Azedu.az

İctimai-siyasi xadim Əsgər Əsgərov 70 illik yubileyini qeyd edir

Müəllimlər və elm adamları

8 Mart 2025, 11:59
İctimai-siyasi xadim Əsgər Əsgərov 70 illik yubileyini qeyd edir

Şöhrət ordenli Azərbaycan ictimai-siyasi xadimi Əsgər Əsgərov 70 illik yubileyini qeyd edir. O, 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.

AzEdu.az xəbər verir ki, Əsgər Əli oğlu Əsgərov 4 mart 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kəndində anadan olub. 1961-ci ildə Qoşadizə kənd orta məktəbinə daxil olub, 1971-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbi bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində ali təhsil alıb.

O, 1976-1979-cu illərdə “Sumqayıt Kimya Sənayesi” İstehsalat Birliyində mühəndis-riyaziyyatçı və mühəndis, 1979-cu ildə Naxçıvan rayon Rabitə Qovşağında teleqrafist, 1979-1980-ci illərdə Varonej şəhərində “Əsas Hesablama Mərkəzi”ndə mühəndis, 1980-ci ildə Naxmeliorasiya Su Tikinti Trestində baş mühəndis, 1980-1981-ci illərdə Naxçıvan Muxtar Respublikası Statistika İdarəsində mühəndis-proqramçı, 1981-1988-ci illərdə mühəndis texniki, İqtisadi və Statistik Məsələlərin Proqramlaşdırılması Alqoritmizasiya bürosunda müdir, 1988-1989-cu illərdə Proqramlaşdırma və Riyazi Sistemlərlə Təminetmə bürosunda aparıcı mühəndis-proqramçı, 1989-1991-ci illərdə Bakı Elmi Tədris Mərkəzində aparıcı mühəndis-proqramçı, 1991-1993-cü illərdə isə həmin elmi mərkəzdə şöbə rəisi kimi çalışıb.

Əsgər Əsgərov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilib. 1990-cı illərin əvvəllərində bütün respublikada olduğu kimi, Naxçıvanda da siyasi və ictimai vəziyyət son dərəcə gərgin idi. Erməni separatçılarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklər, respublika rəhbərliyinin qeyri-müəyyən və tərəddüdlü mövqeyi, eləcə də Sovet rəhbərliyinin Azərbaycana qarşı sərgilədiyi açıq-aşkar qərəzli siyasət ölkəni dərin böhran girdabına sürükləmişdi. Sovet İttifaqının özünün son günlərini yaşadığı bir vaxtda Azərbaycan rəhbərliyi müstəqillik yolunda əllərinə düşmüş bu nadir fürsətdən yararlanmaqda acizlik göstərirdi. 

Belə bir ağır vaxtda o dövrdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olan Heydər Əliyev milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm addımlar atdı. O, Naxçıvanda milli kimliyin və müstəqillik ideyasının dirçəlməsi üçün qətiyyətli fəaliyyətə başladı. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü ilə Naxçıvanın ali qanunvericilik orqanında üçrəngli bayraq ucaldılıb. Bu, yalnız bir simvolun qaldırılması deyildi – bu addım Azərbaycanın gələcək müstəqilliyinin anonsu, xalqın milli iradəsinin ifadəsi idi. Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb və qanunverici orqanın adı dəyişdirilərək “Ali Məclis” adlandırılıb. Bununla əlaqədar olaraq Əsgər Əsgərov 1990-cu ildən etibarən 1995-ci ilə qədər Naxçıvan MR Ali Məclisinin deputatı olub.

Naxçıvanda baş verən tarixi hadisələr qısa müddət sonra bütün Azərbaycana təsir etdi. 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti respublikanın rəsmi adının dəyişdirilməsi və dövlət bayrağı haqqında mühüm qərarlar qəbul edib. O dövrdə Naxçıvan MR Ali Məclisi yalnız muxtar respublikanın deyil, ümumilikdə Azərbaycanın ali qanunverici orqanı üçün nümunəvi bir mövqe sərgiləyirdi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan əhalisinin təkidli tələbi ilə Ali Məclisin sədri seçildi. O, muxtar respublikaya rəhbərlik etməyə başladığı ilk gündən dövlət quruculuğu, idarəetmənin təkmilləşdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi və xarici əlaqələrin qurulması istiqamətində mühüm addımlar atdı. Naxçıvanın müdafiə və hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi.

Naxçıvanda atılan bu tarixi addımların paralelində Azərbaycanda hakimiyyətin səriştəsizliyi ölkədə siyasi və iqtisadi böhranı daha da dərinləşdirirdi. Heydər Əliyevin nüfuzundan çəkinən iqtidar onu siyasi proseslərdən uzaqlaşdırmağa çalışsa da, xalqın ona olan inamı getdikcə güclənirdi. Belə bir vaxtda bütün təzyiqlərə baxmayaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Bu, ölkənin blokada şəraitində olan bölgəsində, paytaxtdan uzaqda baş tutan ilk siyasi təşəbbüs idi. Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin siyasi həyatında önəmli yer tutan güclü bir qüvvəyə çevrildi.

Bu dövrdə siyasi fəaliyyətini davam etdirən Əsgər Əsgərov da 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. O, Naxçıvan MR Ali Məclisində 1993-1994-cü illərdə Dövlət Quruculuğu, Yerli Dövlət və İctimai Təşkilatlarla İş şöbəsində referent, 1994-cü ildə Yerli Dövlət Hakimiyyəti Orqanları şöbəsində baş referent, 1994-1995-ci illərdə İş İdarəsinin İqtisadiyyat və Qanunvericilik şöbəsində müdir müavini, 1995-1997-ci illərdə İşlər İdarəsinin İqtisadiyyat və Qanunvericilik şöbəsində baş referent, 1997-2001-ci illərdə isə Dövlət Quruculuğu, Yerli Hakimiyyət Orqanları və İctimai Təşkilatlarla İş şöbəsində müdir vəzifəsində fəaliyyət göstərib.

Əsgər Əsgərov uzun illər tutduğu müxtəlif vəzifələrdə yerli idarəetmənin təkmilləşdirilməsi, iqtisadi və hüquqi məsələlərin həlli, normativ sənədlərin hazırlanması və yerli qurumların işinin koordinasiyası ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsində iştirak edib. 25 oktyabr 2001-ci ildə o, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri təyin olunub. Onun rəhbərliyi altında komitə su təchizatı və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi üzrə bir sıra mühüm layihələr həyata keçirib. Komitə xüsusən də suvarma və su ehtiyatlarının idarə olunması sahəsində bir çox mühüm addımlar atıb, müasir texnologiyalar tətbiq edilərək suvarılan ərazilər genişləndirilib və modernləşdirilib. Əsgər Əsgərovun rəhbərliyi ilə komitə eyni zamanda ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək bu sahədə ixtisaslı kadrların hazırlanmasına dəstək olub.

Əsgər Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 iyun 2008-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

4 mart 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar Dövlət Qulluqçusu” fəxri adına layiq görülüb.

O, həmçinin Prezidentin 5 iyun 2015-ci il tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Əsgər Əsgərov hal-hazırda elmi fəaliyyət ilə məşğuldur.

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox