Ötən gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı təşkil olunub. Şagirdlərin əksəriyyəti imtahanın heç də çətin olmadığı qənaətindədirlər. Nəzərə alsaq ki, II və III ixtisas qrupları üzrə keçirilən imtahanlar isə abituriyentlər üçün çətin keçib, bu zaman imtahan nəticələrinin necə olacağı maraq doğurur.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, abituriyentlərin əksəriyyəti riyaziyyat fənninin çətin olduğunu qeyd ediblər:
“Bəziləri isə informatika fənninin çətinliyini vurğulayıblar. Hətta DİM riyaziyyatdan bir sualın səhv olduğunu və abituriyentlərin lehinə hesablanacağını elan edib. Yəni riyaziyyatın çətinliyi müəyyən qədər ballara təsir göstərə bilər. Çünki bir fəndən belə qəbul imtahanında yaranan çətinlik, istər-istəməz həmin qrup üzrə imtahanda iştirak edən abituriyentlərin nəticələrinə təsir edir.
Bu da öz növbəsində maksimal bal toplayan abituriyentlərə təsirsiz ötüşməyəcək. Bəli, tarix fənni qədər çətin olmadığını qəbul edirik. Amma digər fənlərlə müqayisədə riyaziyyat daha çətin idi. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi bütün fənləri balanslı şəkildə bölməlidir. Belə ki, suallar asan, orta və çətin səviyyələrə uyğun şəkildə hər fəndə paralel tətbiq olunmalıdır".
Ekspert əlavə edir ki, hazırda 3 fəndən 2-si asan, 1-i isə çətin olur və bu, düzgün yanaşma deyil:
“Doğrudur, nəzərə almaq lazımdır ki, abituriyent hansı fənnə yaxşı hazırlaşıbsa, o fənn ona nisbətən asan gəlir. Amma biz bu fikirləri abituriyentlərlə deyil, müəllimlərlə də müzakirə edirik. Bəzi müəllimlər də bildirirlər ki, tarix fənni çox çətin olub. Mən bir fənnin çətin, digərinin isə asan salınmasının tərəfdarı deyiləm.Çünki şagird hər hansı fənnə ciddi şəkildə hazırlaşıbsa və həmin fənnin sualları çətin verilirsə, bu, abituriyentin ümumi balına birbaşa təsir edir. Bu da həmin şagirddə psixoloji gərginlik və hətta travma yarada bilər.
Əgər ikinci imtahan cəhdini nəzərə almasaq, mövcud vəziyyətdə ötən illə müqayisədə balların aşağı düşəcəyi ehtimalı var. Niyə? Çünki suallar çətin olduqda yüksək bal toplayanların sayı azalır.
Bu da nəticə etibarilə ixtisaslar üzrə universitetlərə keçid ballarının azalmasına səbəb olur. Əgər ikinci cəhddə suallar daha balanslı hazırlanarsa, bu, ümumi statistikanın dəyişməsinə səbəb ola bilər. Ona görə də ikinci cəhdin nəticələri ümumi statistikaya mühüm təsir göstərəcək".