Azedu.az

"Axırıncı dəfə uşaqlar üçün çay süzüb getdi" - Bərdə terrorundan geridə qalanlar...

Müsahibə və reportajlar

28 Oktyabr 2024, 16:12
"Axırıncı dəfə uşaqlar üçün çay süzüb getdi" - Bərdə terrorundan geridə qalanlar...

Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Bərdə rayonudur. Belə ki, Bərdə rayonuna ilk dəfə oktyabrın 5-də raket atılıb.

 

Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olmuşdur. Həlak olanlardan biri də şəhid Cavid Rüstəmovdur.

 

Cavid Rüstəmovun 2 övladı da məktəblidir. Oğlu Tunar Rüstəmov 10-cu sinifdə, qızı Fidan Rüstəmova isə 9-cu sinifdə təhsil alır.

 

AzEdu.az Təhsil Portalı olaraq şəhidin yoldaşı Rüqsarə Rüstəmova ilə əlaqə saxladıq.

 

Rüqsarə xanım bildirib ki, hadisə baş verdiyi vaxt aptekdəymiş:

 

“Artıq hadisənin baş verməsindən 4 il ötür, amma mən həmin günü dünən kimi xatırlayıram. Hadisə baş verəndə mən aptekdəydim. Bilirdim ki, yoldaşım da həmin gün “ASAN xidmət”ə gedəcək. Çünki mənə 3 dəfə zəng edib, bildirmişdi. Mən aptekdə olanda bütün rayonu bir səs bürüdü. Çox böyük bir gurultu idi. Həmin an Bərdəyə ilk dəfə raket atılırdı. Amma çox adam fikirləşdi ki, yəqin zəlzələ olur.

 

Sonradan hamımıza məlum oldu ki, düşmənlər raket atıblarmış...

 

Övladlarım evdə tək idilər deyə, çox təlaşlandım. Onda yaşları da az idi. Birinin 12, birinin 10 yaşı olardı. Çox həyəcan və qorxu hissi yaşadım. O zaman ağlımdan yoldaşımla əlaqə saxlamaq keçdi. Bildirmək istəyirdim ki, Bərdəyə raket atılıb.

 

Sən demə yoldaşım raket atılan yerdəymiş. Mənim bundan son ana qədər xəbərim olmadı. Dəfələrlə ona zəng etdim. Telefon çağırsa da, o, götürmürdü. Çox adam qorxudan yerə əyilmişdi, lakin mən aptekdən çıxıb, yola qaçdım”.

 

Həmin vaxt uşaqların evdə tək olmasına görə təlaşlanan şəhid yoldaşı o gün keçirdiyi qorxunu unuda bilmədiyini söyləyir:

 

“Həmin gün yaşadığım qorxunun bu gün də üstəsindən gələ bilmirəm. Uşaqlarımın həmin anda evdə tək olması, vəziyyətlərindən xəbərsiz olmağım məni dəhşətə gətirmişdi.

 

Hadisədən aldığım travmadan sonra psixoloqa müraciət etdim. Amma bunun heç bir faydası olmadı. Nə etsəm də, o qorxunu ürəyimdən ata bilmirəm.

 

Aptekdən çıxandan sonra avtobusa mindim, elə həmin marşrut hadisə yerindən keçmişdi. Sərnişinlərin sözlərindən eşidirdim ki, kim isə yaralanıbmış. Mən haradan biləydim ki, həmin şəxs yoldaşımdır? Ağlımda tək fikir evə gedib çatmaq, övladlarımın yaxşı olduğunu görmək idi. Həmin müddətdə də, yoldaşıma zəng vurmağa davam edirdim. Lakin zənglərim cavabsız qalırdı...

 

Axır ki, evə çatmışdım. Uşaqlar çox qorxmuşdular. Mənim onlardan olduğum kimi, onlar da məndən nigaran qalmışdılar. Hətta dedilər ki, elə bildik sənə nəsə olub. Uşaqlardan soruşdum: “bəs, atanız haradadır?”.  Dedilər ki, ataları az öncə gəlib, onlar üçün çay süzdükdən sonra evdən çıxıb. Sən demə yoldaşımın “ASAN xidmət”də işi alınmayıb, evə qayıdıbmış.

 

Bu günə qədər övladlarım hər 5 oktyabrda deyirlər ki, “ana, atam axırıncı dəfə bu gün idi ki, bizə son dəfə çay süzüb getdi”.

 

147965

Biz hələ yoldaşımdan xəbər tutmamışdıq. Atam mənə zəng etdi ki, uşaqları da götürüb onlara gəlim. Bərdəyə ilk dəfə raket atıldığı üçün hamı təşviş içində, küçələrə yığılmışdı. Yolda insan əlindən tərpənmək mümkün deyildi.

 

Həyəcandan halımın dəyişdiyi üçün atam gilə çatan kimi mənə su verdilər. Elə bu zaman tanımadığım bir nömrədən mənə zəng gəldi. Telefonu açanda məndən soruşdular ki, siz Cavidin yoldaşısınız? Mənim artıq səsim titrəməyə başlamışdı. “Bəli”,- deyə cavab verdim. “Cavid bəy ayağından azca yaralanıb. Qorxmayın, vəziyyəti pis deyil. Xəstəxanaya gələ bilərsiniz?”, - dedilər. Onun ayaq hissəsinin amputasiya edilməsi ilə bağlı mənə heç nə deyilməmişdi. Cavidi Bakıya gətirməli olduq. Orada cəmi 1 gün yaşadı. Ümumiyyətlə, yaralandıqdan 2 gün sonra yoldaşımı itirdik. O günlərin qorxusunu hələ də yaşayıram. Uşaqlarım da çox əziyyət çəkirlər”.

 

Həmsöhbətimiz söyləyib ki, yoldaşı övladlarına çox bağlıydı:

 

“Cavidin uşaqlarla bağlı çox arzusu var idi. Oğluma həmişə deyirdi ki, “sənin yaxşı ali məktəbə qəbul olub, iş adamı olduğunu görmək istəyirəm”. Onları ədalətli, mərhəmətli insan olmağa çağırırdı. İstəyirdi ki, qızımız gələcəkdə “ASAN xidmət”də işləsin. Hər bir valideyn kimi övladlarımızın xoş günlərini arzulayardı. Həqiqətən də uşaqları çox istəyərdi. O, çox yaxşı ataydı.

 

Övladlarım Cavidin yoxluğuna hələ də alışa bilmirlər. Nə etsəm də gözlərindəki kədəri silə bilmirəm. Hazırda işləyirəm və əlimdən gəldiyi qədər uşaqlarımı xoşbəxt etməyə çalışıram. Amma atalarının yoxluğu onlara pis təsir edir”.  

 

Müsahibimiz qeyd edib ki, Bərdədən öncə Gəncəyə ilk dəfə raket atılanda yoldaşına oradan köçməyi təklif edib:

 

“Lakin yoldaşım bu fikirlə razı olmayıb, heç bir yerə getmək istəmədiyini deyirdi. Yadıma gəlir, televizorda Gəncə terroru ilə bağlı xəbərləri izləyəndə yoldaşım dediyirdi: “Bizə nə olursa, olsun, kaş uşaqlara heç nə olmaya”. Uşaqlara qarşı son dərəcədə mərhəmətli idi.

147968

O, həqiqətən də şəhid adına layiq bir insan idi. Çox yaxşı yoldaş, ən önəmlisi yaxşı ata olub. İnanırsınız, indiyə qədər uşaqlarımla bağlı heç bir çətinlik çəkməmişdim. Çünki yoldaşım şəxsən onlarla maraqlanardı. O, işə geciksə belə uşaqları məktəbə tək yola salmazdı”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox