Çinin Uhan şəhərində meydana gələn və minlərlə insanın yoluxması ilə nəticələnən koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə artıq uzun müddətdir ki, Çində məktəb və universitetlərdə tətil elan edilib.
AzEdu.az xəbər verir ki, koronavirusla əlaqədar məktəb və universitetlərin nə vaxt açılacağı bəlli deyil. Bu səbəbdən də artıq bu ölkədə şagird və tələbələrin təhsil həyatlarına davam edə bilməsi üçün dərslər onlayn şəkildə tədris olunur. Müəllimlərlə şagirdlər arasında dialoq isə onlayn çat vasitəsilə qurulur.
Tələbə və şagirdlər onlar üçün qurulan sistemə daxil olaraq virtual şəkildə dərsdə iştirak edə bilirlər. Əgər hər hansı şagirdin dərsdə iştirakı mümkün deyilsə, həmin dərsin əvvəlcədən çəkilən videogörüntüsünü əldə edə bilir.
Sistemdə həmçinin koronavirusdan həm fizioloji, həm də psixoloji baxımdan qorunmaq üçün dərslər də keçirilir.
Müvəqqəti tədris sistemi hesab olunan bu üsuldan artıq Pekin Dil və Mədəniyyət Universiteti, Pekin Normal, Lanzhou, Pekin Texniki Univesiteti kimi bir çox ali təhsil müəssisələri və məktəblərdə tətbiq olunur.