Azedu.az

Xocalı soyqırımının ŞAHİDİ: “Övladlarım artıq atalarının yolunu gözləmir...” - MÜSAHİBƏ

Müsahibə və reportajlar

Müəllimlər və elm adamları

26 Fevral 2025, 10:31
Xocalı soyqırımının ŞAHİDİ: “Övladlarım artıq atalarının yolunu gözləmir...” - MÜSAHİBƏ

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə törədilmiş kütləvi qırğındır.

 

Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 

 

Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlumdur.

 

AzEdu.az soyqırımın canlı şahidi, Xocalı şəhər 1 nömrəli tam orta məktəbində tarix müəllimi Tamella Bilalova ilə həmsöhbət olub. 

 

T. Bilalova 2004-cü il 4 oktyabr tarixində cənab Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllim" adına layiq görülmüşdür. 3 övladı var.

155630

O, dəhşətli soyqırım zamanı həyat yoldaşı və yaxınlarını itirib.

 

Müsahibəni təqdim edirik:

 

- Tamella müəllim, sizi ilk növbədə oxucularımıza daha yaxından tanıtmaq istərdik.


- Mən, Tamella Bilalova, 3 mart 1957-ci ildə Xocalıda anadan olmuşam. Doğulub boya-başa çatdığım torpaqda 1964-1974-cü illərdə Xocalı kənd tam orta məktəbini bitirmişəm. Daha sonra 1975-ci ildə Xankəndi İnstitutunun Tarix fakültəsinə daxil olub, 1979-cu ildə məzun olmuşam. Elə həmin ildən etibarən tarix müəllimi kimi fəaliyyət göstərirəm.

 

- Neçə ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz?

155633
- 45 ildir ki, tarix müəllimi kimi çalışıram.

 

- Tamella müəllim, siz Xocalının özündənsiniz, yoxsa başqa kəndində anadan olmusunuz?


- Xeyr, elə Xocalının özündənəm. Həm ana, həm də ata tərəfim Xocalıdandır.

 

Bir Xocalı sakini kimi istərdim ki, 32 il əvvəlki günlərinizə qayıdaq. Həmin anlarınızı necə xatırlayırsınız?

155629

- Xocalı həm uşaqlığımın, həm də gəncliyimin ən gözəl dövrünü əks etdirirdi. Orada yaşadığım illər mənim üçün ən xoşbəxt zamanlar olub. Xocalı Azərbaycanın ən qədim tarixi memarlıq abidələri olan bir diyardır. O günlərimiz həqiqətən də bir başqa idi.

 

Səhərlər oyananda hər zaman tərtəmiz, saf bir hava ilə qarşılaşardıq. Qapını açan kimi meşə mənzərəsi görünürdü. Biz 8 uşaq idik – 6 oğlan, 2 qız. Səhər hay-küylü, deyib-gülə-gülə məktəbə gedərdik. Hər şey təbii olduğu üçün xəstəliklər də az olardı. Böyüklərimiz bizə tapşırardı ki, “Buzu qırıb yeməyin”. Amma biz hər dəfə evdən çıxanda əlimizə bir parça buz alıb yeyirdik.

 

Xocalı ətrafında oğlanlar meşəyə odun yığmağa gedərdi, biz də onlarla birgə olardıq. O zaman uşaqlığımızın ən gözəl anlarını yaşayırdıq. Lakin ermənilər həmin meşələrdə bizi və digər insanları amansızcasına qətlə yetirdilər.

 

Atam hər zaman anamı tənbeh edərdi: “Bu evlərin heç biri bizə qalası deyil. İnsan yaşadığı yeri qurub-düzəltməlidir, amma torpaq insana məxsus deyil, insan torpağa məxsusdur”. O, daim həyatın müvəqqəti olduğunu xatırladardı.

 

Tələbəlik illərimdə erməni qızları ilə bir evdə qaldım. Onların necə öyrədildiklərini açıq şəkildə görürdüm. Gecələr sabaha qədər mübahisə edirdik. Ermənilər Azərbaycan torpağında yaşaya-yaşaya bizə qarşı nifrətlə dolu idilər. Dərslikləri belə fərqli idi, tariximizi saxtalaşdırırdılar.

 

- Hadisələr baş verəndə neçə yaşınız var idi?


- O zaman 35 yaşım var idi. Ailəli idim, 3 övladım vardı.

 

- Uşaqlarınız körpə idimi?


- Bəli. Böyük övladım 3 yaş 6 aylıq, ortancıl 2 yaş, balacam isə cəmi 8 aylıq idi.

 

Aydın məsələdir ki, yaşanan faciə unudulmaz dərin iz qoyub.İnsanlar məcburi şəkildə evini tərk etməli oldular. Xocalı faciəsinin başladığı ərəfələri necə xatırlayırsınız?


- 1988-ci il idi. Hadisələrdən əvvəl də ermənilərin bizə qarşı nifrəti hiss olunurdu. Bir dəfə analıq məzuniyyəti üçün həkimə getmişdim. İçəri daxil olan zaman gördüm ki, azərbaycanlıları təhqir etməyə başladılar. Mən də sakit dayana bilmədim və sözümü dedim. Məni hardasa 15 nəfər mühasirəyə aldı. Hətta biri ayaqqabısını çıxarıb başıma atdı. Oradakı həkimlər isə susurdu. Anladım ki, artıq hər şey dəyişib, təhlükə böyükdür.

 

8 aylıq olan övladım günün birində bərk xəstələndi. Biz ona görə də Mingəçevir xəstəxanasına getməli olduq və qayıda bilmədik. Uşağın orda vəziyyəti bir daha pisləşdi. Anam mənə dedi ki, gecə saat 3-də yoldaşım saman içində üstü-başı çirkli halda evə gəlib. Böyük övladım yoldaşıma qardaşının vəziyyətinin yaxşı olmadığını söylədi. Yoldaşım gecə fermaya saman gətirilən vertolyotla Mingəçevirə gəldi. Övladım 3 gündür ki, gözünü açmırdı. Yoldaşım qulağına astaca “Amil” deyəndə övladım dərhal özünə gəldi. O an atasına baxıb elə ağladı ki... Yoldaşım Milli Orduda bölük komandiri olub. Sonra vertolyotla geri döndü, amma bizə qayıda bilmədik.

 

Bax, elə fevral hadisələrindən bir neçə gün əvvəl belə bir hadisə ilə qarşılaşdıq.

 

- Ailə üzvlərinizdən yaralanan, əsir düşən oldumu?

 

 - Yoldaşım Qarqar çayından qadınları və uşaqları keçirmək üçün kömək edirdi. O, tələyə düşərək əsir götürüldü. Hər gün Əsgərandan keçəndə ürəyim qan ağlayır. Əsir götürüldüyü yerdə ermənilər qadına qarşı qeyri-etik hərəkət etməyə cəhd ediblər. Yoldaşım həmin an onlara deyib: “Qadınlarla işiniz olmasın. Kişi kişiylə danışar. Sizin hərəkətiniz kişiliyə sığan hərəkət deyil". Elə o vaxtdan yoldaşımı götürüb aparıblar və o gündən bu yana onun taleyi haqqında heç bir məlumatımız yoxdur.

 

Bir qardaşım şəhid oldu, digəri isə ayağını itirdi. Bacımın yoldaşının da ayağını kəsdilər. Anam, atam, üç qardaşım və digər ailə üzvlərimiz kəhrizə sığınmışdılar.

 

- Siz necə bildiniz ki, yoldaşınız şəhid olub?

 

- Orada olanlar geri qayıdanda içlərində iş yoldaşım da var idi. O, söhbət əsnasında dedi ki, vəziyyət belə olub. Biz sonra dəfələrlə axtardıq, amma heç bir məlumat ala bilmədik. O dövrdə 1275 nəfər əsir götürülmüşdü və onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Elə həmin şəxslərdən biri də yoldaşımdır.

 

Həmçinin, qardaşım da şəhid olub. O, təzə evlənmişdi, övladı yox idi. Bir qardaşımın və bacımın yoldaşının ayağını kəsmişdilər. Anam həmin vaxt heç kimi küçəyə çıxmağa qoymadı, çünki ermənilər artıq şəhərə dolmuşdular.

 

Bizim 2 mərtəbəli evimiz və evin altında bir kəhrizimiz vardı. Anam, atam, 3 qardaşım, 3 gəlinimiz və bir yaşında qardaşımın övladı həmin kəhrizə sığınmışdılar. O məqamda yaşanan bir hadisəni sizə demək istəyirəm.

 

- Buyurun.

 

 - Həmin dəqiqələrdə qardaşımın övladı ac və susuzluqdan ağlamağa başlayır. O an qardaşımın yoldaşı uşağın ağzına öz dilini salıb ki, uşaq sakitləşsin. Çünki uşağın səsini ermənilər eşitsələr, onları dərhal güllələyərdilər. Biraz gözlədikdən sonra gördülər ki, ermənilər onları tapmayıb. Daha sonra oradan uzaqlaşıb meşəyə qalxdılar. 1 gün meşədə qalmalı oldular. Anam öz köynəyinin ayağını cırıb qardaşımın ayağını sarıyıb. Ailə üzvlərim çox çətin və izah edilməsi çətin günlər yaşayıblar.

 

Qayınatam el ağsaqqalı olub. O, ömrü boyu özünü bağışlaya bilmədi, həmişə deyirdi: “Mən də oğlumun arxasınca posta getsəydim, bəlkə onu xilas edə bilərdim". Həmin gün sabaha qədər evdə oturub yoldaşımı gözlədi ki, gəlsin və bir yerdə getsinlər, amma bu mümkün olmadı.

 

- Danışdıqlarınız sanki bir yuxu kimidir. Həqiqətən də inanmaq olmur ki, Azərbaycan xalqı belə bir faciə ilə üz-üzə gəldi. Yaşadığınız ağrı dolu günlərinizi yuxularınızda görürsünüzmü?

 

- Mən aylarla yata bilmirdim, yuxu nədir, heç bilmirdim. Ümumiyyətlə, göz qırpa bilmirdim. Daha sonra atam məni həkimə apardı və müalicə almağa başladım. Qan təzyiqim demək olar ki, hər zaman yüksək olur. Bir neçə gün əvvəl yaşadığımız həmin günləri yenə yuxuma gəldi. Gördüm ki, hamı məni “Namiqi vurdular, Namiq öldü”, deyə çağırmağa başladılar. Namiq şəhid olan qardaşımdır. Yuxuda çox istədim qışqıram, amma nə etdimsə qışqıra bilmədim. Ürəyim az qala partlayırdı. Həmin gün yuxudan oyandım ki, hələ də yuxunun təsirindəyəm və qan təzyiqim çox aşağı düşüb.

 

Yol gözləmək çox çətindir. Uşaqlarım həyatı boyu atalarının yolunu gözlədilər. Elə hey “atam bu gün gələr, sabah gələr” dedilər. Bir dəfə məktəb direktoru mənə söylədi ki, böyük oğlumun qolundan tutub aparırmış, çünki bir şirkət uşaqlara yardıma gəlibmiş. O vaxt qızım 1-ci sinifdə oxuyurdu. Arxadan qaça-qaça gəlib dedi: “Hara gedirsən?” Oğlum da deyib ki, “nə bilim, müəllim məni aparır”. Qızım həmin müəllimə “mənim qardaşımı niyə aparırsız? Ora şəhid uşaqlarını aparırlar, amma bizim atamız sağdır, o gələcək”,- dedi.

 

32 ildən sonra ölən insanların nəşi tapılana qədər övladlarım yol gözlədilər. Uşaqlar, ölən insanlara edilən zülmü bildikdən sonra dedilər ki, istəmərik ki, atamız sağ olsun, çünki 32 il zülüm çəkməsinə dözə bilmərik. İndiyə qədər anlamırdıq, lakin indi arzulamırıq ki, atamız sağ olsun.

 

- Hər il fevralın 26-sı yaxınlaşdıqda nə hiss edirsiniz?


- Fevral ayında gözümüzə yuxu getmir. O qanlı günləri kim unuda bilər? Ətrafımızda hər kəsə böyük ziyan dəydi. Hələ də əsir düşən ailə üzvlərimizdən xəbər yoxdur. Xocalıda təsadüfən olar ki, hansısa ailəyə ziyan dəyməsin.

 

Əmimqızını 3 uşağı ilə birlikdə ermənilər tərəfindən əsir götürülmüşdü. Uşaqlardan biri qundaqda, biri 1-ci sinfə gedirdi, digəri isə balacaydı. Əmim nə qədər çalışdısa da, onları geri ala bilmədi. Amma sağ olduqlarını bilirdik. Hələ də taleyindən xəbərsizik. Buna görə də bu tarixi unutmaq bizim üçün çox çətindir.

 

Bu gün bir tarix müəllimi olaraq şagirdlərimə həmin günlər haqqında məlumat verirəm. Çünki yaşananları unutmamalıyıq. İnanın, ilk illərdə dərs keçərkən o qədər əziyyət çəkirdim. Xocalı soyqırımında şəhid olan 63 uşağın balaca bacı və qardaşları, müharibə mövzusu düşəndə, “Müəllim, bəs mənim qardaşımı niyə öldürdülər? Axı o əsgər deyildi, əlində silahı yox idi”, deyirdilər. Məni həmin an kədər boğurdu.

 

 - Tamella müəllim, heç ağlınıza gəlirdimi ki, torpaqlarınıza dönəcəksiniz?

 

 - Hər nə olursa olsun, ümidimizi itirmirdik. Lakin bir yerdən sonra insanların ümidi qırılmağa başlayırdı. Mən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevə inanırdım. Müharibə başlayacağı ərəfələrdə biz Goranboyda idik. Həmin gecə şəhidlərimiz gəlirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz müharibə zamanı bir daha xalqımızın birliyinə şahid olduq. İnsanlar əsgərlərimiz və ordumuz üçün əlindən gələni edirdilər.

 

 - Bəli, biz bu birliyin və inamın nəticəsində qələbəyə qovuşduq. İlk dəfə eşidəndə ki, torpaqlarımız azad olunur, həmin an nəyi düşündünüz?

 

 - Cənab Prezidentin dilindən eşidəndə, sevincimizin həddi-hüdudu olmadı. 32 illik həsrətdən sonra torpaqlarımıza qayıtmaq böyük xoşbəxtlikdir. Sevincdən ağlayan kim, ürəyi gedən kim... Uşaqdan böyüyə hamımız o qədər sevinmişdik. Çünki torpaq hər birimiz üçün əzizdir.

 

- İlk dəfə Xocalıya nə zaman getdiniz?

155626
- İlk dəfə Xocalıya keçən il fevralın 26-sı gəldim. Həmin vaxt Prezidentin Xocalı sakinləri ilə görüşü baş tutdu. Görüşə 26 nəfər seçilmişdi və onlardan biri də mən oldum. Prezident sanki yaxın ailə üzvləri ilə görüşürdü. Yəni bizimlə o qədər səmimi idi. Hər birimizlə salamlaşıb təbrik edirdi.

 

- Bu gün Xocalı məktəbində şagirdlərinizə hansı mesajı verirsiniz?


- Şagirdlərimə şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs edirəm. Onlara torpağın necə əziz olduğunu və lazım gəlsə, vətən üçün canlarını fəda etməli olduqlarını izah edirəm. Xocalıda həm sevinirəm, həm də kədərlənirəm. Çünki doğmalarımı burada görə bilmirəm. Amma 32 illik həsrətimiz vüsala çevrildi.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox