Azedu.az

İmtahan stressini idarə etməyin sirrləri: Psixoloq ən çox edilən səhvlərdən DANIŞDI

İmtahanlar

Tələbə və şagird

27 Noyabr 2024, 13:59
İmtahan stressini idarə etməyin sirrləri: Psixoloq ən çox edilən səhvlərdən DANIŞDI

Hazırda abituriyentlərin qəbul imtahanlarına hazırlaşma müddətində onlara ən çox müdaxilə valideynlər və müəllimləri tərəfindəndir. Onların psixologiyası bu dönəmdə olduqca həssas olur. Sözsüz ki, kənar müdaxilə və təzyiqlər onların nəticələrinə də təsir edir.

 

İmtahanlara hazırlaşan abituriyentlərdə stress və həyəcanı azaltmaq üçün hansı nüanslara diqqət edilməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən uzman psixoloq Səbinə Bayramova qeyd edib ki, abituriyentlərin motivasiyasını artırmaq üçün müxtəlif proqramlar və seminarlar təşkil edilməlidir:

150001

“Universitet imtahanı yalnızca bilik yarışı deyil, həm də zaman və təşviş yarışıdır. Dünyanın hər yerində təhsilin olduğu reallığını nəzərə alsaq, tez-tez eşidilən şey “imtahan stressi" anlayışıdır. İmtahana hazırlaşan abituriyentlərin daima qarşılaşdıqları bir vəziyyət olan bütün biliklərin unudulması təşvişi və imtahan zamanı yaşanan boşluq hissi psixoloji dəstəklərlə aradan qaldırıla biləcək mövzulardandır. Lakin az da olsa, imtahana hazırlaşan hər abituriyentdə təşvişin olması gözlənilən bir haldır və olmalıdır. Çünki abituriyentlər imtahana qeyri-müəyyənliklərlə girirlər və bu qeyri-müəyyənliklər fərddə təşvişə yol açır. Abituriyentlərə psixoloji baxımdan məktəblərdə düzgün yanaşma, onların həm akademik, həm də emosional uğurunu dəstəkləmək üçün vacibdir. Abituriyentlərə stress idarəetmə texnikalarını öyrədən təlimlər keçirilməlidir”.

 

Psixoloq qeyd edib ki, müəllimlər də öz növbəsində, abituriyentlərin çətinliklərinə və narahatlıqlarına empatiya ilə yanaşmalı, sinifdə müsbət və dəstəkləyici bir atmosfer yaratmalı, hər bir abituriyentin fərdi ehtiyaclarını nəzərə almalı və onlara uyğun tədris planları hazırlamalıdırlar:

 

“Universitetə hazırlıq prosesində fiziki və emosional hazırlıq çox önəmlidir. Bu mərhələdə balanslı bir yanaşma tələb olunur ki, abituriyentlər həm fiziki, həm də emosional olaraq güclü qala bilsinlər. Universitetə qəbul imtahanına hazırlıq prosesində xüsusilə məktəbin son sinifində olan abituriyentlər bir çox məsuliyyəti eyni anda yerinə yetirmək məcburiyyətində qalırlar. Həm məktəb dərslərinin çox olması, kiçik və böyük summativ qiymətləndirmə imtahanlarının olması, həm də universitetə qəbul imtahanlarına hazırlıq mərhələsindəki dərs yükü abituriyentlərdə “panika havası” yarada bilir. İmtahana hazırlaşma prosesində abituriyentlərin və ailələrin diqqət edəcəyi bir çox vacib məqam var: 1. İmtahan stressi ilə bağlı məlumatlı olun və lazım gəldikdə mütəxəssisdən yardım alın. Mənfi imtahan stressini, imtahan öncəsində öyrənilən biliklərin imtahan zamanı istifadəsinə mane olan və müvəffəqiyyətin azalmasına səbəb olan yüksək stress vəziyyəti kimi görə bilərik”.

 

Müsahibimiz vurğulayıb ki, abituriyentdə gərginlik, qəzəb, asanlıqla ağlama, özünə inamın azalması və narahatlıq kimi emosiyalar sınaq imtahanları zamanı intensiv olaraq üzə çıxırsa, deməli, imtahan stressi üzərində yardım almaq vaxtıdır.

 

S.Bayramova imtahan ərəfəsi abituriyentlərin etməməli olduqları nüansları diqqətə çatdırıb:

 

“Daha sonra yuxu və səhər yeməyi saatlarınızı sabitləyin. İmtahana hazırlıq prosesində yuxu və qidalanma rejimi pozula bilər. Məsələn, hər gün fərqli saatda yatıb-qalxan bir abituriyent imtahan gecəsi yatmaqda çətinlik çəkər, səhər də eyni şəkildə yuxusuzluq yaşayar və bu yuxu problemi imtahandakı diqqətinə birbaşa təsir edər.  Yenə hər gün fərqli saatda səhər yeməyi yeyən bir abituriyent imtahan səhəri daha erkən səhər yeməyi yedikdə imtahan anında mədə problemi yaşaya bilər. Bu da abituriyentin performansına və diqqətinə birbaşa mənfi təsir edir.

 

Abituriyentlərə tövsiyəmiz odur ki, imtahana bir həftə qalmış dərs oxumasınlar. İmtahana az bir müddət qalmışkən, xüsusilə gecələri oyaq qalaraq çalışmaqları həm beynini, həm də bədəni yorar. Bu səbəbdən yeni mövzular öyrənməyə çalışmasınlar. Həftə ərzində həll etdikləri sınaq testləri onlara lazımi xatırlatmaları edəcəkdir.

 

İmtahan öncəsi fiziki fəaliyyətlərə diqqət yetirmələri məqsədəuyğundur. Onları yormayacaq şəkildə idman yürüşləri və bir neçə fiziki fəaliyyət, zehni olaraq rahatlaşdıracaq, stress səviyyələrini tənzimləməyə kömək edəcəkdir. İmtahan üçün müsbət düşüncələr inkişaf etdirmək, rahatlama və düzgün nəfəs alıb-vermə texnikaları da imtahan stressini orta səviyyəyə gətirməyə kömək edir”.

 

Psixoloq valideyinlərə də tövsiyələr verib:

 

“Ailələrə tövsiyələr universitetə hazırlıq uzun bir marafon olduğundan, abituriyentlər tez-tez pessimizm yaşayırlar. Məhz bu nöqtədə övladlarınızın yanında olduğunuzu hiss etdirməlisiniz.

 

Övladlarınızı rahatlatmağa çalışarkən stressini artıra da bilərsiniz. Məsələn, "Əminəm, edəcəksən","Sən ağıllısan" kimi cümlələr hər nə qədər dəstəkləyici və müsbət görünsə də, övladınızın stressini artıra bilər və "Yaxşı nəticə göstərməliyəm, çünki mənə güvənirlər",- kimi bir nəticə çıxara bilər.

 

“Bunun yerinə, çətin bir proses olduğunu deyib dəstək olmaq və yanlarında olduğunuzu hiss etdirmək, "Az qalıb, gözəl bir tətil səni gözləyir",- kimi motivasiyalı cümlələrlə yanaşmaq daha sağlam olacaqdır. Unutmayaq, sizin stressiniz onlara da təsir edir. Bu səbəbdən, əvvəlcə imtahan anlayışına öz münasibətinizi dəyişdirmək həm özünüz, həm də övladınız üçün vacibdir. İmtahan, yeniyetmələrin həyat yolunda atacaqları addımlardan yalnız biridir. Bu imtahanda çox yaxşı olsalar belə, atmalı olduqları bir çox addımlar var. Buna görə bəli, yaxşı bir nəticə digər addımları asanlaşdırar, lakin nəticə yaxşı olmazsa, bu vəziyyət yalnız növbəti addımını çətinləşdirər amma həyatı tamamilə dəyişdirməz. Bunun, bəli, yön verən amma həyatı müəyyən etməyən bir imtahan olduğunu özünüzə xatırlatmanız lazımdır”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox