Qafqazda ən qədim yaşayış məntəqələrindən biri hesab edilən Urud kəndi Qarakilsə (Sisian) rayonunun mərkəzindən 15 km şərqdə, Bazarçayın sol sahilində, Vağədi kəndi ilə Şam qəsəbəsinin arasında, dəniz səviyyəsindən 1400 m yüksəklikdə yerləşir.
Urud kəndi Zəngəzurda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Kəndin adının IX–X əsr ərəb mənbələrində “Rud-ər-Rud” şəklində çəkilməsi, buradakı Babək qalasının (VII əsr) mövcudluğu, orta əsrlərə məxsus Alban qəbiristanlığı, Baydar kahası və s. tarixi abidələr bu kəndin qədimliyindən xəbər verən tarixi faktlardır.
Urud kəndinin adına ilk dəfə XV əsrə aid mənbələrdə rast gəlinir. Urud kəndi 500 ilə yaxın bir müddətdə bölgədə nahiyə mərkəzi kimi fəaliyyət göstərmişdir. 1593-cü ildə tərtib edilmiş “Urud və İsgəndər qalası livalarının müfəssəl dəftəri”ndə Urud livasının Urud, Gəğı, Muğancıq və Zəngəzur nahiyələrindən ibarət olduğu və bu nahiyələrdə 104 kənd və 5 məzrənin qeyd alındığı göstərilir.
1968-ci ildə kənd ermənicə Vorotan adlandırılmışdır.
Urud kənd mədrəsəsi, kəndin imkanlı xeyriyyəçiləri tərəfindən inşa edilmişdi. O, kənd mərkəzinə yaxın ərazidə yerləşirdi. Mədrəsə bir zaldan və bir neçə otaqdan ibarət idi. Ətraf kəndlərdən də burada təhsil almağa gələnlər olurdu. Zəngəzur qəzasının, demək olar ki, bütün böyük kəndlərində mollaxanalar fəaliyyət göstərirdi. 1880-ci illərdə Zəngəzurda 491 mədrəsə, 21 ibtidai və 6 ruhani məktəb mövcud idi. Ayrı-ayrı imkanlı şəxslər bu məktəblərə həm maddi, həm də mənəvi yardım göstərirdilər.
8 illik təhsil verən Urud mədrəsəsi haqqında bu torpağın yetirməsi, Xalq yazıçısı Əli Vəliyev belə yazırdı: “Nəcəfdə (İraq) ali təhsil alaraq mollalıq etmək hüququ qazanmış Fətullah, Gorusda iki dərəcəli rus məktəbini bitirmiş Sadıq, məşhur şair Ləlini bağlamış şair Mirzə Hüseyn Urudda yaşayırdılar. Urudda oxuyanlar, savadlılar, söz qoşanlar, fitri istedada malik olanlar digər kəndlərdən qat-qat çox idi”.
Əməkdar müəllim Abdullayev Abdulla Əsəd oğlu urudlu şagirdləri ilə birlikdə
Urud kəndində 1918-ci ilə qədər Bağırlılar ailəsinə mənsub mollalar, Molla Səmih bəy və Molla Fətullah mədrəsədə dərs demişlər. Burada dini dərslərlə yanaşı, dünyəvi fənlər də tədris edilirdi. Mədrəsədə dərs deyən Mirzə Sadıq Axundzadə Təbrizdəki ali dini mədrəsənin məzunu idi. Urud mədrəsində oxuyanların təhsil xərclərini isə xeyriyyəçilər qarşılayırdı.
Mədrəsə yalnız dini və şəriət elmləri ilə kifayətlənmirdi - burada riyaziyyat, tarix, ədəbiyyat və digər fənlər də öyrədilirdi. Zəngəzurun Osmanlı və Qacarlar dövlətləri ilə sərhədə yaxın olması səbəbindən Tehranda, İstanbulda, Məşhəddə, Təbrizdə, Nəcəfdə və Kərbəlada ruhani təhsil almış, İslamı, şəriəti, ərəb-fars dillərini kamil şəkildə mənimsəmiş və qəzaya qayıdan çoxsaylı din xadimi mövcud idi.
Urudda XVI əsrin sonlarından molla məktəbi, 1905-ci ildən isə 4 sinifli Rus-tatar məktəbi (şkola) fəaliyyət göstərmişdir. Əsrin əvvəllərində çox böyük olmayan bu dağ kəndində dünyəvi təmayüllü rus-tatar məktəbinin açılması böyük bir uğur idi. Bu, Nəcəfdə ali ruhani təhsil almış, elmə, mədəni və ictimai proseslərə bələd olan və fəal iştirak edən urudlu ziyalılar - Molla Bağır, Molla Fətullah, Mirzə Hüseyn, Mirzə Səmədin və digərlərinin əvəzsiz xidmətlərinin nəticəsi idi. Bu məktəb 1918-ci ilə qədər fəaliyyət göstərmiş, onlarca urudlu və ətraf kəndlərdən olan uşaqların təhsil almasına və sonrakı inkişafına güclü təkan vermişdir.
Rus dili müəllimi Tahirov Yaqub Yusif oğlu (1910-1960) və əməkdar müəllim, böyük Vətən müharibəsi veteranı Abdullayev Abdulla Əsəd oğlu (1924-1990).
Urudda 1925-ci ildə ilk 4 siniflik sovet məktəbi açıldı. Gəncəliyev Məhəmmədəli Məhərrəm oğlu məktəbə direktor təyin edildi. Məhərrəmov Nurməmməd, Qəfərov Bəhram, Şahvərənov Yusifəli, Hüseyn müəllim, sonralar isə Quliyeva Hafizə Nəsir qızı ilk qadın müəllimlərdən biri olaraq urudluların həm gündüz, həm də gecə kurslarında təhsil almalarına yardım etmiş, ali məktəblərə daxil olmaları üçün əllərindən gələni əsirgəməmişlər.
Urudda II Dünya müharibəsindən sonra 8 illik məktəb, 1978-ci ildə isə orta məktəb açılmışdır. Şagirdlər 9-10-cu sinifləri qonşu Vağədi kəndində oxuyurdular. Əvvəllər bu kəndlərdə ermənilər yaşamayıb. Sonradan bu ərazilərə köçürülüblər. Urud və Ağudi kəndlərində erməni əhalisi heç vaxt olmayıb. Lakin Vağədi kəndinə köçürülən ermənilər üçün sonradan orta məktəb də açılmalı olub.
XIX əsrin sonları və XX əsrin ilk onilliklərində yaşamış və geniş ictimai-siyasi, maarifçi fəaliyyəti ilə diqqət çəkən Urud ziyalılarından Molla Fətullah, Molla Bağır, Molla Səmihbəy, Mirzə Hüseyn, Məmməd Sadıq Aran (Mirzə Sadığ), Əbdülmanaf Hacıyev kimi adları qeyd etmək olar.
Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan seçilmiş ilk millət vəkili, dövlət xadimi, siyasətçi, yazıçı, şair, jurnalist Məmməd Sadıq Aran
Urud kəndi Azərbaycan elminə 60-dan çox alim vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Sabir Əbdülmanaf oğlu Hacıyev, Vladimir İsmayıl oğlu Tahirov, Yaqub Yamin oğlu Yolçuyev, Elşad Məclum oğlu Qurbanovu misal göstərmək olar.
Professorlardan Qafar Teymur oğlu Həsənov, professor Nadir Fərrux oğlu Qəhrəmanov, professor Sahib Abdulla oğlu Abdullayev, Polad Fərrux oğlu Qəhrəmanov, Bakir Abbas oğlu Tahirov və başqalarını qeyd etmək olar.
Professor Tahirov Məmmədxan Həşim oğlu
Onu da qeyd etmək yerinə düşərdi ki, Ermənistan SSR tarixində yeganə KP MK Siyasi Büro üzvü, Ermənistan KP MK-nın ideologiya üzrə katibi, Yerevan şəhər Partiya Komitəsinin birinci katibi azərbaycanlı idi və Azərbaycan KP MK-da ideologiya Şöbəsinin müdiri, Marksizm–Leninizm İnstitutunun direktoru işləmiş, tarix elmləri doktoru Məmməd Salman oğlu İsgəndərov Urud kəndində doğulub, orada böyümüşdür.
Kommunist qəzetinin müxbiri İsgəndərov Xudu Salman oğlu, Fizika elmləri üzrə fəlsəfə doktoru Kətənov Arif Əli oğlu və əməkdar müəllim, böyük Vətən müharibəsi veteranı Abdullayev Abdulla Əsəd oğlu
Milli Məclisə bir neçə dəfə deputatlığa namizəd olmuş Musa İsa oğlu Quliyev (Musa Urud) Urud kəndindəndir.
İlk təhsilini Urud kəndindəki mollaxanada alan Əbdülmənaf Hacıyev 1930-cu ildə Moskvada Ali Həmkarlar Məktəbini, 1934-cü ildə isə həmin şəhərdə Ümumittifaq Ali Hüquq Akademiyasını bitirmiş, 1934-36-cı illərdə Bakıda ədliyyə sistemində, 1936-1949-cu illərdə isə Naxçıvan MSSR Ədliyyə naziri vəzifəsində çalışmışdır. Ə.Hacıyev “Mənim qeydlərim” adlı xatirələrində yazır:
“1906-cı ilin əvvəllərindən başlayaraq Sisyan mahalının kəndlərində - Şəki, Sisyan, Şıxlar, Ağudi, Vağədi, Urud kəndlərində məktəblər açılmağa başladı. 1906-cı ildə bizim Urud kəndində açılan məktəbə daxil oldum, 1911-ci ildə həmin məktəbi bitirdikdən sonra Gorus şəhərindəki orta məktəbə daxil oldum”.
Urud kəndində ziyalı ailəsində anadan olmuş texnika üzrə fəlsəfə doktoru, dosent Rəhilə Abdullayeva Abdulla qızı bildirir ki, onun təhsil aldığı dövrdə Urud kəndindəki məktəb yalnız 8 illik idi. 9 və 10-cu sinifləri isə qonşu Vağədi kəndində davam etdirmək lazım gəlirdi. Rəhilə Abdullayeva əlavə edib ki, Vağədi kəndində yerləşən məktəb həm azərbaycanlı, həm də erməni şagirdlər üçün nəzərdə tutulmuşdu:
Texnika üzrə fəlsəfə doktoru, dosent Abdullayeva Rəhilə Abdulla qızı
“Burada azərbaycanlılara Azərbaycan dilində, ermənilərə isə erməni dilində dərs keçirdilər. Bizə qarşı ögey münasibət var idi. 8-ci sinfi əlaçı kimi başa vursaq da, 9-10-cu sinifdə bizi sıxışdırırdılar ki, qızıl medalla məzun olmayaq.
Dağ kəndi olmasına baxmayaraq, çoxumuz təhsilə can atırdıq, çünki başqa məsuliyyət yox idi. Mən qızıl medala namizəd idim. Amma dedilər ki, ermənilərə qızıl, azərbaycanlılara isə gümüş medal verilsin.
1978-ci ildə Urudda 10 illik məktəb açıldı. Bu məktəb doğrudan da çoxlu sayda ziyalılar yetişdirdi. Müəllimlərin hamısı savadlı idi. Xarici dil kimi alman və rus dilləri tədris olunurdu. Alman dilini Qasım Hacıyev müəllim keçirdi. Biz alman şagirdləri ilə məktublaşırdıq, bu dili çox yaxşı öyrənmişdik. Orta məktəbi bitirəndə rus dilində çox səlis danışırdıq.
Muradxan Tahirov Həşim oğlu şagirdləri ilə birlikdə
Riyaziyyat və fizika fənləri Tahirov Əsəd Yəhya oğlu və Hacıyev Qasım Əbdülmənaf oğlu tərəfindən tədris olunurdu. Dil və ədəbiyyat fənnini Quliyev Sahib Əli oğlu və Tahirov Şəmil Abbas oğlu, tarix fənnini isə İskəndərov Cəbrayıl Oruc oğlu tədris edirdi. Kimya, anatomiya, botanika, zoologiya və coğrafiya fənləri üzrə müəllimlər Tahirov Muradxan Həşim oğlu, Abdullayev Abdulla Əsəd oğlu, Gəncəliyev Kamran Əşrəf oğlu və Tahirov Alxan Həşim oğlu olmuşdur.
Rus dili və ədəbiyyatı fənnini isə İsmayılov Ağaqulu Alqulu oğlu və Tahirov Alxan Həşim oğlu tədris edirdilər.
İbtidai sinif müəllimləri olaraq Kətənova Hafizə Nəsir qızı, Gəncəliyeva Xatın Əşrəf qızı, Tahirova Fatma Abbas qızı, Hacıyeva Roza Əbdülmənaf qızı və Quliyeva Gülxar Dadaş qızı çalışmışlar.
(Urud kənd məktəbinin müəllimləri, 1956-cı il)
İsmayılov Təmleyxa Niftalı oğlu, Tahirov Alxan Həşim oğlu, İskəndərov Cəbrayıl Oruc oğlu, Gəncəliyev Kamran Əşrəf oğlu, Hacıyeva Roza Əbdülmənaf qızı, Abdullayev Abdulla Əsəd oğlu, Quliyeva Hafizə Nəsir qızı, İsmayılov Ağaqulu Alqulu oğlu, Tahirov Əsəd Yəhya oğlu, Gəncəliyeva Gülxar Dadaş qızı, Quliyeva Xatın Əşrəf qızı, Hacıyev Qasım Əbdülmənaf oğlu və Tahirov Şəmil Abbas oğlu
Botanika müəllimimiz Abdulla Abdullayev hər il rayonda təşkil olunan “Çiçək bayramı”nda məktəbin şagirdlərinin iştirakını təşkil edirdi. Müsabiqənin şərtlərinə əsasən, hər bir iştirakçı ən azı 50-60 növ çiçəyi ayrı-ayrılıqda toplayaraq, hər nümunənin üzərində çiçəyin adı və istifadə sahəsi barədə məlumat qeyd etməli idi. Şagirdlərimizin hazırlıqlı iştirakı sayəsində məktəbimiz Ermənistan SSR üzrə keçirilən yarışmalarda hər zaman birinci yerə layiq görülürdü.
Məktəbdə tanış-qohum söhbəti olmurdu. Mənə qohumlarım dərs keçsə də, məktəbdə hamı müəllim-şagird münasibəti çərçivəsində idi. Dərsi bilmədinsə, hamının içində səni utandırırdılar.
Əməkdar müəllim, böyük Vətən müharibəsi veteranı Abdullayev Abdulla Əsəd oğlu
Bizə gündə 5-6 saat dərs keçirilirdi. 6-cı dərs atam Abdulla müəllimin dərsi idi. Dərsi danışdım, “5” alıb oturdum. Səhəri gün birinci saat yenə atamın dərsi var idi. Fikirləşdim ki, artıq qiymətim var, rahatam, oxumasam da olar. Amma dərs başlayanda atam siyahıya uyğun olaraq birinci məni lövhəyə çağırdı. Doğrudan da o an şok yaşadım. Lövhəyə çıxdım, amma dərs kitabını oxumamışdım.
Abdullayeva Rəhilə Abdulla qızı (7-ci sinif şagirdi)
O vaxt müəllimlər dərsi uşaqlardan 25 dəqiqəyə soruşur, sonra yeni dərsi izah edirdilər. Atamın dediklərini 20 dəqiqə ərzində təkrar danışdım. Atam soruşdu: “Bu qədər?” Dedim: “Bəli”. Dedi: “Otur, 2 alırsan”. Uşaqlar etiraz etdilər ki, bu qədər danışdı, niyə “2” verdiniz? Atam dedi: “Onun danışdıqlarının heç biri kitabda yoxdur. Onlar mənim əlavə fikirlərim idi. O, kitab oxumayıb”. Bu səbəbdən biz dərslərə ciddi yanaşırdıq.
Kənddə hər kəs təhsilli olmaq istəyirdi. Müəllim gələndə hamı ayağa qalxar, salam vermədən keçməzdi. Kəndə çıxanda qorxurduq ki, birdən müəllimlə üz-üzə gələrik, deyər: “Küçədə gəzməkdənsə, dərs oxuyun”.
Heç vaxt müəllimin danladığı uşağın tərəfini valideyn tutmurdu. Deyirdilər: “Müəllim nə edirsə, düz edir”. Kənddə 115 ev vardı, əhalisi maksimum 1000 nəfər olardı. Hər ailədə azı 5 uşaq olurdu, bəzən 9-10. Elə ailələr var idi ki, 10 uşağın hamısı alim olmuşdu.
Coğrafiya elmlər doktoru, professor Abdullayev Sahib Abdulla oğlu
Bizim ailədə 7 uşaq olmuşuq. Böyük qardaşım Sahib coğrafiya elmləri doktoru, professor idi. O, rəhmətlik Həsən Əliyevin aspirantı olub. İkinci uşaq mənəm – mən də texnika üzrə fəlsəfə doktoru, dosentəm. Məndən kiçik qardaşım və bacılarım da ali təhsillidirlər. Məndən sonra dünyaya gələn qardaşım Naib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Bacım Leyla Azərbaycan Dövlət İqtisad Universitetini, digər bacım Yaqud isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini iqtisadiyyat ixtisası üzrə bitirib.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nəsibova Rəsmiyyə Abdulla qızı (Abdullayeva), fizik Abdullayev Novruz Abdulla oğlu, Rəsmiyə xanımın yoldaşı professor Nəsibov Əfəndi Nəsib oğlu
Daha bir bacım Rəsmiyyə həmin universitetin Riyaziyyat-informatika fakültəsini bitirib. Hazırda Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində fəaliyyətini davam etdirir. Kiçik qardaşım Novruz isə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib və hazırda Kiprdə yaşayır və çalışır.
Yuxarıdan: Quluyev Rahid Fərrux oğlu, Abdullayev Ramin Həbib oğlu, Hüseynova (Abdullayeva) Pəri Əsəd qızı, Hüseynova Məstan Əhməd qızı, Abdullayev Sovet Əsəd oğlu, Abdullayeva Leyla Abdulla qızı
Aşağıdan: Abdullayeva (Tahirova) Səmayə Həşim qızı, Abdullayev Naib Abdulla oğlu, Abdullayev Abdulla Əsəd oğlu, Abdullayev Novruz Abdulla oğlu
Abdullayeva (Tahirova) Səmayə Həşim qızı, Abdullayev Abdulla Əsəd oğlu, Nəsibova (Abdullayeva) Rəsmiyyə Abdulla qızı
Bu, təkcə bizim ailəyə aid deyildi. Elə ailələr vardı ki, 10 övladının hamısı ali təhsilli idi. Onların anasına “alimlər anası” deyirdilər. Əgər 10 illik məktəbi bitirib imtahandan keçə bilməmisənsə, kəndə qayıtmaq çətin idi. Utanırdılar ki, universitetə qəbul ola bilməyib kəndə necə dönsünlər? Ona görə istehsalatda işləyir, gecələr hazırlaşıb sonra qəbul olurdular. Fəxarətlə kəndə qayıdırdılar.
Sinifdə rəqabət güclü idi. Hər kəs çalışırdı ki, medalı o alsın. Müəllimlər bizə çox əziyyət çəkirdilər. Hər bir müəllim dərsi və ya mövzunu tam anlamayan şagirdə dərsdən sonra ayrıca izah edərək əlavə köməklik göstərirdi. Bütün bunlar ödənişsiz şəkildə edilirdi.
Məktəbdə 10 günlük tətil veriləndə o qədər tapşırıq verilirdi ki, məsələn, riyaziyyatdan günə 10 misal düşürdü. Bəzən hamısını edə bilməyəndə müəllimə müraciət edirdik, izah edirdi. Dəfələrlə müəllimin evinə getmişik, izah almışıq.
Rus dili müəllimi Ağaqulu müəllim dərsi elə izah edirdi ki, elə bil rus dili bizim ana dilimizdir. Riyaziyyat müəllimi sinfə daxil olanda "Salam"dan öncə bir riyazi tapmaca deyirdi. Məsələn: Ey göydə uçan 100 qaz! Biz 100 deyilik. Bir biz, bir də bizcə, bir də bizim yarımızca, bir də bizim dörddə birimizcə olsaq, olarıq 100”. Bunu deyib jurnalı yazırdı. Biz tapmalı idik ki, göydə neçə qaz var. Bu kimi tapmacalarla fənnə maraq yaranırdı. Teoremi əvvəlcə izah edir, sonra misalı həll edirdik. İndiki uşaqlara teoremi de, izah et, deyəndə “teorem nədir?” deyə soruşurlar. Ədəbiyyatı Sahib Quliyev tədris edirdi. O, sonradan məktəb direktoru oldu. Deyirdi: “Şeiri quru-quru oxumayın. İntonasiya ilə hisslə danışın”.
Coğrafiya müəllimləri xəritə ilə işləyirdi. Dərsdə tez-tez xəritəyə baxıb, yerlərin adını çəkməyimizi istəyirdilər. Xəritəni əzbər bilirdik. Pioner qəzetinə məqalələr yazırdıq. Hər sahəyə marağımız var idi. Kənd kiçik olduğu üçün məzunlar kəndə qayıtmırdı. Çoxu Bakıda işləyirdi, yalnız bir neçəsi kəndə qayıdıb müəllimlik edirdi. Kəndimizdəki müəllimlərin hamısı öz məktəbimizin yetirmələri idi. Kənardan dərs keçməyə gələn olmayıb. Hətta qiyabi təhsil alaraq müəllimlik edənlər də olub. Gülxar müəllim, Xatın müəllim, Hafizə müəllim ilk təhsilli qadınlardandır. Gülarə Tahirova Həşim qızı isə Ermənistan SSR üzrə kəndimizdən seçilən ilk qadın deputat olmuşdur. O, bir neçə qurultayda iştirak etmişdir”,- deyə R.Abdullayeva qeyd edib.
Tahirova Gülarə Həşim qızı Zəngəzurun ilk qadın millət vəkili
Urud kəndində ziyalı ailəsində anadan olan Abdullayeva Leyla Abdulla qızı söyləyir ki, 8-ci sinifdə oxuyanda, biz kiçik siniflərdə dərs keçirdik:
“İndiki təhsillə müqayisədə o dövrün təhsili çox fərqli idi. Mən müəllimlərimə hədsiz dərəcədə minnətdaram.
Novruz bayramını möhtəşəm şəkildə qeyd edirdik. Maşın təkərlərini yandırırdıq ki, tüstüsü hər yerə yayılsın. Biz “çöçə” bişirirdik – mərciməkli, noxudlu, lobyalı qozlu və digər ərzaqlarla. Onu təndirdə hazırlayırdıq. Novruzda evli övladlar mütləq şəkildə valideynlərini ziyarət edirdilər. Bu, bir növ "əlöpmə" adəti kimi idi. Tonqala əvvəlcədən hazırlıq görürdük. Tez yanan otları tapıb yandırırdıq. Səhəri gün sübh tezdən bulağa gedir, oradan 7 daş gətirirdik. İnanırdıq ki, bu adət bizə ruzi və bərəkət gətirəcək. Xıdır Nəbi bayramını da qeyd edirdik. O günlərdə qovurğadan qovut hazırlayırdıq.
O vaxtlar televiziyalar Azərbaycanı kifayət qədər əhatəli göstərməsə də, radiodan bayram günlərinin tarixini dinləyirdik və həmin tarixlərdə bayramı qeyd edirdik. Qurban bayramında Seyid Mirismayıl Ağanın ocağına gedər, orada qurban kəsərdik. Halva bişirilər, bütün evlərə paylanardı. Eyni zamanda qurban ətlərindən də hər kəsə pay verilərdi.
Seyid Mirismayıl Ağanın ocağı (1957-ci il)
Biz Quranı əzbər bilirdik və bütün dini bayramları qeyd edirdik. Məktəbdə mütəmadi olaraq bilik yarışları keçirilirdi. Dərsdə müəllimlər bizə, evdə isə valideynlərimiz nağıllar öyrədirdilər. Riyaziyyatdan sorğu-sual keçirilirdi. Kim birinci yerə çıxırdısa, yarışmanın qalibi olurdu. Hamımız maksimum dərəcədə hazırlaşırdıq ki, utanmayaq.
Məktəbdə teatr tamaşaları təşkil olunurdu. Biz o səhnələri böyük məharətlə canlandırırdıq. Mahnılar oxuyur, müxtəlif rollar ifa edirdik. Dərsdən 15 dəqiqə əvvəl mütləq şəkildə idman edirdik. Teatr səhnəsi hazırlayarkən evlərdən xalçalar gətirirdik. “Oqtay Eloğlu”, “Vaqif” dramını səhnələşdirirdik. Kənd camaatı da toplaşaraq həmin teatr tamaşalarına baxırdı”,- o qeyd edib.
Yuxarıdan: Qurbanova Təzəgül Əli qızı, Abdullayev İsrafil Əsəd oğlu, Qurbanova Gözəl Nurməmməd qızı, Qurbanov Nizami Məclum oğlu
Aşağıdan: Abdullayeva Tovuz Əli qızı, Abdullayev Abdulla Əsəd oğlu, Qurbanova Nuridə Məclum qızı
1988-ci ilə qədər Urudda 115 ev var idi və bu evlərdə təxminən 1000 nəfər yaşayırdı. Deportasiya zamanı bu evlərin bir qismi Bakıda, Sumqayıtda yaşayan ermənilərin evləri ilə dəyişdirildi, bir qismi isə çox ucuz qiymətə (5-6 min rubl) Qarakilsə (Sisian) ermənilərinə satıldı. Bir hissəsi isə əvəzsiz olaraq yığışıb qaldı.
Tünzalə Abbasova