“Abituriyentlərin buraxılış imtahanları ərəfəsində yaşadıqları stress normal bir haldır. Bu dövrdə ailə dəstəyi və yanaşması abituriyentlərin psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Səbinə Bayramova bildirib.
Psixoloq vurğulayıb ki, imtahan öncəsi yüksək stres abituriyentin performansına mənfi təsir edə bilər:
“Valideynlərin "narahat olma, yaxşı yaza bilməsən də canın sağ olsun" kimi ifadələrinin həm müsbət, həm də mənfi tərəfləri var. Hər bir abituriyentin xarakteri, motivasiya səviyyəsi və imtahana münasibəti fərqlidir. Bəzi abituriyentlər bu ifadədən müsbət təsir alaraq rahatlaşa bilər, digərləri isə mənfi təsir görüb, imtahana lazımınca ciddi yanaşmaya bilər.
Müsbət tərəflərindən biri, bu ifadənin abituriyentə rahatlamaq, özünə inamını artırmaq və imtahan üçün daha yaxşı hazırlaşmaq üçün motivasiya verməsidir. Ayrıca, imtahanın həyatının yeganə və ən vacib məsələsi olmadığını, səhhətinin və xoşbəxtliyinin daha önəmli olduğunu xatırladır.
Amma mənfi tərəfi isə budur ki, bəzi abituriyentlər bu ifadəni "nəticə önəmli deyil" kimi qəbul edə bilər və imtahana lazımi ciddi yanaşmaya bilər. Bu da onların motivasiyasını azaldaraq, yaxşı nəticə əldə etmələrinə mane ola bilər.
Buraxılış imtahanları həm abituriyentlər, həm də onların valideynləri üçün həyəcanlı bir dövrdür. Bu zaman abituriyentə dəstək olmaq və sakit, rahat bir mühit yaratmaq xüsusilə vacibdir. Bu, onun streslə mübarizə aparmasına və imtahanları uğurla verməsinə kömək edəcək".
Valideynlər üçün bir sıra tövsiyələr də verən psixoloq, ilk növbədə, övladlarının hisslərini anlamağa çalışmalarını məsləhət görüb:
"Onun stressini, qorxularını və narahatlıqlarını dinləyin, ona dəstək olduğunuzu göstərin. Övladınızı imtahana yaxşı hazırlaşmaq üçün motivasiya edin. Ona inandığınızı, güvəndiyinizi və hər zaman yanında olduğunuzu bildirin. Daha sonra ondan real gözləntiləriniz olsun və onun potensialını, imkanlarını nəzərə alın".
Psixoloq, övladlarına imtahanla bağlı həddindən artıq təzyiq göstərməmək və onlara müsbət yanaşma nümayiş etdirməyin vacibliyini də vurğulayıb:
"İmtahanın onun həyatının yeganə və ya ən vacib məsələsi olmadığını xatırladın. Onun uğurlarına sevinin, səhvlərini isə düzəltməyə kömək edin. Əgər övladınızın imtahan stressi çox yüksəkdirsə və ya onunla başa çıxmaqda çətinlik çəkirsinizsə, mütləq peşəkar psixoloqdan dəstək alın.
Unutmayın ki, hər bir abituriyent fərqlidir və hər birinin özünə uyğun yanaşma tələb olunur. Ən vacib şey övladınızın sağlamlığı və rifahıdır. Onunla açıq və səmimi şəkildə danışın, ehtiyaclarını anlayın və ona ən sağlam şəkildə dəstək olun".