“Təhsil haqqında” Qanuna olunan dəyişikliklərə əsasən, kollec məzunları ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna biləcəklər. Hazırda kollec məzunlarını maraqlandıran əsas məsələ isə bu qanunun kimlərə şamil olunacağı, hansı göstəricilərin əsas götürüləcəyidir.
Ümumiyyətlə, müsabiqədənkənar dedikdə daha dəqiq nəzərdə tutulan nədir?
AzEdu.az xəbər verir ki, bu haqda Təhsil TV-nin “Həftənin sualı” verlişində Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, bu qəbulun şərtləri 5 ay müddətində hazırlanacaq qaydalarda əks olunacaq:
“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu və bununla əlaqədar qaydaların hazırlanması nəzərdə tutulub. Qaydalar 5 ay müddətində hazırlanmalı və təsdiqə təqdim edilməlidir.
Burada söhbət yalnız müvafiq ixtisaslar üzrə qəbul qaydasından gedir. Yəni, bir şəxs kolleci Avtomobil yollarının tikintisi və istismarı ixtisası üzrə bitiribsə, o, ali məktəbdə topladığı kreditlər nəzərə alınmaqla, yalnız eyni və ya ona çox yaxın ixtisas üzrə müsabiqədənkənar qəbul oluna biləcək. Qəbul prosedurları və şərtləri isə yeni hazırlanacaq qaydalarda öz əksini tapacaq”.