AzEdu.az müəllimlərin iş yerinin dəyişdirilməsi (yerdəyişmə) müsabiqəsi ilə bağlı ən çox verilən suallara cavabları təqdim edir.
-Yerdəyişmə müsabiqəsində kimlər iştirak edə bilər?
-Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər sözügedən müsabiqədə iştirak edə bilərlər.
-Müsabiqə zamanı hər hansı imtahan keçiriləcək?
-Xeyr, hər hansı imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses İnsan Resursları Mərkəzi tərəfindən bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.
-Yerdəyişmə müsabiqəsində iştirak etmək istəyən müəllim hansı imtahan nəticəsi seçə bilər?
-Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə və ya işə qəbul müsabiqəsi nəticəsini seçə bilər.
-İki ixtisas malik olan müəllim hazırda işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisas üzrə iş yerini dəyişə bilər?
-Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisasa uyğun olaraq dəyişdirilir. Yəni, müəllim ikinci ixtisası üzrə imtahanda iştirak edibsə, iş yerini həmin ixtisas üzrə də dəyişdirə bilər.
-Daimiləşmə müsabiqəsində uğur qazanan şəxslər yerdəyişmə müsabiqəsində iştirak edə biləcəklər?
-Xeyr, həmin şəxslərlə növbəti tədris ilindən müddətsiz əmək müqaviləsi bağlanılacağı üçün yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.
-İş yerini dəyişmək istəyən müəllimlərin imtahan ballarının bəzi sosial amillərə əsasən artım əmsalı ilə hesablanması nə zaman və kim tərəfindən həyata keçiriləcək?
-Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra namizədlərin ərizələrində qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.
-Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər işə qəbul müsabiqəsində iştirak edərək iş yerini dəyişə bilərmi?
-Həmin müəllimlər 2019-2020-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Qeyd edək ki, suallar İnsan Resursları Mərkəzinin rəsmi facebook səhifəsinə istinadən cavablandırılıb.