“İmtahandan zəif nəticə göstərən abituriyentlərin intihara cəhd etməsi son illərdə daha çox gündəmə gələn sosial və psixoloji problemlərdən biridir”.
Bu sözləri AzEdu.az-a açıqlamsında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov söyləyib.
“Xüsusilə, ali təhsil imtahanları gənclərin üzərində böyük bir təzyiq yaradır və uğursuzluq hissi bəzi hallarda depressiyaya, hətta intihara qədər gedə bilən fəsadlara yol aça bilir. Azərbaycan və dünya statistikasına baxdıqda, imtahan stresinin psixi sağlamlığa ciddi təsir göstərdiyi müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 700 min insan intihar edir və bu rəqəmin böyük bir hissəsi 15-29 yaş aralığında olan gənclərə aiddir. Bu yaş qrupunda intiharın əsas səbəblərindən biri akademik təzyiq və gələcəyə dair qeyri-müəyyənlikdir. Məsələn, Cənubi Koreyada aparılan araşdırmalar göstərir ki, intihar edən gənclərin təxminən 40%-i imtahan stressi ilə bağlı problemlər yaşayırdı. Hindistanda hər il minlərlə şagird ali məktəb imtahanlarından sonra depressiyaya düşür, bəziləri isə həyatına son qoyur. Azərbaycanda da bu tip hadisələrin baş verdiyi məlumdur, lakin rəsmi statistika və bu barədə açıq araşdırmaların aparılmaması vəziyyətin tam təsvirini verməyə imkan yaratmır”.
Ekspert problemi həll etmək üçün bir neçə əsas yanaşamalardan söz açdı:
“İlk növbədə, gənclərin akademik uğur anlayışını dəyişdirmək və onların yalnız universitetə qəbul olmaqla uğurlu sayılmadığını anlatmaq vacibdir. Təəssüf ki, Azərbaycan cəmiyyətində hələ də universitet təhsili uğurun yeganə göstəricisi kimi təqdim olunur və ailələr uşaqlarına çox böyük təzyiq göstərir Valideynlərin bu məsələdə rolu isə bəlkə də ən vacib amillərdən biridir. Azərbaycanda ailələr çox vaxt uşaqlarına yüksək nəticə gözləntiləri qoyur, lakin onların psixoloji vəziyyətini nəzərə almır. Bu, uşaqlarda özgüvən itkisinin yaranmasına, gələcəkdən qorxmağa və özlərini dəyərsiz hiss etməyə səbəb olur. Valideynlər anlamalıdır ki, hər bir insanın uğur yolu fərqlidir və bütün uşaqlar akademik baxımdan eyni nəticələri göstərmək məcburiyyətində deyil. Bəzi uşaqlar texniki sahələrdə, bəziləri incəsənətdə, bəziləri isə sahibkarlıqda daha uğurlu ola bilər. Valideynlər övladlarına yalnız nəticəyə görə deyil, onların səylərinə və inkişafına görə dəstək verməlidirlər”.
“Təhsil sistemində də müəyyən islahatların aparılması vacibdir”- deyə ekspert qeyd edib:
“İmtahanların yeganə qiymətləndirmə üsulu kimi qalması gənclərin psixoloji təzyiq altında qalmasına səbəb olur. Azərbaycanda da qəbul sisteminin daha çevik olması və alternativ yolların təklif edilməsi abituriyentlərin üzərindəki təzyiqi azalda bilər. Bütün bu tədbirlər gənclərin üzərindəki imtahan stresini azaltmağa və onların gələcək qorxularını aradan qaldırmağa kömək edə bilər. Həyat imtahandan ibarət deyil və uğur yalnız yüksək bal toplamaqla ölçülmür. Cəmiyyət olaraq, bu anlayışı dəyişməli, gənclərimizə daha geniş perspektivlər təqdim etməliyik. Bu yolla, onların intihara cəhd etməsinin qarşısını almaq və sağlam, xoşbəxt bir gələcək qurmaq mümkündür”.