Bəzi valideynlərin müəllimə üzük və ya digər hədiyyələr təqdim etməsi uzun illərdən bəri müşahidə olunan sosial davranış modelidir. Bu, bəzi hallarda səmimi təşəkkür niyyəti ilə edilir və müəllimin verdiyi əməyi, qayğını və səbirli münasibəti dəyərləndirmək məqsədi daşıyır. Amma problem ondadır ki, bu tip jestlər istisna deyil, sistematik hala çevrildikdə artıq etikadan çıxaraq sosial təzyiq vasitəsinə çevrilir.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov söyləyib.
“Tovuzda bir müəlliməyə valideynlər tərəfindən üzük hədiyyə olunması və onun bu jesti “hörmətsizlik olmasın deyə qəbul etdiyini” bildirməsi ətrafında yaranan müzakirə cəmiyyətin təhsil sistemində müəllim-valideyn münasibətlərinə, etik davranışa və təhsil müəssisələrində şəffaflıq anlayışına dair uzun müddətdir mövcud olan, lakin bir çox hallarda açıq şəkildə ifadə olunmayan sualları yenidən aktuallaşdırır.
Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununun 9-cu maddəsinə əsasən, dövlət vəzifəli şəxslərə hər hansı maddi dəyəri olan hədiyyələrin təqdim olunması, xüsusilə də xidməti fəaliyyəti ilə bağlı olduqda, qadağandır. “Təhsil haqqında” Qanunun 30-cu maddəsində isə müəllimin etik davranışı və vəzifə borcu kimi prinsiplər qeyd edilir. Burada müəllimin pedaqoji nüfuzdan sui-istifadə etməməsi, valideynlərlə və şagirdlərlə münasibətdə etik qaydalara riayət etməsi xüsusi vurğulanır”.
“Bu da normativ aktlarda müəllimin qeyri-rəsmi və ya qeyri-formal təşəkkür hədiyyəsi almasının hüquqi izahı kifayət qədər dəqiq deyil və mövcud boşluq cəmiyyətin bu kimi hallara münasibətində fərqli yanaşmalara yol açır”, - deyə ekspert qeyd edib:
“Bəzi valideynlərin müəllimə üzük və ya digər hədiyyələr təqdim etməsi uzun illərdən bəri müşahidə olunan sosial davranış modelidir. Bu, bəzi hallarda səmimi təşəkkür niyyəti ilə edilir və müəllimin verdiyi əməyi, qayğını və səbirli münasibəti dəyərləndirmək məqsədi daşıyır. Amma problem ondadır ki, bu tip jestlər istisna deyil, sistematik hala çevrildikdə artıq etikadan çıxaraq sosial təzyiq vasitəsinə çevrilir.
Belə şəraitdə maddi hədiyyə verməyən valideynlər özlərini günahkar, müəllimlər isə qəbul etmədikdə hörmətsiz sayılmaq qorxusu ilə üz-üzə qalır. Bu da şəffaflıq və ədalət prinsipinin pozulması, həmçinin bərabər münasibətin zədələnməsi ilə nəticələnir”.
Ekspertin fikrincə, valideynlər tərəfindən hədiyyə verilməsi bir cəmiyyət olaraq müəllimə münasibətimizin təzahürüdür:
“Lakin müəllimlik peşəsinin dəyəri maddi hədiyyə ilə ölçülməməli, bu dəyər dövlətin verdiyi sosial təminat, cəmiyyətin göstərdiyi etibar və şəxsi nüfuzla tanınmalıdır. Əgər cəmiyyət müəllimi yalnız hədiyyə ilə tanımağa çalışırsa, bu artıq peşənin ictimai statusunda simvolik, lakin təhlükəli bir deqradasiyaya işarədir.
Müəllimin verdiyi izah – yəni “hörmətsizlik olmasın deyə qəbul etdim” – bir çox halda mövcud sistemin və mədəniyyətin müəllimi hansı təzyiqlə qarşı-qarşıya qoyduğunu göstərir. Müəllim həm etik davranmaq, həm də qarşı tərəfi incitməmək dilemmasındadır. Bu isə onu göstərir ki, məsələ fərdi seçim yox, sistemin etik və hüquqi boşluğunun doğurduğu ikili davranış formasıdır”.
Bu məsələdə təhlilin ikinci bir istiqaməti də sosial media və ictimai reaksiyanın funksiyası ilə bağlıdır:
“Hər hansı təşəkkür və ya jestin ictimailəşməsi, mediada geniş yayılması və müəllimlərin bu səbəbdən qınanması təəssüf ki, bəzən ifrat dərəcədə aqressiv, kontekstdən çıxarılmış reaksiyalarla müşayiət olunur. Halbuki bu cür məsələlər fərdi “linç” deyil, sistemli maarifləndirmə və etik davranış kodeksi ilə nizamlana bilər.
Dünya təcrübəsində müəllimə hədiyyə vermək mədəniyyəti fərqli yanaşmalarla tənzimlənir. Məsələn, Finlandiyada məktəblərdə müəllimə yalnız simvolik – məsələn, bir çiçək, açıqca və ya şagirdin əl işi kimi qeyri-maddi hədiyyələrə icazə verilir. ABŞ-ın bir çox ştatında müəllimə maddi dəyəri 25 dollardan artıq olan heç bir hədiyyə verilməsi qadağandır və bu cür halların qarşısını almaq üçün məktəblər valideynlərə əvvəlcədən yazılı məlumat verir. Yaponiya kimi ölkələrdə isə müəllimə hədiyyə vermək ictimai etikada uyğun sayılmır və müəllimlər də bu cür davranışı peşə nüfuzuna zərbə hesab edirlər.
Azərbaycanda isə bu məsələdə hüquqi boşluqlar, etik kodeksin qeyri-dəqiqliyi və ən əsası, müəllimlərin sosial status və əməkhaqqının aşağı olması səbəbilə bu tip hallar tez-tez baş verir. Valideynlər müəllimə təşəkkür etmək istədikdə rəsmi alternativ yoxdur. Buna görə də Elm və Təhsil Nazirliyi müvafiq etik davranış kodeksində bu məsələ ilə bağlı aydın norma və məhdudiyyətlər müəyyən etməli, həmçinin məktəblər səviyyəsində təşəkkürün qeyri-maddi və alternativ yollarını - məsələn, rəsmi sertifikatlar, şagirdlərin təşəkkür məktubları və ya ictimai “təqdir lövhələri” - stimullaşdırmalıdır”.
K.Əsədov bildirib ki, bu dəyişikliklər həyata keçirilərsə, müəllim həm hörmət görər, həm də etik seçimlə sosial təzyiq arasında qalmadan fəaliyyətini davam etdirə bilər:
“Əks halda, bu kimi halların ictimailəşməsi müəllim nüfuzunu zədələməklə yanaşı, cəmiyyətin təhsil sisteminə inamına da mənfi təsir göstərəcək. Müəllimi hədiyyə ilə deyil, layiqli əməkhaqqı, cəmiyyətin etibarı və hüquqi müdafiə ilə qiymətləndirmək bu sahədə ən dayanıqlı və ədalətli yanaşmadır”.