Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış, kollec və ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan şagird və abituriyentlərə dəstək məqsədilə sınaq imtahanı “Sual kitabçaları” dərc olunub.
AzEdu.az xəbər verir ki, “Sual kitabçası”ndakı tapşırıqlar tədris ilinin yanvar ayınadək olan hissəsini əhatə edir və Azərbaycan dilində hazırlanıb.
Kitabçada buraxılış imtahanları modelinə uyğun olaraq 3 fənn üzrə 85 test tapşırığı (English - 30, Azərbaycan dili - 30, Riyaziyyat - 25 test tapşırığı) verilib.
Sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş “Cavab kartı” yerləşdirilib.
Kitabçanı əldə edənlər “Cavab kartı”ndakı “QR” kodu mobil telefon vasitəsilə oxutmaqla otk.az portalında kitabçanın onlayn imtahan versiyasına ÖDƏNİŞSİZ keçid edib tapşırıqların cavablarını daxil etməklə nəticəni (toplanılan balı) öyrənə bilərlər.
Kitabçanı əldə edə bilməyənlər otk.az portalında kitabçanın onlayn imtahan versiyasına da yazıla bilərlər.
Bu kitabça vasitəsilə:
- MÜƏLLİMLƏR kitabça və ya kitabçanın onlayn versiyası ilə buraxılış imtahanı fənləri üzrə şagirdlərin biliklərini yoxlaya bilərlər;
- VALİDEYNLƏR kitabça və ya kitabçanın onlayn versiyası vasitəsilə övladlarının ev şəraitində buraxılış imtahanına hazırlıq səviyyələrini yoxlaya bilərlər;
- ŞAGİRDLƏR kitabçada yazılı və ya bu kitabçanın onlayn versiyası ilə imtahan verərək buraxılış imtahanına hazırlıq səviyyələrini yoxlaya bilərlər.
“Sual kitabçaları”nı (№1) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür. Nəzərinizə çatdırırıq ki, yalnız orijinal sual kitabçalarından istifadə etdikdə kitabçanın onlayn versiyasına daxil olmaq və sual kitabçası üzrə nəticəni əldə etmək mümkündür.
Kitabçaların qiyməti 5 manatdır.