“Hazırda ölkədə sosiologiya, fəlsəfə, beynəlxalq münasibətlər, regionşünaslıq kimi ixtisaslara ehtiyac yoxdur”.
Bu sözləri AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.
“Humanitar elmlərə tələbat və məvacib azdır. Məvacib az olduğundan bu sahələrdə oxumuş tələbələrin həyatda özünə mövqe tapa bilməsi də çətin olur. Ona görə də humanitar elmlər üzrə məzun olanların bir çoxu ya ixtisasını dəyişir, ya da sertifikat və ya nə isə öyrənmək üçün təlimlərə üz tuturlar”.
Qoşqar Məhərrəmov bildirib ki, hazırda ölkədə sosiologiya, fəlsəfə, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasına ehtiyac olmadığından tələbələr bu sahələri seçməməlidirlər:
“Əlbəttə belə olmamalıdır. Həmin ixtisaslara uyğun iş yerlərinin yaranmasına ehtiyac var. Bu sahələrin önəmsiz olduğunu demirəm. Sadəcə olaraq hazırda adı çəkilən sahələrdə ölkədə iş üçün şərait yoxdur. Tələbələr İKT, mühəndislik və tibb sahələrinə yönəlməlidirlər. Belə olduqda isə onların iş tapmaq ehtimalları daha çoxdur. Amma onu da qeyd etmək lazımdır ki, humanitar sahələrdə təhsil alan bütün tələbələr texniki sahələrə yönələ bilmirlər”.