Artıq qəbul imtahanlarına sayılı günlər qalıb. Məlumdur ki, II və III qrupları seçən abituriyentlərin sayı heç də az deyil. Xüsusilə III qrupda hər il rəqabət olduqca gərgin keçir. Son dövrlərdə süni intellektin sürətli inkişafını da nəzərə alsaq, bu sahəyə uyğun ixtisasların II və III qruplarda demək olar ki, az olduğunu görürük.
Bəs, bu günün tələblərinə uyğun olaraq II və III qruplarda ən çox rəqabət gözlənilən ixtisaslar hansılar olacaq?
Mövzu ilə bağlı AzEdu.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov danışıb.
Ekspertin sözlərinə görə, II və III qruplarda isə birbaşa “süni intellekt” və ya “verilənlərin təhlili” kimi müasir ixtisaslar hələ geniş yayılmayıb:
“Bu il qəbul imtahanlarına sayılı günlər qalarkən, II və III ixtisas qruplarında ən çox rəqabətin xüsusilə III qrupda humanitar, pedaqoji və sosial ixtisaslara maraq ənənəvi olaraq yüksək qalır və rəqabət ilbəil artır. Bununla belə, son illərdə əmək bazarında baş verən dəyişikliklər, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı, klassik sahələrlə yanaşı yeni tip ixtisaslara ehtiyac yaradır, lakin II və III qruplarda bu istiqamətdə seçim imkanları hələ ki, məhduddur”.
Ekapert qeyd edib ki, 2024-cü ilin qəbul statistikası göstərir ki, III qrupda ən yüksək bal və ən çox abituriyentin müraciət etdiyi ixtisaslar sırasında “Hüquqşünaslıq”, “Beynəlxalq münasibətlər”, “Psixologiya”, “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Jurnalistika” və “Tərcümə” ixtisasları yer alır:
“Xüsusilə “Hüquqşünaslıq” üzrə keçid balları son 5 ildə davamlı olaraq artıb və bir çox universitetdə bu ixtisasa qəbul üçün ən yüksək bal tələb olunur. “Hüquqşünaslıq” və “Beynəlxalq münasibətlər” də həm populyarlığı, həm də məzunlarının müxtəlif sahələrdə iş tapmaq imkanları baxımından önə çıxır. “Tərcümə” və “Jurnalistika” ixtisasları isə dil biliklərinin və müasir informasiya cəmiyyətinin inkişafı fonunda rəqabətli olaraq qalır.
II qrupda isə “Maliyyə”, “İqtisadiyyat”, “Menecment”, “Marketinq” və “Dövlət və bələdiyyə idarəetməsi” ən populyar və rəqabətli ixtisaslardır. Xüsusən “Maliyyə” və “İqtisadiyyat” üzrə qəbul balları, adətən, ən yüksək olur və əmək bazarındakı sabit tələbat bu ixtisaslara marağı davamlı saxlayır. “Menecment” və “Marketinq” isə biznes sahəsində müasir yanaşmalar və özəl sektorda iş imkanları ilə abituriyentlər üçün cazibədar seçimə çevrilib. II qrup üzrə qeyd etmək lazımdır ki, bir çox universitetdə dövlət sifarişi yerlərinin məhdudluğu da rəqabəti artırır”.
“Süni intellekt və rəqəmsal texnologiyalara gəlincə, bu sahələr əsasən I və III qruplarda (“Kompüter elmləri”, “İnformasiya texnologiyaları”, “Proqramlaşdırma”, “Kibertəhlükəsizlik” və s.) əks olunub”, deyə müsahibimiz qeyd edib:
“II və III qruplarda isə birbaşa “süni intellekt” və ya “verilənlərin təhlili” kimi müasir ixtisaslar hələ geniş yayılmayıb, bu da struktur və tədris proqramlarında islahatların aktuallığını göstərir. Buna baxmayaraq, II qrupda “İqtisadiyyat ”, "Maliyyə", “Biznesin idarə olunması”, “marketinq” kimi yeni ixtisasların sayı artır və gələcək illərdə bu tip sahələrdə də rəqabətin artacağı proqnozlaşdırılır.
Nəticə etibarilə, bu il də II və III qruplarda “Hüquqşünaslıq”, “İqtisadiyyat”, “Maliyyə”, “Menecment”, “Marketinq”, “Beynəlxalq münasibətlər” və “İbtidai sinif müəllimliyi” ən çox abituriyentin seçdiyi və ən yüksək rəqabət gözlənilən ixtisaslar olacaq. Əmək bazarının dinamikasına, beynəlxalq trendlərə və süni intellektin artan roluna uyğun olaraq, gələcəkdə II və III qruplarda da rəqəmsal iqtisadiyyat, data analitikası və müasir idarəetmə ixtisaslarının tədrisə daxil edilməsi təhsil sisteminin qarşısında duran başlıca çağırışlardan biri olmalıdır”.