Azedu.az

Çində imtahandan sonra komaya düşən qız universitetə qəbul xəbərini eşidib ayıldı

Maraqlı

6 Avqust 2025, 17:41
Çində imtahandan sonra komaya düşən qız universitetə qəbul xəbərini eşidib ayıldı

Çinin Henan əyalətində 18 yaşlı Tszyan Çennanın həyatını dəyişən hadisə bütün ölkədə rezonansa səbəb olub. Ağır ürək xəstəliyi səbəbilə komaya düşən gənc qız, universitetə qəbul olduğunu eşitdikdən sonra şüuruna qayıdıb.

AzEdu.az xəbər verir ki, bu barədə SCMP məlumat yayıb.

Bildirilir ki, milyonlarla gəncin taleyini müəyyən edən "gaokao" - milli qəbul imtahanından sonra Tszyan özünü pis hiss edib. Həkimlər onda nadir və həyati təhlükə yaradan fulminant miokardit - sürətlə inkişaf edən ürək əzələsi iltihabı aşkar ediblər. Qız reanimasiyaya yerləşdirilib və vəziyyəti o qədər ağır olub ki, həyat funksiyaları yalnız cihazlarla dəstəklənib.

Tszyanın ailəsi maddi çətinlikdə yaşayır: Avtomobil qəzasında xəsarət almış atası işləyə bilmir, anası isə yemək sataraq ailəni dolandırır. Qızın müalicəsi ailəyə 200 min yuana (təxminən 47 min AZN) başa gəlib və bu məbləğ üçün onlar borc almağa məcbur olublar.

Möcüzəvi dönüş nöqtəsi komanın səkkizinci günündə baş verib. Atası qızının Huanghe Nəqliyyat Universitetinə qəbul olunduğunu bildirən məktubu xəstəxanaya gətirib və qızının başı üzərində oxuyub. Bu xoş xəbəri eşidən an Tszyanın göz qapaqları titrəyib. Ertəsi gün o, huşa qayıdıb və əli ilə "hər şey qaydasındadır" jesti göstərib.

Həkimlər onun ürək fəaliyyətinin bərpa olunduğunu və vəziyyətinin sabitləşdiyini bildiriblər. Oyanmanın dəqiq səbəbi hələ də məlum deyil.

"Borclarımız olsa da, onu universitetə göndərəcəyəm. Bu, onun xəyalıdır və mən onu dəstəkləyəcəyəm", - deyə qızın atası bildirib.

Tszyan artıq reanimasiyadan çıxarılıb və adi palataya köçürülüb. Əgər hər şey plan üzrə getsə, o, sentyabr ayında universitet həyatına başlayacaq.

Bu hekayə Çin sosial şəbəkələrində böyük əks-səda doğurub. İstifadəçilər Tszyana sağlamlıq və uğurlar arzulayıb, onun həyat eşqindən və təhsil arzusu uğrunda mübarizəsindən ilham aldıqlarını bildiriblər. Bir çoxları hesab edir ki, universitetə qəbul olunmaq ümidi ona yaşamaq gücü verib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox