Hər il abituriyentlərin qarşılaşdığı əsas məsələlərdən biri, hansı ixtisas qrupunu seçsələr, ali məktəbə daha rahat qəbul oluna biləcəkləri ilə bağlıdır. Bir çox abituriyent var ki, maraqlarını bir kənara qoyub, ali məktəbə daha asan qəbul oluna biləcəkləri ixtisas qrupuna yönəlirlər.
5 ixtisas qrupu üzrə abituriyentlər hansı qruplarda daha rahat qəbul oluna bilərlər?
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər asanlıq baxımından daha çox I və II qrupa üstünlük verirlər:
“Çünki III və IV qrupa qəbul olmaq, abituriyentlər üçün bir qədər çətindir. Hətta subbkalavrlar belə II qrupa daha asan qəbul ola bilirlər. Amma qeyd etməliyik ki, abituriyentlərin “Təki diplomum olsun”, deyərək universitet və ixtisas seçimi etmələri əsla doğru yanaşma deyil.
Çünki həmin şəxslər gələcəkdə iş tapmaqda və özlərinə karyera qurmaqda çox çətinlik çəkəcəklər. Ona görə də kortəbii formada ixtisas qrupunun seçilməsi qəbuledilməzdir”.
Ekspert qeyd edib ki, hər il 70-75 min və daha üzəri abituriyent müsabiqədə iştirak edir. Amma onların içərisində 50-55 nəfəri universitetlərə qəbul oluna bilirlər:
“Sorğu aparsaq görərik ki, onların içərisində təxminən yalnız 5-6 min abituriyent öz ixtisası ilə bağlı biliklərə sahibdir və ya həmin ixtisası seçərkən araşdırma aparıb. Yerdə qalanlar kortəbii formada prosesdən keçiblər. Ona görə də, əlbəttə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır”.
E.Əfəndinin sözlərinə görə bəzən abituriyentlər ixtisas seçimi edərkən istedadlarına önəm vermirlər:
“Burada məqsəd I və II ixtisas qrupunu seçən namizədləri azaltmaq deyil. Biz istəyirik ki, abituriyentlər az bal toplayacağını nəzərə alaraq ixtisas qrupu seçməsinlər. Ola bilər ki, kiminsə tibb istiqamətində potensialı var, lakin I və II qrupda oxuyur. Məqsəd bunun qarşısını almaqdır. Yaxşı olar ki, abituriyentlər mütamadi olaraq konsultasiyada iştirak etsinlər. Bu barədə həm onları, həm də valideynlərini maarifləndirmək lazımdır”.