Azedu.az

Zəng çaldı… Amma bu dəfə tənəffüs deyil - REPORTAJ + FOTOLAR

Məktəblər

Reportaj

Müəllimlər və elm adamları

Şagirdlər

14 İyun 2025, 15:27
Zəng çaldı… Amma bu dəfə tənəffüs deyil - REPORTAJ + FOTOLAR

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

 

"Son zəng" münasibətilə AzEdu.az Təhsil Portalı olaraq Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyə yollandıq.

 

Yollandığımız məktəbdə "Son zəng" hazırlıqları artıq tamamlanmışdı. Qonaqlar, rəsmilər, şagirdlər və valideynlər öz yerlərini tutmuşdular. 

 

Əlində gül, telefonda həyəcanla danışan, övladını qucaqlayan, ailə üzvləri ilə kollektiv şəkil çəkdirənlər…

Ən təmiz və saf sevgini özündə tərənnüm edən məktəbdən ayrılmaq, sinif yoldaşları ilə vidalaşmaq düşüncəsi artıq onların üzlərində yavaş-yavaş hiss olunmağa başlayırdı.

 

Təbii ki, sevincdən əl-ayağı bir-birinə dolaşanları da görmək mümkün idi. Axı bu gündən etibarən onlar müstəqil həyata qədəm qoyacaqlar…

Valideynlərin həyəcanı da diqqətdən qaçmırdı. Övladının şəklini çəkmək üçün səbirsizlənən valideynlər xüsusilə seçilirdi. Onların arasında övladının ilk dəfə “Son zəng”inə şahid olanlar əksəriyyəti təşkil edirdi.

 

Tədbir açıq elan edildi. Çıxış üçün söz məktəbin direktoru Lətifə Əzimovaya verildi. Direktor “Son zəng” münasibətilə bütün məzunları, müəllimləri və valideynləri təbrik etdi. Həmçinin, onlara qədəm qoyacaqları müstəqil həyatda uğurlar arzuladı.

 

Və budur, səhnəyə çıxış üçün məzunlara yer verildi. Onlar ardıcıl olaraq performanslarını təqdim etməyə başladılar. Valideynlərin səhnəyə çıxan övladlarını izləyərkən gözlərindəki işığı, qüruru görməmək mümkün deyildi.

Bu günü ömürlərində ilk gün kimi qeyd edən təkcə şagirdlər yox, eyni zamanda bu sevinci yaşayan valideynlər də var idi. Onların arasında övladının ilk dəfə “Son zəng”inə gələnlər də az deyildi.

 

Onlardan biri Bənövşə Məmmədova idi. O, bildirib ki, bu gün qızı Qumru üçün buradadır:

“Başda övladım olmaqla bütün məzunları təbrik edirəm. Bu gün həm sevincli, həm də kədərli günümdür. Sevinirəm ki, qızım böyüyüb, 11-ci sinfi bitirib. Kədərlənirəm ki, artıq mənə ehtiyac olmadan öz ayaqları üzərində yeriməyə başlayacaq. Buna baxmayaraq, əlbəttə, çox sevinirəm. Arzu edirəm ki, hər biri tələbə adını qazansın. Tədbirə ailə üzvlərimizlə birlikdə qatılmışıq. Özüm 3 ildir ki, bağça müəllimi kimi fəaliyyət göstərirəm”.


11 “H” sinfinin şagirdi Qumru Mamedova çox həyəcanlı olduğunu dilə gətirib:

“Yeni bir həyata qədəm qoyuruq. Müəllim və sinif yoldaşlarımdan ayrılmaq bir qədər kədərli hissdir. Amma yeni başlanğıc məni həyəcanlandırır. Gələcəkdə ibtidai sinif müəllimi olmaq istəyirəm. Buraxılış imtahanından 150, qəbul imtahanından isə 120 bal toplamışam. BDU və ya Xəzər Universitetinə qəbul olmağı arzulayıram”.

 

Növbəti məzunla təəssüratlarını bölüşməsi üçün söhbətləşdik.

 

11 “H” sinfinin məzunu Nərgiz Tağıyeva bu hissi ilk dəfə yaşadığı üçün özünü bir az qəribə hiss etdiyini deyib:

“Həm sevinirəm, həm də kədərlənirəm. Müəllim və dostlarımdan ayrılacağım üçün kədərlənirəm. Amma məzun olduğum üçün eyni zamanda sevincliyəm. Ümid edirəm ki, ali məktəbə qəbul olaram. Buraxılış imtahanından 203, qəbuldan isə 245 bal toplamışam. Gələcəkdə Azərbaycan dili və ya ingilis dili müəllimi olmaq istəyirəm. BDU-ya qəbul olunmaq arzumdur. Daha sonra magistratura təhsili alıb, təhsilimi xaricdə davam etdirmək fikrim var”.

 

Valideynlər arasında atalar da övladlarının bu xüsusi günündə iştirak edirdi. Onlar da sevincə şərik olmaq üçün tədbirə qatılmışdılar.

 

Nərgiz Tağıyevanın atası, jurnalist Məhərrəm Tağıyev, bir valideyn olaraq hisslərini belə ifadə edib:

“Həyatımda özümün "Son zəng"ində yaşadığım hissdən sonra ikinci ən gözəl anı yaşayıram. Qızımın "Son zəng"ində iştirak etməkdən və onu izləməkdən çox məmnunam. Onunla qürur duyuram. Bütün balalara azad, müstəqil bir gənclik arzulayıram. Allah qızımın timsalında bütün məzunları arzularına çatdırsın”.


Məktəbin direktoru Lətifə Əzimova bildirib ki, bu il məktəbi 147 şagird məzun olur:

“Onlardan 84-ü qız, 63-ü isə oğlandır. Bu illər ərzində şagirdlərimiz böyük nailiyyətlər əldə ediblər. Bu, dövlətimizin, Elm və Təhsil Nazirliyinin, valideynlərin dəstəyi və ən əsası da 1-ci sinifdən 11-ci sinifədək onlara dərs deyən müəllimlərin zəhməti sayəsində mümkün olub. Məzunlarımız liderlik, tədqiqatçılıq və vətənpərvərlik kimi keyfiyyətlərə sahib, milli-mənəvi dəyərlərə sadiq gənclər kimi formalaşıblar. Əminik ki, gələcəkdə dünyanın istənilən yerində ölkəmizi layiqincə təmsil edəcəklər.

 

Bu sözləri sadəcə təəssürat kimi demirəm. Builki məzunlarımız arasında uşaq səfirləri, Respublika Fənn Olimpiadalarının qalibləri, “Sabahın alimləri” layihəsinin iştirakçıları, hətta “Şahinlər” hərbi-idman oyununun respublika üzrə birinciləri də var. Biz yalnız akademik deyil, bütün sahələrdə şagirdlərimizin uğurla yetişməsinə çalışırıq və buna inanırıq.

 

Bütün məzunlara arzum budur: öz yolunuzda qorxmadan irəliləyin, parlayın və yüksəldikcə ətrafınızdakıları da özünüzlə birlikdə yüksəldin. Tədbirin aparıcısı tədbir zamanı bir cümlə işlətdi: ‘Məktəbin qapısı sizlər üçün həmişə açıqdır’. Bu, həqiqətən belədir. Keçmiş məzunlarımız bu gün də buradakı şagirdlərə dəstək olmaq üçün əllərindən gələni edirlər”.

Valideynlər kənarda dayanıb. Onlar üçün də bu gün başqadır. Uşaqları artıq böyüyür, öz yollarına çıxırlar. Anaların gözləri dolub, ataların baxışları dərin düşüncəyə qərq olub…

 

Zəng çalınır. Hamı dayanır. O zəng ki, əvvəllər dərsə çağırırdı, indi həyata çağırır. Şagirdlər son dəfə məktəb həyətindən birgə çıxırlar. Biri universiteti düşünür, digəri xaricdə təhsil arzusundadır, bir başqası isə hələ də nə edəcəyini tam bilmir. Amma hamısı bu zəngin səsini illərlə xatırlayacaq…

 

“Son zəng” - bu, bir səslə milyonlarla duyğunun oyandığı andır. Hər il dəyişən üzlər, dəyişməyən hisslər… Zəng bitdi, amma bu gün hər bir şagirdin içində yeni bir başlanğıcın səsi başladı.

 

Biz də Təhsil Portalı olaraq bütün məzunlara müstəqil həyatda sonsuz uğurlar arzu edirik.

 

Fotolar: Məltəm Anar

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox