Azedu.az

...magistr dərəcəsi olmayan şəxs bağçada işləyə bilməz

Bağçalar

17 İyun 2025, 16:37
...magistr dərəcəsi olmayan şəxs bağçada işləyə bilməz

"Hər evində uşaq böyüdən bağça müəllimi olmamalıdır".

Bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində  məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva səsləndirib:

"Hazırda ölkədə 11.500 tərbiyəçi-müəllimdən 5.800 nəfəri qeyri-ixtisasçıdır. Hətta bu müəllimlərin 700-nün ümumiyyətlə diplomu yoxdur. Bu, olduqca acınacaqlı statistikadır. Əgər bir şəxs məktəbəqədər təhsil üzrə ixtisaslaşmayıbsa, uşaq psixologiyasını, fiziologiyasını, yaş xüsusiyyətlərini necə dərk edə bilər? Bəziləri deyir ki, “evimdə uşaq böyütmüşəm, bağçada da uşağa baxaram”. Amma bu, belə olmur. Məsələn, mən Azərbaycan dilində yaxşı danışıram deyə, müəllim ola bilərəmmi?

Bu sahədə hər kəsin öz ixtisası olmalıdır. Məsələn, Finlandiya təcrübəsində magistr dərəcəsi olmayan şəxs bağçada işləyə bilməz. Çünki məktəbəqədər dövr uşağın həyatda qazanacağı bacarıqların 70%-nin formalaşdığı dövrdür. Bu mərhələni ciddi şəkildə təşkil etməliyik. Yalnız evdə uşaq böyütmüş olmaqla tərbiyəçi-müəllim işləmək olmaz".

ADPU-nun məktəbəqədər təhsil ixtisasında dərs deyən müəllim fikirlərini pedoqoji təcrübəsinə əsaslanaraq davam etdirib: "Bizim tələbələrimiz dörd ildən sonra çox zaman ya magistraturaya yönəlir, ya da ixtisas dəyişərək bu sahədən uzaqlaşır. Çünki bu peşənin məsuliyyətini dərk edəndə onun ağırlığını hiss edirlər.

Bizdə dərslər uşağın anatomiyası, pediatriyası, gigiyenası, fiziologiyası, təhsili və tərbiyəsi kimi sahələri əhatə edir. Bu fənlər digər ixtisaslarda ümumiyyətlə tədris olunmur.

Bəzən qeyri-ixtisaslı müəllimlər düşünürlər ki, bağçada iki uşağa A-dan Z-yə qədər hərfləri təkrarlamaqla bu iş bitir. Halbuki bağçada biz uşağı həyata hazırlayırıq. Həyata hazırlamaq isə dərs keçməkdən qat-qat çətin və məsuliyyətlidir. Vətənpərvərlik kimi anlayışlar, emosional bağlar məhz bu yaş dövründə formalaşır. Əgər bu mərhələdə uşaq vətənin nə olduğunu anlamırsa, sonradan bunu ona başa salmaq çətin olacaq".

 

ƏTRAFLI:

 

 

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox