Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumtəhsil müəssisələrinə məktub göndərib.
AzEdu.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumtəhsil pilləsi üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:
Ümumtəhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.
İllik bal və qiymətlər sinif jurnalında mübvafiq fənlər üzrə “Qiymətləndirmələr” hissəsində, eyni zamanda “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “illik” bölmədə qeyd olunur.
Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumtəhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məmzun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə “Qiymətləndirmə” hissəsində növbəti yanaşı sütunlarda, eyni zamanda “şagirdlərin təlim nailiyyətləti haqqında yekun məlumat” hissəsində “Payız imtahanı” bölməsində qeyd olunur.
Bütün qiymətləndirmələr yekunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının “şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “saatların miqdarı” bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur.
Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumtəhsil müəssisələri tərəfindən “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişləri nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumtəhsil müəssisəsinə gələrkən sanitar-epidemioloji qaydalara riayət etməlidirlər (tibbi maksadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.).
Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlər nəzərə alınaraq Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli KQ-03 nömrəli qərarı ilə "Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmənin) aparılmasının müvəqqəti qaydası” təsdiq edilib. “Ümumtəhsil pilləsində təhsilalanaların attestasiyasının (məktəbdaxili qiymətləndirilmə) aparılmasının müvəqqəti qaydası” 2020-ci il oktyabrın 1-dək qüvvədədir.