Azedu.az

Sertifikasiya müəllimləri yoxlamağa yetmir - Praktiki biliklər...

Bağçalar

12 Avqust 2025, 11:32
Sertifikasiya müəllimləri yoxlamağa yetmir - Praktiki biliklər...

2026-cı ildən etibarən məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma prosesinə cəlb olunacağı planlaşdırılır.

Bu addımın məqsədi pedaqoji kadrların bilik və bacarıqlarını qiymətləndirmək, tədris keyfiyyətini artırmaqdır. Bəs məktəb müəllimlərində olduğu kimi maaş artımı burda da gözlənilirmi?

Bu barədə AzEdu.az-a danışan məktəbəqədər ekspert Xalidə Musayeva bildirib ki, təhsil pillələri arasında ən az maaş alanlar məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllimlərdir.

İşə yeni başlayanlarda maaş minimum həddədir. Sonrakı mərhələlərdə isə iş stajına və müxtəlif adlara görə müəyyən qədər artım olur

"Bu baxımdan, maaş artımı özü-özlüyündə müəyyən motivasiya yaradır. Necə ki, məktəb müəllimlərinin maaşında artım olduqdan sonra müəyyən rəqabət mühiti formalaşdı, müəllimlər bu prosesə qoşulmaq və hazırlaşmaq üçün addımlar atmağa başladılar. Hazırlıq zamanı köhnə materialların yenidən nəzərdən keçirilməsi, yeni biliklərin öyrənilməsi, köhnə biliklərin təzələnməsi baş verdi. Lakin təəssüf ki, bu proses əsasən bilik artımı ilə məhdudlaşdı, praktik bacarıqlar isə yalnız formal səviyyədə inkişaf etdi".

Əsas məsələ praktiki inkişafdır

"Yəni, sual-cavab bilgiləri artsa da, onların tətbiqi ilə bağlı məsələlər çox zəif qaldı. Hal-hazırda sertifikatlaşdırmanın dəqiq vaxtı bəlli olmasa da, bağça müəllimləri illərdir buna hazırlaşır, kurslara yazılır, müxtəlif müəllimlərlə çalışırlar. Ancaq bütün bu hazırlığa baxmayaraq, tədris prosesində nəzərəçarpacaq dəyişiklik müşahidə olunmur. Bu isə göstərir ki, biliklərin çoxalması, praktik bacarıqların mütləq inkişafı demək deyil.

Müəllimlər kurslara qoşulsa, imtahana hazırlaşsa, hətta sertifikatlaşmadan sonra maaşlarının 35% və ya 10% artımını gözləsələr belə, əgər tədris prosesində bacarıq yönümlü yanaşma inkişaf etmirsə, nəticə dəyişmir. Çünki hələ də kurikulumlardan effektiv istifadə olunmur, dərs prosesi standartlar əsasında təşkil edilmir. Müəllimlər tez-tez dərs planlarını haradansa köçürür, yalnız az bir qismi planı özləri tərtib edir. Lakin bu planların sinifdə reallaşdırılması, standart tələblərinə uyğun olub-olmaması, uşaq yönümlülük prinsiplərinin tətbiqi ciddi sual doğurur".

Nəticənin eyni qalmasını istəmiriksə...

"Əgər biz müəllimləri sertifikasiyaya cəlb ediriksə, maaş artımı vəd ediriksə, onların yalnız biliklərini artırmaqla kifayətlənməməli, paralel olaraq sinifdəki bacarıqlarının inkişafına da nail olmalıyıq. Müəllim öyrəndiklərini məcburi şəkildə tətbiq etməyə təşviq edilməli, fəaliyyət planları elə qurulmalıdır ki, istəsələr də, istəməsələr də yeni metodları dərsdə işlətsinlər.

Bəli, sertifikasiya müəllimlərin bilik səviyyəsini imtahan öncəsi artıracaq, rəqabəti gücləndirəcək. Amma əsas məsələ odur ki, sertifikasiyadan sonra siniflərə daxil olub baxaq: dərs keçmə metodikasında dəyişiklik varmı? Yoxdursa, deməli, keyfiyyət artımına nail olunmayıb. Əgər sinifdə tədris eyni qalırsa, uşaqların aldığı təhsilin keyfiyyəti də dəyişmir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox