Azərbaycanın özünəməxsus milli bayram adət-ənənələri var. Hər xalqın xüsusiyyətlərinə görə bu adətlər fərqli cür yaşadılır. Bu gün bəzi adətlərimiz hələ də yaşasa da, təəssüf ki, bir çoxu gənc nəsilə gəlib çatmayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Aşıq Hafiz Kərimov AzEdu.az-a müsahibəsində milli adətlərimizi yaşatmağın yollarından və unudulmuş Novruz adətlərindən danışıb.
Müsahibəni təqdim edirik.
- Hafiz müəllim, sanki indi kənd yerlərində bayram ab-havası daha çox hiss olunur, nəinki böyük şəhərlərdə. Bəs sizə indiki nəsil necə, kənddə ya şəhərdə olmasına baxmayaraq, bayram adətlərindən xəbərdardılar?
- Hələ texnologiyanın inkişaf etmədiyi dövrlərdən bəri kənd və şəhər mədəniyyəti fərqli olub. Şəhər sakinləri ilə müqayisədə kənd camaatının həyat tərzi adət-ənənələrlə daha sıx bağlı idi. Amma indi ata-baba evimizə gedəndə əvvəlki uşaqlığı görmək olmur. Texnologiyanın inkişafı hər yerdə öz təsirini göstərir.
Orta məktəb şagirdinə telefon verildikdə bunun nəticələrinin ağır olacağı bəlli idi. İndiki uşaqlar bizim yaşadığımız uşaqlığı yaşamırlar. Biz oyunlar oynayır, uşaqlığımızı dolu-dolu yaşayırdıq. İndiki uşaqlar isə həmin oyunları virtual mühitdə oynamağa üstünlük verirlər.
Qəbul etməliyik ki, telefon əyləncə ilə doludur. Bir uşağa “Gəl, ‘Qaçdı-tutdu", "Gizlənqaç", "Ortada qaldı" oynayaq dedikdə, təəccüblə baxıb “Elə ondansa telefona baxaram” cavabını verirlər.
Ümumiyyətlə, hər bir adət-ənənə xalqın etnopsixoloji kimliyinə uyğun formalaşır. Məsələn, Şotlandiyada və bəzi Asiya ölkələrində kişilər müəyyən günlərdə və ya bayramlarda “ətək” geyinir. Amma eyni hal türk və Azərbaycan kişisi üçün qəbulolunmazdır. Danimarkada qəbirstanlıqda əylənmək, piknik etmək adi hal sayılsa da, bu, bizim mentalitetimiz və dini dəyərlərimiz üçün yolverilməzdir.
Milli bağlılığı və iradəsi zəif olan gənclər texnologiyanın verdiyi imkanlarla dünyanın müxtəlif mədəniyyətlərini görüb, onlara pərəstiş edirlər. Bəzən elə şeylərə maraq göstərirlər ki, insan təəccüblənməyə bilmir.
- Canlı əlaqələrin virtula keçdiyi danılmazdır. Bəs biz milli adət-ənənələrimizin unudulmaması, nəsildən-nəsilə ötürülməsi üçün nə etməliyik?
- Adətlərin unudulmaması üçün həm dövlət, həm də hər bir şəxs özü burada rol oynamalıdır. Sadəcə tövsiyyə xarakterli sözlərlə “filan adətimiz də var idi”,- deməklə nəyisə yaşada, ötürə bilmərik. Yaşatmaq istədiyimiz adətləri gənclərə, uşaqlara əyani şəkildə göstərəndə, sonrakı nəsil də onları təkrarlamağa başlayır.
Ümumiyyətlə Novruz bayramı bir çox ölkələrdə qeyd olunur. Bu bayram 2009-cu ildə UNESCO tərəfindən qeydiyyata alınıb. Sözsüz ki, bu da dövlətin qeyri-maddi mədəni irsə verdiyi töhfənin göstəricisidir.
- Müəllim, siz həm də sənətşünassınız, gənclərə musiqi sənətini tədris edirsiniz. Onlar musiqini necə qavrayırlar? Bu sahəyə maraqları nə yerdədir?
- Mən universitetdən əlavə, musiqi məktəbində də Aşıq sənətini tədris edirəm. Gördüyüm odur ki, rus bölməsindən olan uşaqlar Azərbaycan bölməsindən olan uşaqlardan fərqlənirlər. Təəssüf ki, rus bölməsində oxuyan şagirdlər Dədə Qorquddan, Qurbanidən, Ələsgərdən bu günə qədər gəlib çatmış şeirləri daha gec mənimsəyirlər. Sanki başqa millətin nümayəndəsi kimi çətinliklə ifadə edirlər. Bunun əsas səbəbi isə onların Azərbaycan dilində tədris almamalarıdır.
Şeiri əzbərləyib oxumaqla iş bitmir. Şeirin ruhu var, onu öz ruhunda söyləmək lazımdır. Övladlarımız milli ruhda, mentalitetimizə uyğun böyüməlidirlər ki, gələcəkdə də bizi layiqincə təmsil edə bilsinlər. Biz valideynlər olaraq onları Azərbaycan dilinə yadlaşdırmamalıyıq. Dilimizi və milli adət-ənənələrimizi uşaqlara nə qədər göstərə bilsək, onlar da o qədər davamçısı olar, millətinə daha da bağlı olurlar.
- İndi olmayan, amma əvvəllər bizə məxsus hansı bayram adətlərimiz olub? Şeirdə, poeziyada onlara toxunulubmu?
- Söz yox, illər keçdikcə bayramlar formasını dəyişir. Bizim uşaq vaxtı keçirdiyimiz Novruz bayramı ilə indiki arasında çox fərq var. İndi Novruz da, o Novruz deyil. Camaat sanki, get-gedə adət-ənənələrdən soyuyur. Adətlər tamamilə yox olmasa da, dövrlə əlaqədar olaraq dəyişir.
Böyük poeziya ustadı Məhəmmədhüseyn Şəhriyarın “Heydərbaba salam” poeması da, sanki Novruz ərəfəsinə təsadüf edir.
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Bu şeirdən görünür ki, əvvəllər evlərin bacalarından şal sallayarlarmış. Həmin şallara da bayramlıqları bağlayıb, hədiyyə kimi verirlərmiş. Amma indiki evlərin bacası olmadığından şalın yerini , “papaqatdı” tutub.
Qədim vaxtlarda heç kim papağı yerə atmazdı. Papaq əzəldən bəri qeyrət, kişilik nişanəsi olub. Papağa önəm verən kişilər, hətta teatra, konsertə gedəndə də bir yeri özlərinə, bir yeri isə papaqlarına ayırırlarmış. O cür psixologiyaya malik əcdadlarımız heç vaxt papağı ora-bura atmazlarmış.
Bundan başqa əvvəllər ağacdan məşəl hazırlayıb, göyə atırdılar. Amma indi məşəllərin yerini fişənglər alıb. Adət eyni adətdir, sıradan çıxmır, amma forması dəyişir.
Novruz deyəndə ağıla gələn Kosa və Keçəl də deyilənə görə yalnız Azərbaycandakı Novruza xasdır. Amma indi təəssüf ki, Kosa ilə Keçəli bir az yüngül formatda, gülüş rəmzi kimi təqdim edirlər. Bir növ bu simvollara səthi yanaşılır. Əslində, Keçəl qışın, Kosa yazın təmsilçisidir. Qış daha məşəqqətli, daha çətin keçdiyi üçün yaz gələndə Kosa Keçəli qovub, yerinə özü keçir. Əzəldən bəri onlar arasında mübarizə olub.
Kosa Novruz axşamı Keçəli məğlub edib öldürür. Səhər isə kahinlər tam inanclı şəkildə camaata “Şər qüvvələr qovuldu, şənlik etməyin vaxtıdır” deyirmişlər. Qışı yola salan insanlar sevinc içində bir-birlərinə hədiyyələr verir, musiqi və oyunlarla yazı qeyd edirmişlər.
Folklorşünas müəllimlərimizin dediyinə görə, hazırda qeyd etdiyimiz çərşənbələr farslardan götürülüb və mexaniki şəkildə adətlərimizə əlavə edilib. Sovet dövründə Novruz hər kəs tərəfindən öz evində qeyd olunurdu. Siyasi şərait imkan verdikdən sonra isə bayram dövlət səviyyəsində keçirilən tədbirə çevrildi. Hətta o dövrdə çərşənbələrin adlarını ümumiləşdirmək üçün tapşırıq verildi, çünki hər bölgədə fərqli adlarla tanınırdı. Bundan sonra isə heç bir xüsusi araşdırma aparılmadan “abi-atəş-xaki-bad” 4 ünsürü çərşənbə adlarına əlavə edildi.
Tədqiqatçı alimlər bildirirlər ki, 70-80-ci illərə qədər olan mənbələrdə Su, Od, Yel, Torpaq çərşənbələri barədə heç bir qeyd yoxdur. Hətta deyilənə görə, əvvəllər 7 çərşənbə olub və onlardan 3-ü "oğru", 4-ü isə "doğru" çərşənbə kimi qeyd edilib. Oğru çərşənbələr indiki çərşənbələrdən əvvəl keçirilib və yazın nəfəsini oğrunca gətirən çərşənbələr sayılıb. Fevral ayında yazın sədası hiss olunsa da, qış hələ də özünü xatırladır.
Doğru çərşənbələrin ilki Əzəl çərşənbə, sonuncusu isə İlaxır çərşənbə kimi yaddaşlarda qalıb. İndi bu çərşənbəyə Torpaq deyilsə də, əvvəllər İlaxır adı ilə tanınıb.
İllər ərzində çərşənbələrin keçirilmə forması dəyişib. Tamamilə unudulan və sıradan çıxan bəzi adətləri isə hələ də xatırlayıram...
Bayrama 2 ay qalmış kənddə kiminsə evində yas düşəndə, qonşular gedib, onların həyətində tonqal qalayıb, ev yiyələrini həyətə çağırarlarmış. Bu artıq yasdan çıxın, bayram edin demək imiş. Ev yiyələrinə yaslı halda tonqal qalamaq ayıb olduğundan bu vəzifəsini yaxın, qohumlar edirlərmiş. Bundan əlavə həmin evlərdə yumurta qırmızı yox, göy rəngə boyanırmış.
Şəhriyarın şeirlərindən birində də maraqlı bir adətə rast gəlinir.
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər.
Şeirdən də görünür ki, əvvəllər evlərin divarı palçıqla suvanırmış. Ona görə də bayram vaxtı paçlıqdan evlərə naxışlar vurub, bəzək əşyası kimi istifadə edirlərmi. Amma indi bu adəti davam etdirmək mümkün deyil. İndi nə o dövrdür, nə də evlər palçıqdandır.