Azedu.az

Müəllim “günah keçisi” deyil: “Uşağın davranışı evdə formalaşır”

Məktəblər

Müəllimlər və elm adamları

24 Sentyabr 2025, 12:45
Müəllim “günah keçisi” deyil: “Uşağın davranışı evdə formalaşır”

Müəllim nə qədər bacarıqlı olsa da, uşağın gündəlik həyatının cəmi bir hissəsinə təsir edə bilir. Əgər evdə uşaq sevgi, qayğı, diqqət, qarşılıqlı hörmət görmürsə, yaxud əksinə, aqressiv münasibət, zorakı üslubla böyüyürsə, təbii ki, məktəbdə də bu davranışların təzahürünü göstərir.

Bu sözləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah  Həsənli  söyləyib.

168550O qeyd edib ki, bir çox valideynlər övladlarını tərbiyədə başlı-başına buraxır, sonra isə baş verən neqativ hallarda məsuliyyəti yalnız məktəbin üzərinə atırlar:

"Son günlərdə məktəblərdə şagirdlərin bir-birlərinə xəsarət yetirməsi ilə bağlı xəbərlər cəmiyyətimizdə təəssüf doğurur. Əslində, burada bir vacib həqiqəti unutmamalıyıq: hər şey evdən başlayır. Uşağın ilk müəllimi valideynidir, onun ilk məktəbi isə ailədir. Uşaq evdə necə davranış görürsə, hansı ünsiyyət tərzi ilə böyüyürsə, hansı emosional mühitin içində formalaşırsa, bunu məktəb mühitinə də daşıyır. Bu səbəbdən məsuliyyətin ən böyük payı valideynlərin üzərinə düşür".

Biz çox zaman hadisələr baş verdikdən sonra günahkar axtarmağa çalışırıq:

"Təəssüf ki, barmaqlar tez-tez məktəbə və müəllimlərə tuşlanır. Amma reallıq budur ki, müəllim nə qədər bacarıqlı olsa da, uşağın gündəlik həyatının cəmi bir hissəsinə təsir edə bilir. Əgər evdə uşaq sevgi, qayğı, diqqət, qarşılıqlı hörmət görmürsə, yaxud əksinə, aqressiv münasibət, zorakı üslubla böyüyürsə, təbii ki, məktəbdə də bu davranışların təzahürünü göstərir.

Burada əsas məsələ valideynlərin məsuliyyəti dərk etməsidir. Uşağa yalnız yemək, geyim, dərs ləvazimatı təmin etmək kifayət deyil. Onun psixoloji dünyası ilə maraqlanmaq, duyğularını dinləmək, sərhədləri düzgün qoymaq, davranışına nəzarət etmək hər bir valideynin borcudur. Təəssüf ki, bir çox valideynlər övladlarını tərbiyədə başlı-başına buraxır, sonra isə baş verən neqativ hallarda məsuliyyəti yalnız məktəbin üzərinə atırlar".

Heç vaxt müəllimi "Günah keçisi" etmək doğru deyil:

"Məktəbin üzərinə düşən öhdəlik isə təbii ki, pedaqoji yanaşmanı və nizam-intizamı qorumaqdır. Müəllimlərin də şagirdlərlə ünsiyyətdə psixoloji hazırlığı gücləndirilməlidir. Lakin heç vaxt müəllimi "Günah keçisi" etmək doğru deyil. Müəllim gün ərzində 20-30 uşaqla işləyir, amma onların hər birinin ailədən gətirdiyi davranış modelini dəyişmək imkanında olmur.

Çıxış yollarına gəldikdə isə: birincisi, valideyn-məktəb əməkdaşlığı daha səmimi və davamlı qurulmalıdır. Uşaqla bağlı məsələ olanda məktəb valideynlə, valideyn isə məktəblə açıq dialoq qurmalıdır. İkincisi, valideynlərin maarifləndirilməsi ön plana çəkilməlidir. Uşağın texnologiyadan istifadəsi, sosial şəbəkələrdə qarşılaşdığı məzmun, dost çevrəsi valideyn tərəfindən izlənilməlidir. Üçüncüsü, məktəbdaxili psixoloji xidmətlər də gücləndirilməlidir, lakin bunlar valideyn məsuliyyətini əvəz etmir".

Hadisələrin qarşısını almağın açarı evdədir:

"Mənim fikrimcə, bugünkü problemlərin çoxu ailədən qaynaqlanır. Biz məktəbi, müəllimi nə qədər ittiham etsək də, uşağın davranışının təməli evdə qoyulur. Əgər valideyn övladına hörmət, empatiya, qarşılıqlı anlayış, mübahisəni zorakılıqla deyil, dialoqla həll etməyi öyrədirsə, o uşaq məktəbdə də bu davranışı davam etdirəcək.

Yəni məsələyə münasibətim budur: hadisələrin qarşısını almağın açarı evdədir. Məktəb dəstəkləyici mühit rolunu oynaya bilər, amma əsas tərbiyə məktəbdə yox, ailədə formalaşır. Biz valideyn məsuliyyətini gücləndirmədən, uşağa evdə düzgün dəyərlər vermədən məktəbdə zorakılığın qarşısını tam almaq mümkün olmayacaq".

Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində
Son xəbərlərDaha çox