32 il bundan öncə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında xidmətləri olan Yeni Azərbaycan Partiyası (YAP) yarandı. YAP-ın yaranması xalqın ictimai-siyasi, mədəni-mənəvi intibahına töhfə verdi. Təsadüfi deyil ki, Azərbaycan təhsili YAP-dan sonra özünün ən çox inkişaf edən dövrünə qədəm qoydu.
AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Ceyhun Məmmədov bildirib ki, Ulu Öndərin hakimiyyətə gəldiyi andan etibarən elm və təhsilə xüsusi diqqət ayırılıb:
“Bir qrup Azərbaycan ziyalısı Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndər ətrafında birləşməsi barədə təşəbbüs irəli sürdülər. Beləcə, 21 noyabr 1992-ci ildən etibarən Yeni Azərbaycan Partiyası (YAP) fəaliyyətə başladı. Partiya qısa müddət ərzində çox sayda insanı ətrafında birləşdirə bildi.
1993-cü ildə YAP hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Ulu Öndərin ən çox diqqət göstərdiyi sahələrdən biri məhz elm və təhsil oldu. Heydər Əliyev Prezident seçildikdən sonra ilk görüşlərini alimlərlə, ziyalılarla etdi. Hətta çıxışlarından birində “Eşidirəm ki, Milli Elmlər Akademiyasını bağlamaqla bağlı çağırışlar səsləndirilir, amma bu fikirlər qəbuledilməzdir”,-demişdi. Elə bu çıxışından da bir daha aydın oldu ki, Ümummilli Lider Azərbaycan təhsilinin inkişafına çalışır.
Sonrakı dövrlərdə Heydər Əliyev təhsil sahəsində islahatlarla bağlı mühüm qərarlar qəbul etdi, təhsilin tənzimlənməsi üçün müəyyən işlər gördü. O, davamlı olaraq ziyalılarla görüşür, universitetlərə gedir, təhsilin önəmini xüsusi olaraq vurğulayırdı.
Cənab Prezident İlham Əliyevin dövründə də Ulu Öndərin siyasəti qaldığı yerdən davam etdirildi. Yeni universitetlər, təhsil müəssisələri fəaliyyətə başladı. Bu gün biz davamlı olaraq müxtəlif məktəblərin, ali təhsil müəssisələrinin təsis olunduğunun şahidi oluruq. Təkcə bu il Qarabağ və Türkiyə-Azərbaycan Universitetinin açılması bütün azərbaycanlılar üçün möhtəşəm bir xəbər oldu.
Bütün bunlar YAP-ın Azərbaycan təhsilinin inkişafını nə dərəcədə önəm verdiyinin, diqqət və qayğı göstərdiyinin nəticəsidir. YAP-ın Azərbaycana rəhbərliyi dövründə ölkəmizin uğurlarının daha da artacağına şahid olacağlıq”.