Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub ki, məktəb direktorlarının mövcud əməkhaqqına şagird sayından asılı olaraq 600 manatdan 1500 manatadək əlavələr edilib.
Statistikadan da göründüyü kimi direktorların əməkhaqqı yalnız şagird sayına nəzərən artır və 500-dən yuxarı şagirdyerlik məktəbləri əhatə edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib ki, məktəb direktorlarının maaşı təkcə şagird sayına görə artırılmamalıdır:
“Məktəb direktorlarının maaşlarının şagird sayına görə diferensiallaşdırılması bəzi məntiqi əsaslara söykənsə də, bu yanaşma bütövlükdə təhsilin idarəedilməsi və keyfiyyətinə təsir edən bir sıra problemlər yarada bilər. Azərbaycan Nazirlər Kabinetinin yeni qərarına əsasən, yalnız 500-dən çox şagirdi olan məktəblərin direktorlarının əməkhaqqı artırılıb, 200-500 arası şagirdi olan məktəblər isə əvvəlki qayda ilə qalır. Bu isə həmin məktəblərin rəhbərləri üçün maddi stimulların azalması, motivasiya itkisi və idarəetmə baxımından qeyri-bərabərlik yaradır. Əgər maaş artımı məktəbin ölçüsü və idarəetmə yükü ilə əlaqələndirilirsə, o zaman orta ölçülü məktəblərin də bu dəyişiklikdən faydalanmaması ciddi suallar doğurur.
Azərbaycanın təhsil sistemində məktəblərin böyük hissəsi 200-500 arası şagirdi olan məktəblərdən ibarətdir. Statistik göstəricilərə əsasən, respublikada təxminən 2000-ə yaxın məktəb bu kateqoriyaya daxildir və bu məktəblər əsasən rayon və kənd yerlərində yerləşir. Xüsusilə, bölgələrdə və ucqar ərazilərdə yerləşən orta ölçülü məktəblər üçün direktorların yükü çox yüksək olur. Bu məktəblərdə direktorlar təkcə inzibati rəhbər deyil, həm də pedaqoji fəaliyyətə cəlb olunurlar, bəzi hallarda dərslər keçirlər və məktəbin bütün idarəetmə məsələlərini öz üzərlərinə götürürlər. Belə olan halda, 500-dən çox şagirdi olan məktəblərin direktorlarına maaş artımı tətbiq edilib, 200-500 intervalında olan məktəblərin direktorları kənarda saxlanıldıqda idarəetmədə qeyri-bərabər münasibət yaranır.
Dünya təcrübəsinə baxsaq, bir çox ölkələrdə məktəb direktorlarının maaşlarının təkcə şagird sayına görə deyil, həmçinin məktəbin yerləşdiyi bölgəyə, maliyyələşdirmə dərəcəsinə, təhsil nəticələrinə və məktəbin sosial-iqtisadi vəziyyətinə görə tənzimləndiyini görərik. Məsələn, Finlandiya təhsil sistemində məktəb direktorlarının maaşı əsasən məktəbin yerləşdiyi əraziyə və sosial-iqtisadi göstəricilərə görə müəyyən edilir. Kiçik məktəblərdə direktorların əlavə inzibati yükü nəzərə alınaraq onlara əlavə idarəetmə və təşviq ödənişləri verilir. Almaniyada məktəb direktorlarının maaşı təkcə şagird sayına deyil, həm də məktəbin yerləşdiyi federal bölgəyə görə dəyişir. Ucqar və sosial-iqtisadi çətin bölgələrdə çalışan direktorlar daha yüksək əməkhaqqı və bonuslarla təmin olunurlar. Kanadada məktəb direktorlarının maaşları məktəbin ölçüsündən asılı olaraq tənzimlənir, amma eyni zamanda təhsil keyfiyyəti, idarəetmə bacarığı və məktəbin performansı da nəzərə alınır. Həmçinin kiçik məktəblərdə direktorların əlavə inzibati və pedaqoji vəzifələrini yerinə yetirdikləri üçün əlavə ödənişlər tətbiq edilir.Türkiyədə məktəb rəhbərlərinin maaşları məktəbin ölçüsündən asılı olsa da, əlavə olaraq coğrafi bölgələr üzrə fərqlənir. Məsələn, ucqar kəndlərdə və sosial-iqtisadi çətin bölgələrdə çalışan direktorlar əlavə ödənişlər və bonuslar alırlar.
Bu nümunələr göstərir ki, yalnız məktəbin şagird sayına əsaslanan maaş diferensialı təhsil sistemində balanssızlıq yarada bilər. 200-500 arası şagirdi olan məktəblərin direktorları üçün əməkhaqqının artırılmaması, idarəetmə motivasiyasını aşağı sala bilər, bu da təhsilin keyfiyyətinə təsir edər”.
"Maaş məsələsinin həlli üçün daha və ədalətli yanaşma tətbiq edilməlidir”,-deyə ekspert vurğulayıb:
500-dən çox şagirdi olan məktəblərə maaş artımı edildiyi kimi, 200-500 arası şagirdi olan məktəblərdə də direktor maaşlarının artırılması nəzərdə tutulmalıdır. Məsələn, 200-350 arası şagirdi olan məktəblər üçün 300-500 manat, 350-500 arası şagirdi olan məktəblər üçün isə 500-700 manat aralığında artım tətbiq oluna bilər.
Ucqar kəndlərdə və rayonlarda yerləşən məktəblərin direktorları əlavə təhsil təşviqləri ilə təmin olunmalıdır. Şəhər məktəblərinə nisbətən kənd məktəblərində direktorlar daha aşağı maaş alır, halbuki onların üzərinə düşən inzibati yük bəzən daha çox olur. Maaş artımı təkcə şagird sayına görə deyil, məktəbin akademik nəticələrinə və direktorun idarəetmə bacarığına görə də qiymətləndirilməlidir. Təhsil keyfiyyətinin yüksəldilməsi üçün direktorların fəaliyyətinə əsaslanan təşviq sistemləri tətbiq olunmalıdır. Yüksək nəticələr əldə edən məktəblərin direktorları üçün əlavə bonus sistemi yaradılmalıdır. Xüsusilə kiçik və orta məktəblərdə direktorlar yalnız inzibati rəhbər deyil, həm də dərs deyir, məktəbin təşkilati işləri ilə məşğul olur. Bu səbəbdən onların əməkhaqqı yalnız idarəetmə yükü deyil, əlavə pedaqoji fəaliyyəti nəzərə alınaraq artırılmalıdır.
Bunlardan əlavə direktorların ixtisasartırma və peşəkar inkişaf proqramlarına əlavə maliyyə dəstəyi ayrılmalıdır. Əgər məktəb rəhbərlərinin daha effektiv idarəetmə bacarıqları formalaşdırılacaqsa, onların maliyyə stimulları ilə yanaşı, peşəkar inkişaf imkanlarına da xüsusi diqqət yetirilməlidir.
Ümumilikdə, məktəb direktorlarının maaşlarının artırılması təhsil sistemində idarəetmənin keyfiyyətini yüksəltmək və ümumi təhsil infrastrukturunu gücləndirmək üçün önəmli addımdır. Amma bu proses yalnız böyük məktəbləri nəzərə almaqla həyata keçirildikdə, ciddi balanssızlıq və sosial ədalətsizlik yaranır. Əgər 500-dən çox şagirdi olan məktəblərin direktorlarına maaş artımı tətbiq olunursa, 200-500 arası şagirdi olan məktəblərin rəhbərləri də eyni şəkildə dəstək görməlidir. Əks halda, bu kateqoriyaya aid məktəblərdə rəhbərliyin effektivliyi azalacaq, nəticədə təhsilin idarə edilməsi prosesində problemlər yaranacaq. Bu səbəbdən, təhsil siyasəti hazırlanarkən bütün məktəblərin real vəziyyəti nəzərə alınmalı, direktorların maaş artımı yalnız şagird sayına deyil, məktəbin yerləşdiyi bölgəyə, idarəetmə yükünə və təhsil keyfiyyətinə əsasən tənzimlənməlidir”.