünki süni intellekt əsrində sürətlə dəyişən və yenilənən sahələrdən biri də təhsildir. Ötən il təhsildə tətbiq olunan yenilik bu il az qala, köhnə görünür. Sırf bu səbəbdən, müəllimlərin də yeniliklərlə daha yaxşı ayaq uydurmaları üçün 3 illik intervalın böyük faydaları olacaqdır.
Üçüncü səbəb - Səsləndirilən etiraz fikirlərinin bəzilərində ironiya və istehzanın da şahidi olduq: “3 yox, hər il olsun”.
Dünya təcrübəsində bəli, bu prosesi hər il təşkil edən ölkələr də var; amma könüllü əsaslarla. Maaş artımını göstərdiyi nəticələr əsasında tənzimləmək istəyən müəllim könüllü surətdə müraciət edərək şansını sınayır. Biz 2025-ci ildə bu məsələyə belə ironik yanaşdığımız anda, bir çox ölkələrdə müəllimlərin sosial rifahlarının stimullaşdırılması üçün çoxdan sınanmış təcrübənin də olduğunu unutmayaq. Məsələn, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Ukrayna və s. təcrübəsində proses sırf bu məqsədlə daha tez intervalla həyata keçirilir. Amma onu da qeyd edək ki, bu sırf könüllü xarakter daşıyır. ABŞ-da sertifikatlaşdırılmanın nəticələri 25 ilə qədər qüvvəsində qalır.Bu müddət ərzində isə heç bir icbari imtahan stressindən söhbət gedə bilməz.
Ümumiyyətlə, Avropa ölkələrində pedaqoqların peşə fəaliyyətinin qiymətləndirilməsində aşağıdakı meyillər əsas rol oynayır:
-bu gün təhsilin modernləşdirilməsi prosesinin mərkəzi fiquru müəllimdir, təhsilin keyfiyyəti məhz ondan asılıdır;
- müəllimlər tərəfindən peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif maddi və qeyri-maddi stimullardan, həmçinin normativlərdə əksini tapmış, praktik fəaliyyətə başlamaq üçün pedaqoji ixtisas səviyyəsinin icbari qiymətləndirilməsindən istifadə olunur.
Ukraynada sertifikasiya könüllüdür, pedaqoq prosesin istənilən mərhələsində iştirakdan imtina edə bilər. Sertifikat üç il müddətindədir. Güman edilir ki, gələcəkdə “Yeni Ukrayna məktəbi” islahatının inkişafı ilə əlaqədar sertifikatlaşdırma müəllimlərin attestasiyasını əvəz edəcək.
Rusiya Federasiyasında pedaqoji kadrların peşəkar standartına yönəldilmiş sertifikatlaşdırılma sisteminin tətbiqində xarici təcrübədən fəal istifadə olunur. Attestasiyanın əsas vəzifələri aşağıdakı kimi müəyyən olunub:
-pedaqoji işçilərin ixtisas səviyyəsinin, onların metodoloji mədəniyyətinin, şəxsi peşə inkişafının, məqsədyönlü, fasiləsiz yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi;
-pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması;
-pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi;
Qazaxıstanda isə normativ-hüquqi sənədlərdə edilən dəyişikliklərə müvafiq olaraq bir neçə il bundan əvvəl pedaqoji ali məktəblərin məzunlarının sertifikasiyasına başlanılıb. Orada ilk dəfə başlayanlar milli ixtisas testinin sertifikatına sahib olmalıdırlar. Onlar məktəbə qəbul edildikdən sonra pedaqoji bacarıqlarını praktikada göstərməli, sertifikat almalı, pedaqoji ixtisas dərəcəsi əldə etməli və yalnız bundan sonra müəllim kimi işləyə bilərlər.
Dördüncü səbəb - “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli qərarında deyilir:
5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
Təkcə bu səbəb xüsusən də gənc müəllimlər üçün sertifatlaşdırılma prosesinin 5 yox, 3 ildən bir təşkilinin necə faydalı olduğuna əyani sübutdur. Bu gün rəqabətə davamlı təhsil mühitinin gənc müəllimi karyera inkişafı və əməyinin stimullaşdırılması üçün 5 il yox, 3 il gözləməyi fikrimizcə, daha məqbul hal hesab edər.
Vacib bir məsələ haqqında
Haşiyəyə çıxaraq, sertifikatlaşdırılma ilə bağlı daha bir detalı da diqqətə çatdıraq: Təhsilverənlərin sertifikatlaşdırılması prosesindən sonra differensial əmək haqqının tətbiqi zamanı maaşa əlavənin müəyyən qaydalar çərçivəsində verilməsi minlərlə təhsilverənin mənafeyi naminə atılacaq çox müsbət addım ola bilər. Əks halda, yalnız 1 bal toplamadığı üçün həmkarından 25 faiz az maaş alacaq yüzlərlə müəllimin narazılığı davam edəcəkdir. Xatırladaq ki, cari qaydalara əsasən təhsilverənlərin sertifikatlaşdırılması prosesində 50 bal toplayan müəllimin əməkhaqqısı 10, 51 bal toplayan müəllimin isə 35 faiz artırılır. Bu da təhsilverənlər arasında çox ciddi narazılıqla qarşılanmaqdadır.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin əmək haqqısında 35 faiz, 50 baldan aşağı və 30 baldan yuxarı bal toplayan müəllimlərin maaşında 10 faiz əlavənin olunması müəllimlər arasında müəyyən narazılıq yaradır. Bu barədə istər canlı müzakirələrdə, istər media resurslarında, istərsə də sosial şəbəkələrdə müəllimlərin etirazının şahidi olmuşuq. Sırf bu məqsədlə stimullaşdırmanın aşağıdakı formada aparılmasını təklif etmık istərdik. (Cədvəldə əksini tapan faiz göstəriciləri və onun uyğunluq əmsalı subyektiv yanaşma məhsuludur)
Toplanan bal |
Nəticənin faiz əmsalı |
Əmək haqqısına əlavə (faizlə) |
30-35 bal |
51-83% |
10% əlavə |
41-50 bal |
68-83% |
15 % əlavə |
51-60 bal |
84-100% |
35% əlavə |
Qeyd edək ki, təqdim olunan təklif xarakterli cədvəldə yalnız və yalnız 10 %-lik artıma düşənlər arasında (yəni, 31-51 bal nəticə toplayanlar) müəyyən dəyişiklik nəzərə alınıb. İnanırıq ki, prosesin sonrakı mərhələlərində həm 10, həm də 35%-lik artımların da dəqiq intervallar üzrə yüksələcəyinin şahidi olacağıq.
Elmin Nuri