Azedu.az

“Əziyyət varsa, o mütləq mükafatlandırılır” - Alim Ülkər İbrahimova ilə MÜSAHİBƏ

21 Yanvar 2025, 09:24
“Əziyyət varsa, o mütləq mükafatlandırılır” - Alim Ülkər İbrahimova ilə MÜSAHİBƏ

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayının artırılması, elmi-tədqiqatın stimullaşdırılması və alimlərin obyektiv qiymətləndirilməsi məqsədilə 150-dək alimə hər ay 1000 manatadək mükafat verilir. Bu ildən etibarən isə “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanmış proqrama əsasən, mükafat verilən alimlərin sayı 2 dəfəyədək artırılaraq, 300-ə çatıb. 

 

AzEdu.az Təhsil Portalı olaraq, mükafatçılar sırasında olan, biologiya üzrə fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi Ülkər İbrahimova ilə əlaqə saxlayıb, onunla mövcud qərar barədə müzakirələr apardıq. 

 

-Ülkər xanım, elmə verdiyiniz töhfələrə görə mükafatlandırılanlar siyahısında olduğunuz üçün sizi təbrik edirik. Mükafatlandırma üçün yeni mexanizmin tətbiq olunmasının hansı üstünlüklərinin olduğunu düşünürsünüz? 

 

-Təşəkkür edirəm. 

 

Elm və Təhsil Nazirliyi tərəfindən irəli sürülən bu təşəbbüs bizim üçün gözlənilməz oldu. Son 5-6 ildir beynəlxalq əməkdaşlıqlarımı gücləndirib, alimlərlə əlaqələr qurub, müxtəlif yenilikçi məqalələr yazıram. Təbii ki, bunların hər biri öz şəxsi təşəbbüsüm hesabına olub. İlk dəfə 5 il öncə Slovakiyada Kənd Təsərrüfatı Universitetinə dəvət olundum. Universitetdə gördüyüm işlərdən sonra əlaqələrim daha da genişləndi. Orada olarkən tədqiqatçıların məqalələrinə görə mükafatladırıldıqlarını, maaşlarına əlavələrin verildiyini görürdüm. Açığı, həmin vaxtlar bunlar mənim üçün sadəcə xəyal idi. Özünüinkişaf naminə çalışırdım. Slovakiyada əldə etdiyim nəticələrin hesabına məqalələr yazdım. Məqalələrçap olunduqca bu sahədə tanınıb, bir çox dəvətlər almağa başladım və beləcə bu yolda uğurlarımın əsası qoyuldu.

 

Pul mükafatı üçün müəyyən alimlərin seçilməsini  ədalətli qiymətləndirirəm. Çünki bu seçimdə hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri, elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması, dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alması, həmmüəllif sayı nəzərə alınır. 

 

Mükafat veriləcək alimlərin sayının artırılması təşəbbüsünün faydalarını hələ indidən görmək mümkündür. Müşahidələrin əsasında deyə bilərəm ki, bu qərardan sonra gənc tədqiqatçılar daha da həvəsləniblər. Bəlkə də, əvvəllər məqalə çapına müdafiə üçün, ya da sadəcə “İldə 1 məqalə olsa kifayətdir” düşüncəsi ilə yanaşırdılarsa , artıq özünüinkişaf üçün məqalə yazmağa, onun beynəlxalq səviyyədə çap olunmasına çalışırlar. Fikrimcə, zaman-zaman mükafat veriləcək alimlərin sayının artırılması tədqiqatçıların sayının artmasına təsir göstərəcək.

 

Mükafatdan sonra düşünürəm ki, əziyyət varsa, o mütləq mükafatlandırılır. Bu çox böyük motivasiyadır!

 

- Alimlər üçün nəzərdə tutulmuş 1000 manatadək maddi dəstəyin elmi fəaliyyətinizdə nə dərəcədə rol oynayacağını düşünürsüz?

 

-Oktyabr-dekabr aylarında Çində Kənd Təsərrüfatı Universitetində elmi səfərdə oldum. Əvvəlcə fotosintez haqqında simpoziumda iştirak etdim. Səfərdəki xərclərim üçün universitet rəhbərliyimiz Elm və Təhsil Nazirliyinə müraciət etmişdi. Çindəki xərclərim institutun hesabına olacaqdı. Düzdür, mənə ödəniş edildi, ancaq çox az bir məbləğ idi, xərclərim üçün tam kifayət deyildi. Buna görə də mən aldığım mükafatın hamısını elmi fəaliyyətimə sərf etdim. Təbii ki, bu addımı sevə-sevə atdım. Qəti şəkildə düşünmədim ki, bu məbləğ mənim şəxsi pulumdur və s. Orada olduğum müddətdə əməkdaş olduğum professorla birgə üçüncü məqaləmiz “Q1” kvartillinə aid olan jurnalda çap olundu. Bu aktivliyimə görə həmin universitetin dəvət olunan “Fəxri professor” sertifikatı ilə təltif olundum. Artıq Azərbaycana yüksək nəticələrlə qayıtmışam. Potensial məqalələrim hazırdır, yeni ideyalar düşünürəm, əməkdaşlıqlarımı gücləndirirəm. 

 

Düşünürəm ki, bu məbləği biz tədqiqatçılar öz elmi fəaliyyətimizi genişləndirmək üçün istifadə etsək, daha çox uğurlar əldə edərik.

 

- Sizcə alimlərin mükafatlandırılması üçün yaş kriteriyası tətbiq olunmalıdırmı?

 

-Mükafatın verilməsi üçün əsas olan fəaliyyətdir. Düşünmürəm ki, bunun üçün yaş kriteriyasına ehtiyac olsun. Gənclər çox hallarda daha həvəsli, enerjili olurlar. Lakin məqalələrdə təkcə 1-2-3 müəllif olmur. Öz məqaləmdə bir çox xarici əməkdaşla həmmüəllifəm. Müəlliflərimizdən birinin yaşı 60-dan çoxdur, lakin o, dünyada çox tanınmış insandır. Bu baxımdan yaş kriteriyasına ehtiyac yoxdur. Əsas olan faktlar, nəticələrdir. Məqalə varsa, keyfiyyət varsa, məqaləyə olan istinad sayı, eləcə də jurnalın keyfiyyəti varsa, yaş məhdudiyyətinə ehtiyac yoxdur.

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox