““Virtual məktəb” platformasında keçirilməsi nəzərdə tutulan imtahan şagirdlərin qiymətinləndirməsi məqsədi daşımır”.
Bunu AzEdu.az-a açıqlamasında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov şagirdlərin imtahanda iştirak etməsinin məcburi olub olmadığından danışarkən deyib. O qeyd edib ki, hələlik imtahanın mexanizmləri və məzmunu barədə müzakirlər aparılır.
“İmtahanın detalları hələlik tam təsdiq olunmayıb. Lakin Təhsil naziri Ceyhun Bayramov çıxışında qeyd etdiyi kimi “Virtual məktəb” və teledərslərlə təqdim olunan məzmunun mənimsənilməsi səviyyəsinin “Virtual məktəb” platforması vasitəsilə monitorinqi və təhlilini aparacağıq. Yəni burada imtahandan, qiymətləndirmədən söhbət getmir. Biz sadəcə verdiyimiz məzmunun şagirdlər tərəfindən nə dərəcədə mənimsənilməsinin ümumi monitorinqin aparacağıq. Bunun necə hansı formatda olması barədə müzakirələr gedir, mexanizmlər düşünülür. Amma qeyd edim ki, bu imtahan bizim alışdığımız əvvəlki imtahanlar kimi deyil. Bu daha çox monitorinq təhlil xarakterlidir. Şagirdlərin qiymətinə hər hansı bir təsir göstərməyəcək”.
Qeyd edək ki, “Virtual məktəb” layihəsinə qeydiyyat aprelin 2-dən etibarən başlanılıb və hələ də davam edir.