Ana bətnində körpənin inkişafı təkcə fiziki deyil, eyni zamanda psixoloji və duyğusal aspektlər baxımından da böyük önəm daşıyır. Son illər aparılan araşdırmalar göstərir ki, musiqi bu inkişafda mühüm rol oynayır. Həkimlər və psixoloqlar hesab edir ki, düzgün seçilmiş musiqi ana bətnindəki dölün beyin inkişafına və emosional balansına müsbət təsir göstərir.
AzEdu.az xəbər verir ki, müxtəlif ölkələrdə aparılan elmi tədqiqatlara görə, körpələr ana bətnində olarkən səsə və ritmə reaksiya verirlər. 18-20-ci həftələrdən etibarən döl xarici səsləri eşidə və onları ayırd edə bilir. Bu mərhələdə sakitləşdirici və ritmik musiqilər, xüsusilə klassik əsərlər körpənin ürək döyüntüsünü sabitləşdirə və stres səviyyəsini azalda bilər.
Döl musiqiyə cavab verir
İspaniyada aparılan bir araşdırmada məlum olub ki, ana bətnində musiqi dinləyən körpələrin doğulduqdan sonra daha sakit və rahat olduqları müşahidə edilib. Eyni zamanda, musiqinin yaddaş və dil bacarıqlarının formalaşmasına da müsbət təsir göstərdiyi vurğulanıb.
Musiqi körpənin gələcək davranışına təsir edə bilər
Mütəxəssislər bildirirlər ki, ana bətnində musiqi ilə tanış olan uşaqlarda ritmə və musiqiyə maraq, eyni zamanda dil və nitq bacarıqları daha tez inkişaf edir. Musiqi, həmçinin doğuşdan sonrakı adaptasiya dövründə də uşağa rahatlıq gətirə bilir.