"Dövlət İmtahan Mərkəzi illərlə formalaşmış təcrübəyə sahibdir və şəffaflıq prinsiplərinə ciddi şəkildə əməl edən qurumlardan biridir".
Bu fikirləri Sosial Tətqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri AzEdu.az-a açıqlamasında bildirib:
“Son vaxtlar Dövlət İmtahan Mərkəzi (DİM) ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr aparılır, çoxlu iradlar səsləndirilir. Əlbəttə, biz nə Dövlət İmtahan Mərkəzinin, nə də hər hansı başqa qurumun nümayəndəsi və ya mövqeyinin müdafiəçisi deyilik. Sadəcə olaraq, bəzi hallarda sosial şəbəkələrdə obyektivliyin pozulduğunun şahidi oluruq. Etiraf etməliyik ki, Dövlət İmtahan Mərkəzi artıq uzun illərdir ki, böyük təcrübəyə malik bir qurum kimi fəaliyyət göstərir. Xüsusilə də şəffaflıq, təhlükəsizlik və nəzarət mexanizmi baxımından müsbət nümunələrlə fərqlənir.
Təbii ki, müəyyən insanlar imtahanlarla bağlı məsələlərə dair narazılıq bildirə bilər. Biz özümüz də media və sosial şəbəkələr vasitəsilə müxtəlif detallarla bağlı narazılıqlarımızı zaman-zaman səsləndirmişik. Elə son imtahanlarda bəzi sualların yanlış tərtib olunması məsələsini də qeyd etmişik. Amma buna görə bütövlükdə DİM-ə qarşı kütləvi hücum kampaniyasına çevrilməsi yanlışdır. DİM illərlə formalaşmış təcrübəyə sahibdir və şəffaflıq prinsiplərinə ciddi şəkildə əməl edən qurumlardan biridir. Təsadüfi deyil ki, bu il də Niderlandda fəaliyyət göstərən beynəlxalq qiymətləndirmə şirkəti tərəfindən rəsmi sertifikata layiq görülüb. Həmin beynəlxalq qurum DİM-in fəaliyyətini aylarla təhlil edib, monitorinqlər aparıb və nəticə etibarilə bu sertifikatı təqdim edib. Narazılıqlar bildirilərkən, eyni zamanda görülən müsbət işlər də unudulmamalıdır".
Ekspert zal nəzarətçiləriylə bağlı məsələyə də toxunub:
“DİM-in fəaliyyət prinsiplərindən biri də nəzarətçilərlə bağlıdır. Məlumdur ki, eyni anda yüzlərlə imtahan zalında imtahanlar keçirilir və burada fərdi hallarda kimlərinsə qeyri-şəffaflığa yol verməsi mümkündür. Amma bu cür fərdi hallar ümumiləşdirilərək DİM-in fəaliyyətinə kölgə salmamalıdır. Fikrimcə, DİM-in nəzarət mexanizmi kifayət qədər güclüdür. Hətta o qədər güclüdür ki, pərdəarxası, görünməyən tələblər və sistemlər mövcuddur. Bu sistemlər ən incə detalların belə müəyyən olunmasına şərait yaradır. Məsələn, eyni imtahan daxilində cavablandırmaların bir-birinə oxşarlıq faizi müəyyən bir həddi keçərsə, həmin zalın nəticələri avtomatik şəkildə yenidən yoxlanılır.
Təəssüf ki, biz bu proseslərin çoxunu görmürük. Çünki bunlar daxili prosedurlar əsasında, ictimaiyyətə açıq olmayan şəkildə həyata keçirilir. Nəzarətçilərə qoyulan tələblər, onların yoxlanılması və seçimi çox ciddi meyarlarla aparılır. İnsan amili var və təbii ki, hansısa pozuntu halları mümkündür. Amma bu, sistemin özünün zəif olduğu anlamına gəlmir.
Zal nəzarətçiləri DİM tərəfindən müəyyən seçim mərhələsindən və təlimlərdən keçdikdən sonra sistemə daxil edilirlər. Onlar ərazi inzibati vahidlərinə, məktəblərə və imtahan keçiriləcək digər obyektlərə uyğun şəkildə bölüşdürülürlər. Həmin şəxslər öz yerlərini qorumaq üçün sistem içərisində çox ciddi məsuliyyətlə işləyirlər. Bəzi imtahan iştirakçılarından eşitmişəm ki, zal nəzarətçiləri çox həssas və məsuliyyətli yanaşırlar. Elə hallar olub ki, nəzarətçi imtahan iştirakçısına suallardan kənar bir mövzuda belə kömək edə bilməyəcəyini açıq şəkildə bildirib və bu davranışın onun işdən uzaqlaşdırılmasına səbəb ola biləcəyini vurğulayıb. Bu, göstərir ki, sistemin içində olanlar məsuliyyətlərini anlayır və ciddi yanaşırlar. Bəli, hər deyilənə inanmaq düzgün deyil. Hər şey tənqid edildiyi qədər bərbad da deyil. DİM-in nəzarət mexanizmi güclüdür və bu sistemdə olan zal nəzarətçiləri yerlərini qorumaq üçün mübarizə aparırlar. Əgər kimsə şəffaflığa zidd hərəkət edirsə, həmin şəxs dərhal sistemdən çıxarılır və bir daha nəzarətçi kimi təyinat almaq şansı olmur. Əgər şəffaf şəkildə fəaliyyət göstərən bu şəxslərlə danışsanız, oradakı sistemin nə qədər çətin və məsuliyyətli olduğunu öz dillərindən eşidərsiniz”.
Bundan əlavə, DİM-in Elektron İmtahan Mərkəzinin də fəaliyyətini qeyd edən ekspert burada yoxlanış və digər texniki nəzarətin çox yüksək səviyyədə aparıldığını bildirib.