Təhsil İnstitutu “Müasir metodist” layihəsi çərçivəsində müxtəlif regionların ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistələrə peşəkar dəstək məqsədilə vebinar təşkil edib.
İnstitutdan AzEdu.az bildirilib ki, 29 may tarixində keçirilən “Dinləyib-anlama bacarıqları” adlı vebinarın əsas məqsədi metodistlərə şagirdlərdə dinləmə bacarıqlarının inkişaf etdirilməsi yolları və tətbiqi üsullarının öyrədilməsi olub. Tədris prosesində dinləmədən əvvəl, dinləmə zamanı və dinləmədən sonra edilə biləcək tapşırıqların yerinə yetirilməsi qaydaları səviyyələndirilərək (asan, orta, çətin), mərhələli şəkildə izah edilib. Müəllimlərə dinləmə bacarıqlarını effektiv şəkildə tədris etmək üçün praktik və yaradıcı alətlər təqdim olunub.
Vebinarın davamında müəllimlərə dinləmə mətni təqdim olunub və mətn əsasında iş aparılıb. Metodistlər şagirdlərin mövzuya marağını artırmaq, mövzunu proqnozlaşdırmaq və zehni hazırlıq yaratmaq məqsədilə dinləmədən əvvəl, dinləmə zamanı, və dinləmədən sonrakı prosesə aid nümunə tapşırıqları hazırlayıb, müzakirə aparıblar.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən vebinarlar metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına yönələn mühüm təşəbbüslərdəndir.
Layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.