Dünyanın müxtəlif ölkələrində məktəblər yay fasiləsindən sonra fərqli tarixlərdə fəaliyyətə başlayır. Tədris ili və tətil müddəti ölkələrin təhsil sisteminə, iqlim şəraitinə və yerli qaydalara görə dəyişir.
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Rusiya Federasiyasında dərs ili rəsmi olaraq 1 sentyabrda başlayır və bu tarix "Bilik Günü" kimi qeyd olunur. Dağıstanda da, eyni təhsil sisteminə daxil olduğu üçün dərslər məhz həmin tarixdə başlayır.
Çində isə dərslər avqustun sonu və ya sentyabrın əvvəllərində başlayır. Bu tarix bölgədən-bölgəyə dəyişə bilər.
Yaponiyada isə vəziyyət bir qədər fərqlidir. Burada dərs ili apreldə başlayır, lakin yay tətili iyulun sonundan avqustun sonuna qədər davam edir. Sentyabrda dərslər davam etsə də, bu, yeni dərs ili yox, ilin ikinci yarısının başlanğıcı sayılır.
Cənubi Koreyada yay tətili iyul-avqust aylarında olur və dərslər avqustun sonunda bərpa edilir.
Hindistanda isə iqlim və region fərqləri nəzərə alınaraq yay tətilinin müddəti dəyişir. Lakin əksər bölgələrdə məktəblər iyun və ya iyul aylarında açılır.
Avropa ölkələrində də təhsil sistemlərində oxşar yay fasiləsi mövcuddur.
Almaniyada məktəblərin açılış tarixi federal əyalətlərə görə dəyişir, amma əsasən avqust və ya sentyabr aylarında dərslər başlayır. Fransada məktəblər sentyabrın ilk həftəsində fəaliyyətə başlayır.
Finlandiyada isə dərslər avqustun əvvəlində bərpa olunur. İtaliyada sentyabrın ortalarına yaxın dərslər başlayır, Böyük Britaniyada isə sentyabrın əvvəlində məktəblər açılır.
Amerika Birləşmiş Ştatlarında isə vəziyyət daha fərqlidir. Burada hər ştatın və hətta məktəb dairəsinin öz tədris təqvimi var. Amma ümumilikdə məktəblər avqustun ortaları və ya sonu, bəzi hallarda isə sentyabrın əvvəlində açılır.
Gürcüstanda məktəblər sentyabrın əvvəlində və ya ortasında fəaliyyətə başlayır.
Ermənistanda isə dərs ili ənənəvi olaraq 1 sentyabrda başlayır.
Özbəkistan 2 sentyabr tarixini rəsmi olaraq dərs ilinin başlanğıcı kimi müəyyən edib. Qırğızıstanda da məktəblər 1 sentyabrda fəaliyyətə başlayır. Türkiyədə isə yay tətili iyunun ortalarında başlayır və dərslər sentyabrın ortalarında bərpa olunur.