Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
AzEdu.az bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.
14:37
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub".
AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
"Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
13:45
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub".
AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə məlumatda bildirilib.
11:55
Tovuzda Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə 10-dan artıq şagird soba tüstüsündən zəhərlənib.
AzEdu.az-ın Qazax-Tovuz Regional Təhsil İdarəsindən aldığı məlumata əsasən, həmin məktəbin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub.
Bildirilib ki,məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.
11:36
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
AzEdu.az xəbər verir ki, hadisə rayonum Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məktəbin 10-dan artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub.