Azedu.az

Hansı kolleclər və ixtisaslar daha çox tələb görəcək? - AÇIQLAMA

Məktəblər

Kolleclər

İmtahanlar

Tələbə və şagird

15 Aprel 2025, 09:19
Hansı kolleclər və ixtisaslar daha çox tələb görəcək? - AÇIQLAMA

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

Şagirdlərin imtahandan sonra tez-tez düşündüyü suallardan biri budur: “Filan bal toplasam, görəsən, hansı kollecə qəbul ola bilərəm?”.

 

Bu mövzuda AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib ki, bu sual buraxılış imtahanlarının yalnız qiymətləndirmə məqsədi daşımadığını, eyni zamanda şagirdlərin gələcək təhsil trayektoriyasını müəyyənləşdirən əsas göstəriciyə çevrildiyini göstərir:

 

“Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, ümumi orta təhsil səviyyəsini bitirən şəxslər orta ixtisas təhsili pilləsinə sənəd verə bilərlər. Lakin bu hüququn reallaşması üçün buraxılış imtahanında müəyyən səviyyədə nəticə göstərmək şərtdir. Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi olaraq minimal keçid balı müəyyən edilməsə də, illər üzrə qəbul nəticələri göstərir ki, faktiki olaraq 80 baldan aşağı nəticə göstərən şagirdlərin seçim imkanları ya məhduddur, ya da tamamilə real deyil. Bu isə qeyri-rəsmi “faktiki keçid balı” anlayışını yaradır.

 

Statistik göstəricilər buraxılış imtahanlarının nəticələri ilə ixtisas seçimi arasında ciddi əlaqənin olduğunu təsdiqləyir. 2023-cü ildə orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş 37 minə yaxın abituriyentdən təxminən 21 min nəfəri 100 baldan yuxarı nəticə göstərmişdi. Ən çox qəbul olunan ixtisaslar sırasında tibb bacısı, proqramlaşdırma, defektologiya və ibtidai sinif müəllimliyi kimi sahələr üstünlük təşkil edib.

 

Bu isə göstərir ki, təkcə yüksək bal toplamaq deyil, həm də cəmiyyətin ehtiyac duyduğu sahələri seçmək uğurlu qəbulun əsas şərtidir. Müşahidələrə görə, bu il də həmin ixtisaslara olan tələbat artacaq. Xüsusilə tibb sahəsinə maraq yüksək olaraq qalacaq. Bu tendensiya pandemiyadan sonra sabitləşmiş və hər il təkrarlanır. Tibbi kolleclərdə əczaçılıq və tibb bacısı kimi ixtisaslarda minimum balların 130-150 aralığında dəyişəcəyi proqnozlaşdırılır".

 

Ekspert əlavə edib ki, təhsil ixtisaslarına da maraq azalmasa da, burada qeyri-bərabərlik müşahidə olunur:

 

“İbtidai sinif müəllimliyi və ingilis dili müəllimliyi kimi istiqamətlərə yüksək maraq səbəbindən ballar artacaq. Buna qarşılıq olaraq fizika, kimya, coğrafiya kimi sahələrə maraq azalmaqda davam edir. Bu isə gələcəkdə bu fənlər üzrə müəllim çatışmazlığı problemini daha da dərinləşdirəcək. Əgər Elm və Təhsil Nazirliyi tərəfindən bu sahələrə xüsusi stimullaşdırma tədbirləri görülməzsə - məsələn, təqaüdlər, güzəştlər və ya dövlət sifarişinin artırılması yolu ilə – yaxın illərdə regional məktəblərdə ciddi fənn müəllimi problemi ilə qarşılaşmaq qaçılmaz olacaq.

 

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində isə müsbət dinamika müşahidə edilir. Proqramlaşdırma, kompüter mühəndisliyi, sistem inzibatçılığı kimi ixtisaslara maraq artmaqda davam edir. Bunun əsas səbəbi əmək bazarının bu sahələrdə real və yüksək gəlirli iş imkanları təqdim etməsidir. Tələbə qəbulu üzrə statistik məlumatlara əsasən, ötən il bu ixtisaslara qəbul üçün tələb olunan ballar 110-140 arasında dəyişmişdi. 2025-ci ildə isə bu göstəricinin artacağı gözlənilir. Süni intellekt, kibertəhlükəsizlik və proqramlaşdırma bacarıqları əmək bazarına daxil olmaq üçün mühüm üstünlük verir.

 

Dünya təcrübəsində isə ixtisas seçimi təkcə bal göstəricisinə deyil, həm də bacarıq, maraq və əmək bazarının ehtiyaclarına uyğun həyata keçirilir. Məsələn, Almaniyada orta ixtisas səviyyəsinə keçid yalnız imtahan balına deyil, həm də məktəb qiymətlərinə və şagirdin maraq sahəsinə əsaslanır. Finlandiyada isə peşə məktəblərinə qəbul zamanı psixoloji testlər, praktik bacarıq imtahanları və şagirdin motivasiyası qiymətləndirilir. Bu ölkələrdə tələb yönümlü yanaşma tətbiq olunduğu üçün həm seçimlərin keyfiyyəti artır, həm də savadsız ixtisas yığımı az olur. Azərbaycanda isə yalnız test balına əsaslanan seçim sistemi bəzi hallarda yanlış istiqamətlərə yönəlməyə səbəb olur".

 

Kamran Əsədov qəbul mexanizminin inkişafı üçün bir neçə vacib dəyişikliyi zəruri hesab edir:

 

“Birincisi, ixtisas seçimi zamanı yalnız test balı deyil, məktəbdəki ümumi göstəricilər, sosial bacarıqlar və motivasiya da nəzərə alınmalıdır. İkincisi, əmək bazarına uyğun ixtisasların siyahısı hər il yenilənməli və bu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.


Üçüncüsü, az maraq göstərilən, lakin cəmiyyət üçün həyati vacib olan sahələrə stimullaşdırıcı tədbirlər görülməlidir. Məsələn, kənd təsərrüfatı, baytarlıq, coğrafiya müəllimliyi kimi sahələr bu gün az seçilsə də, uzunmüddətli inkişaf üçün həlledicidir.

 

Əgər bu addımlar atılarsa, həm təhsildə, həm də gələcək iş həyatında daha balanslı və ehtiyaca uyğun kadrlar formalaşacaq. Əks halda, yüksək balla “moda ixtisaslara” yönələn, lakin işsiz qalan gənclər və aşağı balla dəyərli ixtisaslara daxil ola bilməyən istedadlar itiriləcək. Bal tək göstərici olmamalı, ixtisas seçimi mexanizmi daha kompleks, şəffaf və yönləndirici olmalıdır".

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox