Xəbər verdiyimiz kimi, ötən günlərdə “Azərbaycan müəllimi” ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2023" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib.
Ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar toplaşaraq Şuşaya- Mədəniyyət paytaxtımıza yola düşüblər. “İlin gənc müəllimləri” burada Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə diplomla təltif olunublar.
"İlin gənc müəllimi" müsabiqənin 2022-ci il qalibi, İsmayıllı rayonunun Talıstan kənd tam orta məktəbin müəllimi Orxan Əhmədov AzEdu.az-a təəssüratlarını bölüşüb:
"Şəhid qanı axan torpaq
Ayaq altda olmaz tapdaq!
Bəli, şəhidlərimizin qanı bahasına alınan o torpaqlar bizim qürur mənbəyimizdir!
Bu yaxınlarda AzEdu.az layihəsi çərçivəsində məndə "İlin gənc müəllim"ləri ilə birlikdə gözəl Şuşaya qədəm qoydum. Yolboyu heç zaman görmədiyim, yalnız mavi ekranlarda gözəlliyinə, füsünkarlığına heyran qaldığım Xocalıya, Xankəndinə və Şuşaya çatacağımız anı səbirsizliklə gözləyirdim. Amma çox təssüfki, yolboyu dağıdılan evləri, tarixi abidələri, erməni terrorunun ürəkdağlayan görüntülərini görəndə mən çox kədərləndim.Sən demə hər şey mavi ekranlarda gördüyümüzdən daha dəhşətli imiş.
Ağdam şəhəri deyildiyi kimi "Ruhlar şəhərin" xatırladırdı. Şəhər həqiqətən yer üzündən silinmişdir. Dağılan evlər, qırılan ağaclar, məhv edilən abidələr erməni vəhşiliyinin sübutudur. Yolboyu ətrafı izlədilcə müharibənin acı xatirələri insanın gözünün önünə gəlir. Hər bir qarış torpağın çətinliklə azad olunması, bizim igidlərimizin canı, qanı bahasına başa gəlib. Bugün biz müəllimlər işğaldan azad olunmuş ərazilərə gəlib, buranın gözəlliyin seyr ediriksə, burda İlin gənc müəllim müsabiqəsinin təltif olunması tədbrini keçiririksə ilk öncə şəhidlərimizə borcluyuq.
Şuşanı seyr etdikcə, Şanlı ordumuzun dünyanı heyrətləndirən döyüş meydanında addımladıqca qəlbim fərəhlə çırpındı və 44 günlük Vətən müharibəsi pərdə-pərdə gözümün önündə canlandı. Bu sıldırım qayaları aşıb düşməni əlbəyaxa döyüşlərdə əzən igid əsgərlərimizin şücaətini bir daha təsəvvür etdim. Bəli, Şuşada olduğum andan etibarən mən bir daha böyük qələbənin sehrinə düşdüm. Artıq düşmən yoxdur. Qovduq onları torpağımızdan! Artıq hər yerdə quruculuq işləri gedir. Mənfur düşmənin məmləkətimizə vurduğu yaralar sağalır.
Artıq Azərbaycan Qarabağına qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Allah bu yolda öz qanından, canından keçərək bizlərə bu sevinci yaşamağı nəsib edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı, uzun ömür nəsib etsin. Bu gün biz məhz onların sayəsində bu şanlı qələbədən qürurla bəhs edir, şagirdlərimizə torpaqlarımızın işğal tarixlərini deyil, işğaldan azad olunma tarixlərini öyrədirik.
Bir tarix müəllimi olaraq bu mövzuları tədris edərkən çox qürur hissi yaşayıram. Çirkin xislətli düşməndən təmizlənən torpaqlarımızın gündən-günə gözəlləşdiyinin şahidi oluram. Vətən həsrəti ilə gözləri qovan, kədəri közə dönmüş gözlər indi sevinir. Bu bizim xoşbəxt sonsuzluğumuzdur. Dünyaya səs salan bir zəfərin şahidiyəm. Zəfərin memarı Ali Baş Komandanımız, Güclü Ordumuz hər damla qanlarıyla Böyük Zəfərə imza atan Şəhidlərimiz, qazilərimizdir! Bu Böyük Zəfərin Zirvəsi isə Şuşadır".