AFFA, Elm və Təhsil Nazirliyinin birlikdə əməkdaşlıq çərçivəsində məktəb və futbol klublarında SCALE layihəsinə (İdman Karyerası və Akademik öyrənmənin gücləndirilməsi) start verilib.
AzEdu.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə 2025-ci ilin dekabrına qədər davam edəcək və əsas məqsəd gənc futbolçuların təhsildən uzaqlaşmasının qarşısını almaq, onların həm idmanda, həm də akademik sahədə inkişafına dəstək olmaqdır.
SCALE layihəsi Azərbaycan, İtaliya, Rumıniya, Malta və Moldova futbol federasiyalarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir və UEFA tərəfindən dəstəklənir. Layihə ikili karyera modelini tətbiq edərək, gənc futbolçuların həm məktəb, həm də futbol sahəsində uğur qazanmalarına imkan yaratmağı hədəfləyir.
İlk təlim Bakıda yerləşən 220 saylı məktəb-liseydə keçirilib. Bu təlim layihədə iştirak edən Bakı məktəblərindən olan müəllim-məşqçilər üçün təşkil edilib və əsas mövzular dual karyera modeli, gənc futbolçular üçün akademik dəstək üsulları olub. Təlimlər layihə üzrə koordinator Kifayət Mustafayeva və təlimçilər Gülyana Özcan, Ofeliya Qafarova tərəfindən aparılıb.
SCALE layihəsi AFFA-nın rəhbərliyi ilə Bakının müxtəlif məktəblərində və futbol akademiyalarında icra ediləcək. Təhsil və idmanı birləşdirən bu təşəbbüs gənc idmançıların həm məktəb uğurlarını artırmalarına, həm də futbol karyeralarını inkişaf etdirmələrinə kömək edəcək.