Məktəb həyatı yalnız dərslərlə məhdudlaşmır. Günün böyük bir hissəsini məktəbdə keçirən şagirdlər üçün bu mühit həm də sosiallaşma, istirahət və gündəlik ehtiyacların qarşılandığı yerdir. Bu ehtiyacların başında isə qidalanma dayanır. Məhz buna görə də şagirdlərin acan kimi üz tutduqları ilk yer - məktəb bufetləridir. Məktəb bufetləri şagirdlərin gün ərzində əsasən qida ehtiyaclarını qarşıladıqları yerlərdir. Şagirdlərin bir çoxu evdən səhər yeməyi yemədən məktəbə gəlir və ilk fürsətdə ac qarınla bufetə üz tutur. Bufetin onların ehtiyaclarını necə qarşıladığı isə həm valideynləri, həm də təhsil və səhiyyə qurumlarını düşündürməlidir. Təəssüf ki, bir çox məktəb bufetlərində qazlı və süni şirinləşdirilmiş içkilər, şokolad, konfet, fast-food tipli qidalar satılır. Bu qidalar doyurucu olsa da, nə faydalıdır, nə də təhlükəsizdir. Gündəlik olaraq bu cür məhsullarla qidalanmaq piylənmə, şəkərli diabet, mədə-bağırsaq pozğunluqları və diş çürüməsi kimi sağlamlıq problemlərinə yol açır. Qazlı içkilər və şirin sular, kruassan, şokolad, hazır sendviçlər və fast-food məhsulları, qızardılmış və trans-yağlarla zəngin qidaların əksəriyyəti yüksək kalorili, lakin vitamin və minerallarla kasıbdır. Davamlı şəkildə bu tip məhsullarla qidalanan uşaqlarda piylənmə, şəkərli diabet, mədə-bağırsaq problemləri və diş çürüməsi kimi xəstəliklərin riski artır.
Qeyd edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub. Ancaq buna baxmayaraq bu gün məktəb bufetlərinin çoxunda bu məhsullar şagirdlərə təklif olunur.
Bəzi məktəb bufetlərində satılan məhsulların saxlanma şəraitində, keyfiyyətinə də ciddi nəzarət olunmur. Bir neçə dəfə bufetlərdə qidalanan şagirdlər arasında baş verən zəhərlənmə halları da buna sübutdur.
Valideyn Zümrüd Rzayevanın sözlərinə görə, məktəb bufetində satılan məhsulların əksəriyyəti hazır, paketlənmiş və qidalılıq baxımından dəyərsizdir: “Uşağım evdə sağlam yeməklərə alışıb, amma məktəbdə fast-food tərzi qidaları görəndə təbii ki, onlara üstünlük verir. Nə qədər deyirik ki, yemə, amma ətrafda hər kəs yeyirsə, uşaq da dayana bilmir. Niyə məktəbdə sağlam alternativlər təqdim olunmur? Bu, sadəcə valideynin problemi deyil – məktəb rəhbərliyi məsuliyyət daşıyır. Bir dəfə təsadüfən məktəb bufetinə baş çəkdim və təəssüf ki, oradakı şəraitdən şoka düşdüm. Nə əlcək, nə saç örtüyü, nə də gigiyenik saxlanma qaydaları gözlənilirdi. Soyuducuda saxlanmalı olan məhsullar isti şəraitdə idi. Bu cür vəziyyətdə uşaqların sağlamlığı necə qorunsun? Bufetlərdə ən azı ayda bir dəfə sanitar yoxlama aparılmalıdır. Məktəb bufetində uşağın seçə biləcəyi sağlam bir məhsul demək olar ki, yoxdur. Hər gün eyni: kruassan, şokolad, şirin su. Uşaq ac qalmaq istəmir, məcbur alır. Halbuki bir neçə meyvə, qatıq, fındıq, evdə hazırlanmış kimi sadə sendviçlər olsa, həm valideyn rahat olar, həm uşaq sağlam qidalanar. Bu qədər çətin deyil axı, sadəcə istək və nəzarət lazımdır".
Digər valideyn Röya Əsgərova bildirib ki, məktəb bufeti uşaqlara yalnız yemək vermir, həm də onları hansı qidaların ‘normal’ olduğunu öyrədir. Uşaq hər gün çips, kola, bulkayla qarşılaşırsa, beyni bunu qəbul edir və bu vərdiş böyüyəndə də davam edir: “Mən istəyirəm ki, məktəb tədrislə yanaşı, düzgün qidalanma vərdişini də aşılasın. Bufet bu prosesdə çox vacib rol oynayır. Bir valideyn olaraq övladımın məktəbdə necə qidalandığına ciddi önəm verirəm. Təəssüf ki, məktəb bufetində satılan məhsulların çoxu sağlamlıq baxımından zərərlidir. Qazlı içkilər, çipslər, rəngli konfetlər və hazır şirniyyatlar - bunlar uşağın nə böyüməsinə, nə də dərslərə fokuslanmasına kömək etmir. Əksinə, tez acmaq, diqqətin yayınması və sağlamlıq problemləri yaradır. Mən istəyirəm ki, məktəb rəhbərliyi bu məsələni nəhayət ciddiyə alsın. Bufetdə meyvə, süd, təbii sendviçlər və ev üsulu yeməklər olsun. Uşaqlarımıza evdə necə sağlam qida veririksə, məktəbdə də buna uyğun seçim təqdim edilməlidir. Çünki məktəb yalnız öyrətməməlidir, həm də qorumağı bacarmalıdır".
Həkim-pediatr Fəridə Nəsibovanın sözlərinə əsasən, uşaqların fiziki və zehni inkişafı birbaşa onların gündəlik qidalanma rejimindən asılıdır. Bu baxımdan məktəblərdə fəaliyyət göstərən bufetlər mühüm rol oynayır. Lakin təəssüf ki, bu gün bir çox məktəb bufetində satılan məhsulların tərkibi və keyfiyyəti uşaqların sağlamlığına ciddi zərbə vurur. Son illər uşaqlar arasında piylənmə, şəkərli diabet, mədə-bağırsaq pozğunluqları və diş çürüməsi hallarında ciddi artım müşahidə olunur. Bu problemlərin əsas səbəblərindən biri isə düzgün qidalanmamaqdır: “Təəssüf ki, məktəb bufetlərində satılan məhsullar - qazlı içkilər, şokoladlar, çipslər, trans-yağlarla zəngin hazır qidalar - uşaqlar üçün olduqca zərərlidir. Bu məhsullar orqanizmə lazım olan vitamin, zülal və mineralları təmin etmir, əksinə, uşaqların diqqətini azaldır, enerji balansını pozur və uzunmüddətli sağlamlıq riskləri yaradır. Ən təhlükəlisi odur ki, bu vərdişlər məktəbdə formalaşır və gələcək həyat tərzinə çevrilir. Biz pediatrlar olaraq hesab edirəm ki, məktəb bufetlərində sağlam alternativlərə keçid mütləqdir. Təbii meyvələr, ev üsulu sendviçlər, süd məhsulları, qoz-fındıq, təbii şirələr - həm doyurucu, həm də sağlamdır. Uşaq orqanizmi inkişaf mərhələsində olduğu üçün nə yediyi xüsusilə vacibdir. Valideynlər, müəllimlər və məktəb rəhbərləri bu məsələyə səthi deyil, ciddi yanaşmalıdırlar. Bufet sadəcə yemək yeri deyil, həm də gələcək sağlamlığın bünövrəsidir”.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova hesab edir ki, məktəblərin sağlam inkişaf etməsi üçün onların gündəlik rasionunda sağlamlığı və inkişafı üçün uyğun qidalanması gərəkdir. Bu qidaların tərkibi isə sağlam və təzə olmalıdır: "Eyni zamanda gün ərzində bir orqanizmin düzgün şəkildə inkişaf etməsi üçün 70-ə qədər makro və mikro elementlər lazımdır ki, bu elementləri məhz sağlam, balanslı, vitaminlərlə zəngin məhsullarla qidalandıqda ala bilir. Belə ki, bunlar yerli, mövsümi meyvə, tərəvəzlər, qoz, fındıq, çərəzlər və eyni zamanda da təzə yeni hazırlanmış sendviçlər, az şəkərli təbii içkilər, su, ayran, çay bu şəkildə təqdim olunmalıdır. Məktəblilərin qidalanmasın və bufetlərdə satılan qidalara Təhsil Nazirliyi və aidiyyəti üzrə müvafiq dövlət qurumları tərəfindən mütəmadi baxış keçirilməlidir, onların sağlamlığını təmin etməyə yönəlmiş düzgün qidaların satılmasını təmin etməlidirlər. Məktəb bufetlərində yaxşı olar ki, satılan qidalar içində keyfiyyətli, təzə, təmiz hazırlanmış qidalar olmalıdır. Qeyri-sağlam məhsulların satışı birmənalı şəkildə məhdudlaşdırılmalıdır. Xüsusilə şəkərli içkilər, fast-fod qidalar, həddindən artıq çox kimyəvi qatqı maddələrindən istifadə olunmuş məhsullar, tərkibində doymuş yağlardan çox istifadə olunmuş məhsullar, duzlu qidalar, şirin qəlyanaltılar, bu kimi məhsulların satışı azaldılmalıdır. Çipsilər, qarğıdalı çubuqları və bu kimi konservləşdirilmiş qidaların məktəb bufetlərində satışı tövsiyə olunan məhsullar deyil”.
Məhsəti Hüseynovanın dediyinə görə, bəzən məktəblilər səhər heç bir qida qəbul etmədən ilk olaraq acqarına kimyəvi qatqı maddələrindən çox olan qidanı qəbul edir. Bu da onlarda həzm və allergiya kimi digər problemlərin ortaya çımasına səbəb olur: “Qazlı, rəngli, şəkərli içkilərin satılmaması tövsiyə olunandır. Bunların əvəzinə daha faydalı adi su, meyvə şirələri, çay, ayran tövsiyə olunan içkilər sırasındadır".
Qida eksperti Asim Vəliyev vurğulayıb ki, məktəb bufetlərinin təşkilində diqqət edilməli olan əsas məqamlardan biri şagirdlərin sağlam və balanslı qidalanmasını təmin etməkdir, Bunun üçün də təklif olunan yeməklər yağlar, şəkər və duz tərkibinə nəzarət edilərək hazırlanmalıdır: “Bufetlərdə təzə meyvə-tərəvəz, tam taxıllı məhsullar şagirdlərə təklif olunmalıdır. Qızartma yeməklərdən, şəkərli, qazlı içkilərdən və çox yağlı fast-food qidalardan uzaq durmaq vacibdir. Məktəb bufetləri mütləq gigiyena və qida təhlükəsizliyi standartlarına cavab verməlidir. Qidaların saxlanması, hazırlanması və servis edilməsi prosesində sanitariya qaydalarına ciddi əməl edilməlidir. Qida məhsulları müvafiq temperaturda saxlanmalı və çarpaz çirklənmənin qarşısı alınmalıdır. İşçilər üçün gigiyena qaydalarına əməl etmək, xüsusi iş geyimi, əlcəklər və saç örtükləri istifadə etmək vacibdir. Bufetlər müntəzəm olaraq təmizlənməli və dezinfeksiya edilməlidir”.
A.Vəliyev qeyd edib ki, şagirdlərin qidalanma ehtiyacları müxtəlif olduğundan bufetlərdə müxtəlif menyu seçimləri olmalı, allergiyası və ya xüsusi qida rejimi olan şagirdlər üçün uyğun alternativlər təklif edilməlidir: “Məktəb bufetlərində təklif olunan yeməklərin qiymətləri şagirdlər və valideynlər üçün əlverişli olmalıdır. Qiymət siyasəti balanslı olmalı, sağlam yeməkləri hər kəs üçün əlçatan etmək üçün qiymətlər ucuz, lakin keyfiyyət yüksək saxlanmalıdır ki, bu yolla da şagirdlər sağlam yeməklərə maraq göstərə biləcəklər. Məktəblərdə sağlam qidalanma haqqında maarifləndirmə proqramları həyata keçirilməlidir və bufetlər yalnız qida təklif edən məkanlar kimi yox, həm də şagirdlərə sağlam qidalanma mədəniyyətini aşılayan yerlər olmalıdır. Bufetdə qidalanma etiketi haqqında məlumat lövhələri, sağlam qidalanmanın əhəmiyyəti barədə məlumatlar yerləşdirilməlidir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, illər əvvəl məktəb bufetləri üçün standart hazırlandı və bufetlərə müəyyən məhdudiyyətlər qoyuldu. Burada qazlı içki, bəzi kolbasalar və energetik içkilərin satışı qadağan olundu. Amma məktəb və bağçaların bufetləri hələ də baxımsız vəziyyətdədir. Onlar mərkəzləşdirilmiş şəkildə təmin olunmurlar. Buna görə də kim necə gəldi mal gətirərək, onun satışını həyata keçirir: “Bufetlərin böyük hissəsi ayrı-ayrı sahibkarlara qanunsuz icarəyə verilib. Onlar məktəb direktorları ilə əlbir işləyir, özlərinə sərf edəni edirlər. Ümumiyyətlə, böyük tənəffüs uşaqların qidalanmasına şərait yaratmır. Həmişə təklif etmişəm ki, məktəb dəhlizlərinə avtomatik meyvə satan aparatlar qoyulsun. Bu, sahibkara da xeyir verəcək. Hər şagird 20 qəpik ödəməklə təzə meyvə yeyəcək”.
Onun sözlərinə görə, kimsə bufetlərdəki qiymətlərə müdaxilə edərək, qiymətlərin aşağı salınmasını tələb edə bilməz. Valideyn komitələri bu vəziyyətə diqqət yetirə bilərlər. Amma heç kim inzibati yollarla qiyməti aşağ-yuxarı edə bilməz. Bufeti kim qanunsuz işlədirsə, qiyməti də o müəyyən edir.
MDB ölkələrinin əksəriyyətində məktəblər qida ilə mərkəzləşdirilmiş qaydada təmin olunurlar. Ayrı-ayrı qida ixracçıları ilə müqavilə bağlanır və qidalar nəzarət altında olur. Qidanın təhlükəsizliyi tam təmin olunur. Məktəbdə təhlükəli qida aşkar olunarsa, məktəb rəhbərliyi məsuliyyət daşıyır.
Nərmin Qarazadə