Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən namizədləri maraqlandıran məsələrdən biri də Dövlət İmtahan Mərkəzinin müəyyən şəxslərə imtiyazlar tətbiq edib-etməməsi ilə bağlıdır. Bu barədə redaksiyamıza çoxsaylı suallar ünvanlanır. AzEdu.az həmin suallardan birinin cavabını DİM-ə istinadla təqdim edir.
Sual: Mən ali təhsil almaq istəyirəm. Özüm müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Bunun nəzərə alınması sayəsində mən ali məktəbə və ya texnikuma müsabiqədənkənar qəbul oluna bilərəmmi?
Cavab: Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu DİM tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə uyğun olaraq müsabiqə əsasında aparılır. Qəbul qaydalarına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda heç bir imtiyaz nəzərdə tutulmur. Odur ki, döyüş bölgəsində hərbi xidmət keçmək ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul üçün əsas ola bilməz. Siz ümumi qaydada qəbul imtahanı verib müsabiqədə iştirak etməlisiniz.
Qeyd edək ki, yalnız olimpiadalarda mükafat qazanmış abituriyentlər müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul ola bilər.
Ayşə MÜSEYİB