Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun doğum günüdür.
AzEdu.az xəbər verir ki, M.Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub.
1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) daxil olub. 1969-cu ildə Universitetin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində calışıb. 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb. 1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəzdində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olub. 1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışıb.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləyib.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində olub. 1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru işləyib. Nəhayət, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində çalışıb.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentidir.
2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxriadına, 2001-ci ildə "Qızılqələm" media mükafatına, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülmüşdür.
2011-ci ildə Dağıstan Respublikası Prezidentinin sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.