Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U-15 və U18 yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF) və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa şəhər və rayonlardan ümumilikdə 70-dən çox idmançı qatılıb.
AzEdu.az xəbər verir ki, yarışın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən muxtar respublika gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin bəhrələrindən bəhs edib, son dövrlər yüksək dinamika ilə inkişaf edən cüdonun muxtar respublikada da populyar idman növləri sırasında olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan cüdoçularının son bir ildə ölkə və beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər bu sahədə atılan addımların məntiqi nəticəsidir.
ACF-nin baş katibinin müavini Kamran Talıbov sentyabr və oktyabr aylarında regionlar üzrə 15 və 18 yaşadək cüdoçular arasında keçirilən yarışlardan biri kimi muxtar respublika birinciliyinin ümumi məqsəd və hədəflər baxımından uğurlu keçəcəyinə inamını ifadə edib, bir gün öncəki kəmər imtahanı ilə bərabər turniri cüdoçuların inkişafına töhfə kimi dəyərləndirib.
Sonra yarışa start verilib. Qız və oğlan idmançılar arasında iki yaş kateqoriyası və müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.
Sonda ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.