"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub ki, növbəti il üzrə təhsil xərclərinə 4549,9 milyon manat vəsait proqnozlaşdırılır. Bu isə 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2 faiz çoxdur.
Bəs təhsil xərclərinə ayrılan vəsaitlər təhsilin hansı istiqamətlərinə hədəflənməlidir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədovun sözlərinə görə təhsil xərclərinin artılırması vacib məsələdir:
“Bu gün təhsil sahəsi bütün dünyada, o cümlədən bizim ölkədə inkişaf edir. Nazirlik dövlətin elm siyasətini həyata keçirir. Bu qurumun qarşısında çox ciddi və çox mühüm vəzifələr var. Universitetlərin maddi-texniki bazasının gücləndirilməsinə, elmi tədqiqat işlərinin daha geniş aparılmasına, ümumi olaraq bu istiqamətdə işlər görülməlidir ”.
Ceyhun Məmmədov bəzi məktəblərdə təmir işlərinə ehtiyac olduğunu bildirib: “Hazırda ciddi məsələlərdən biri də Azərbaycanın bəzi bölgələrində yerləşən ümumtəhsil müəssisələrinin təmiridir. Orta məktəblərlə bağlı zaman-zaman problemlər yaşayırıq. Azərbaycanda təxminən 800-ə yaxın məktəb təmirsiz vəziyyətdədir. Onların yenidən bərpasına xüsusi diqqət və qayğı göstərilməlidir”.
Deputat xüsusilə vurğulayıb ki, universitet müəllimlərinin maaşı artırılmalıdır: “Azərbaycan universitetlərinin reytinqlərinin artırılması və onların dünya reytinqində irəliləməsi üçün müvafiq dəstək tədbirləri görülməlidir”.