Bu il dünya ölkələrinin müəllimləri arasında keçirilən “Golabal Teacher Award 2021” müsabiqəsində iki azərbaycanlı müəllim uğur qazanıb.
Onlardan biri Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Gülər Bayramovadır.
Müəllim AzEdu.az-a açıqlamasında qeydiyyat prosesinin tələbləri, tətbiq etdiyi dərs metodları və sosial işlərdən danışıb:
“Müsabiqədə iştirak üçün nominasiyalar elan edildiyi zaman namizədliyimi verdim. Qeydiyyat üçün tələb olunan məlumatları əlavə etdikdən sonra bizim işlədiyimiz məktəbdə deyil, başqa məktəblərdən olan 5 müəllim referans olmalıdır. Mənə 3 müəllim ölkəmizdən, layihələrdən tanış olduğum 2 müəllim isə Türkiyədən referans oldu. Namizədlik formunda bununla yanaşı bizdən hansı yeni metodlar tətbiq etdiyimiz, nə kimi işlər gördüyümüz, etdiyimiz yeniliklər, fəaliyyətimiz soruşulur. Həm də bu bir növ “İlin gənc müəllimi” müsabiqəsinə bənzəyir. Nominasiya iştirakçıları olaraq gördüyümüz işləri fotolarla birlikdə yolladıq. Məsələn, mənim ibtidai siniflərdə ilk dəfə keçdiyim oyun əsaslı öyrənmə, sistem və robotik kodlarla olan metodlarımı qeyd etdim. Bununla bağlı bizim iki sosial işimiz var. Bunlardan biri “Tullantıdan tədrisə” dir. Bu sosial işimizdə şagirdlərlə birlikdə tullantılardan müxtəlif əşyalar düzəldirik. Daha sonra bu əşyaları az miqdar qarşılığında valideynlərə satırıq, üzərini mən tamamlayıram. Bu məbləğlə şəhid və qazi ailələrini ziyarət edirik.İkinci sosial işimizdə isə biz siniflə bərabər həftənin bir günü dərsdən sonra əlilliyi olan uşaqların evinə gedib bir saat müddətində onlara kitab oxuyurq, birlikdə şəkil çəkirik, əylənirik.Bu işimizdə hər dəfə 4-5 müxtəlif şagird iştirak edir. Nominasiyada iştirak üçün göndərdiyim müraciətdə bunları qeyd etmişdim. Eyni zamanda məktəb direktoru da referans verməli və təsdiq etməlidir. Müraciət zamanı göndərdiyiniz bütün referans və məlumatlar toplanır və müsabiqənin münsiflərinə göndərilir”.
Gülər Bayramova seçiləcəyini xəyalına belə gətirmədiyini, bunun onun üçün gözlənilməz olduğunu bildirib:
“Doğrusu, hər dəfə seçilən insanları gördükcə mənim də seçiləcəyimə heç inanmırdım. Ancaq 110 ölkədən qatılan minlərlə iştirakçı arasında mənə də dəvət məktubu gəldi. Dəvət məktubunda müsabiqənin mükafatlandırma mərasiminə hibrid , yaxud onlayn formada qatıla biləcəyimiz, onlayn qatılacağımız təqdirdə mükafatlarımızın poçt vasitəsi ilə göndəriləcəyi qeyd edilmişdi. Daha sonra bizim işlədiyimiz müəssisəni təsdiqləyən sənəd forması, şəxsiyyət vəsiqəmiz forum vasitəsi ilə qeyd edib onlara göndərəcəyik ki, bizim iş yerimiz haqqında məlumatları rəsmi olaraq əldə etsinlər”.
Digər mükafatçı isə Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aynur İbrahimovadır.
Sevincini AzEdu.az ilə bölüşən gənc müəllim müsabiqəyə qeydiyyat prosesi və üzləşdiyi çətinliklərdən danışıb:
“Müsabiqəni ilk dəfə bir azərbaycanlı müəllimin paylaşımında görmüşdüm, bu müsabiqə haqqında məlumatım yox idi. 23 may-da müsabiqə haqqında elanı gördüm və qeydiyyat üçün son tarix 30 may olaraq bildirilmişdi. Qeydiyyatın bitməsinə çox az zamanımın olmasına baxmayaraq özümü sınamaq istədim. Müsabiqə haqqında araşdırdım, qeydiyyat prosesini öyrəndim. Bu mənim üçün çox çətin oldu.Çünki haqqımda məlumatlar, gördüyüm işlər, bütün fəaliyyətim ingilis dilinə təcümə olunmalı, eyni zamanda You Tube kanalı açılmalı və oraya dərslər yerləşdirilməli idi. Bununla yanaşı 5 azərbaycanlı müəllimin və məktəb rəhbərliyinin mənim müsabiqədə iştirakım üçün müsabət rəy verməsi tələb olunurdu. Bütün bunlar isə zaman aparırdı. 5 müəllim və məktəb rəhbərliyi bu müsabiqədə iştirak etməyim üçün mənə dəstək oldular,hər birinə öz təşəkkürümü bildirirəm. İki ingilis dili müəllimi isə qeydiyyat zamanı tərcümənin düzgün alınması üçün mənə çox böyük dəstək göstərdilər, demək olar ki, iki gecə yatmadım. Səhərə kimi oyaq qalaraq bütün məlumatlarımın dəqiqliklə ingilis dilinə tərcüməsinə çalışdım”.
Müəllim, göndərdiyi məlumatların münsiflər tərəfindən maksimum balla qiymətləndirildiyini qeyd edib:
“Bu müddətdə qeydiyyat bitənə kimi çatdıra bilməcəyimi düşünüb həyəcan keçirirdim.Ancaq müsabiqədə iştirak üçün qeydiyyat müddətinin bir ay daha uzadılmasından xəbərsiz idim.Məlumatları hazırlayıb göndərdikdən bir gün sonra cavab gəldi. Cavabda göndərdiyim məlumatların maksimum, yəni 400 bal, münsiflərin dəyərləndirilməsi isə birlikdə isə 500 bal dəyərində qiymətləndirildiyi qeyd olunmuşdu. O zaman bu müsabiqənin ilk 100,ya da 50-lik siyahısına düşə biləcəyimə ümüdüm yarandı. Amma müsabiqənin qaliblərindən biri olacağımı heç vaxt ağlıma gətirmirdim”.
Gənc müəllim müsabiqədə müsabiqədə ona uğur qazandıran məqamlara vurğulayıb:
Həmin müddətdə mənim belə desək, ölkə üzrə kifayət qədər səs gətirən “Oxumaq heç vaxt gec deyil” adlı təhsilsiz valideynlərə dərslər layihəmin icrası davam edirdi. Düşünürəm ki, o layihəmin müsabiqədə uğur qazanmağımda böyük rolu oldu. Çünki bu müsabiqədə daha çox ucqarlarda işləyən, təhsil üçün yenilik edən, xüsusi ilə kənd məktəbində çalışan və işini sevən müəllimlərə üstünlük verilirdi. Düşünürəm ki, bu müsabiqədə mənə uğur qazandıran ən əsas məqamlardan birincisi qızların təhsil almasına şərait yaratmaq, ucqar bir kənd məktəbində şagirdlərin hazırlığında tətbiq etdiyim öyrənmə metodları oldu. Nəticələrin açıqlandığını dünən öyrəndim. Hələ də inana bilmirəm ki, o müsabiqənin qaliblərindənəm”.
Aynur İbrahimova uğur qazanan müəllimlərin təmsil etdiyi ölkələr siyahısında Azərbaycan adının çəkilməsinin qürurvercii olduğunu qeyd edib:
“Müsabiqə artıq 4 ildir ki, keçirilir. Hər il 6 qitədən,100 ölkədən, 200 mindən çox müəllim bu müsabiqəyə qatılır.Burada bir çox ölkələr, hətta bizim bədnam qonşumuz, düşmənimiz olan Ermənistandan da qatılan müəllimlər var idi. Çox sevinirəm ki, bu müsabiqənin qalibləri siyahısında azərbaycanlı müəllimlər də var,bu bizim üçün böyük bir uğurdur. Hər il müsabiqənin mükafatlandırma mərasimi Hindistanda maraqlı şəkildə təşkil olunurdur, ancaq pandemiya səbəbi ilə bu il virtual keçiriləcək. Qaliblərə bildiyim qədəri ilə müsabiqənin sertifikatı, döş nişanı, medal və kubok təqdim ediləcək,göndəriləcək. Bütün hallarda Azərbaycan təhsilini dünya səviyyəsində təmsil etmək mənim üçün böyük bir uğurdur. Çünki burada qalib gələn müəllimlərin xüsusi tanıtım mərasimi keçiriləcək, uğur qazanan müəllimlərin təmsil etdiyi ölkələr siyahısında Azərbaycan adının çəkilməsi qürurvericidir. Gələcəkdə də müəllimlərlə bağlı beynəlxalq müsabiqələrdə iştirak etməyi düşünürəm. Qeyd edim ki, 2022-ci ilin yanvar ayında Dubayda keçiriləcək belə bir festivala da artıq dəvət aldım və orada da öz şansımı sınayacam”.
Hər iki müəllimi təbrik edir, sonrakı fəaliyyətlərində uğurlar arzulayırıq!